2018-ci ildə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı “Qalaaltı”da keçiriləcək

12:50 - 20 Oktyabr 2016 - Mədəniyyət

19-20 oktyabr 2016-cı il tarixində İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) Baş Assambleyasında “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ucnoqta.az-a verilən məlumata görə, tədbirin gündəliyində öz əksini tapmış bir neçə məsələlərdən biri də 2018-ci ildə Assosiasiyanın Baş Konfransının Azərbaycan, Fransa və Yunanıstan olmaqla 3 ölkədən birində keçirilməsinin səsə qoyulması olmuşdur. Azərbaycan üzrə koordinator Günel Aslanova tərəfindən “Qalaaltı” müalicə istirahət kompleksinin təqdimatı keçirilmiş, qonaqlara bu kompleksin müalicə və termal suyunun əhəmiyyəti haqqında məlumatlar verilib

Çıxışında Azərbaycanın bu təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirmişdir.
Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq qalib olmuş və bu ali tədbirin 2018-ci ilin may ayında məhz “Qalaaltı” kurort mərkəzində keçirilməsi qərara alınmışdır. Bildiririk ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilmişdir. 
Həmçinin konfransda, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun təqdimatı keçirilmişdir ki, bu nəşrin xəritəsinə artıq ölkəmiz də əlavə olunmuş, Azərbaycanın termal bölgəsi olan Qalaaltı kurort mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapmışdır. EHTTA tərəfindən bu kataloqun noyabr ayında Londonda keçiriləcək “WTM 2016” beynəlxalq turizm sərgisində paylanılması nəzərdə tutulmuşdur. Kataloqun elektron versiyası ilə qeyd olunan link vasitəsilə tanış olmaq mümkündür: (http://www.ehtta.eu/images/stories/EHTTA_Brochure_2016.pdf)
Qeyd edək ki, Qalaaltı kurort mərkəzinin üzv olduğu bu marşrutun Türkiyənin Bursa və Çexiyanın Karlovı Varı şəhərində təqdimatları keçirilmişdir. 
Məlumat üçün bildiririk ki, bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.

Xəbər xətti