ABŞ Prezident Administrasiyası: "Azərbaycan sülh, əmin-amanlıq və tolerantlıq adası kimi diqqət çəkir"

11:01 - 21 Oktyabr 2016 - SİYASƏT

Azərbaycanının müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ilə ABŞ-ın Los Anceles şəhərində təntənəli ziyafət keçirilib. Bu barədə “Report”a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən zyafətdə ABŞ Prezidenti Administrasiyasının təmsilçisi, ABŞ Dövlət Departamentinin əməkdaşları, Kaliforniya ştat qanunvericilərinin nümayəndələri, Los Anceles şəhər və vilayətinin əməkdaşları, xarici dövlətlərin Los Ancelesdəki baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi, Koreya, Vyetnam və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin səsləndirilməsilə başlayıb. Daha sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. Azərbaycanın qədim dövlətçilik ənənələrindən söz açan diplomat, 25 il öncə müstəqilliyinin bərpasından sonra yeni respublikanın ağır siyasi-iqtisadi durumla üzləşdiyini, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın xilasının mümkün olduğunu diqqətə çatıdırıb.

Ulu Öndərin qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olduğunu, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək, Azərbaycanın müasir inkişafının və tərəqqisinin təməlini qoyduğunu qeyd edən baş konsul, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycanın sürətlə çağdaşlaşan, sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrildiyini bildirib.

Sonra çıxış üçün söz ABŞ Prezidenti Administrasiyasının Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Canna Skota verilib. Prezident B.Obama təfərindən bu vəzifəyə 2009-cu ildə təyin olunmuş və ABŞ-da etiqadlararası dialoq və əməkdaşlıq məsələlərində xüsusi rol oynayan C.Skot qeyd edib ki, bu gün dünyanın müxtəlif bölgələrində dini zəmində baş verən qanlı toqquşmalar fonunda, yerləşdiyi çətin regionda Azərbaycan sülh, əmin-amanlıq və tolerantlıq adası kimi diqqət çəkir. O, bu il keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini, səfər müddətində Azərbaycanda yaradılmış etiqadlararası tolerantlıq, anlaşma və multikulturalizm mühiti ilə yaxından tanış olmaq imkanı əldə etdiyini bildirib. C.Skot Azərbaycanda dinlərarası münasibətlərin dözümlülükdən də üstün səviyyəyə qalxaraq, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulayıb.

Daha sonra Los Anceles və Orinc vilayətləri adından təbrik bəyannamələri təqdim olunub. Çıxışlardan sonra tədbir, Azərbaycan musiqisinin ölməz əsərlərinin canlı ifası ilə davam edib. Tədbir Azərbaycan milli mətbəxindən müxtəlif yeməklərin də daxil olduğu ziyafətlə başa çatıb.


Xəbər xətti