IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

18:00 - 17 Oktyabr 2016 - Mədəniyyət

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli 1673 nömrəli Sərəncamı ilə bu il respublikamızda “Multikulturalizm ili” elan edilmişdir. Sərəncamın, habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 7-8 noyabr 2016-cı il tarixində “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcəkdir. Konfransın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqıdır.
Artıq dörcüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən – Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna,  Avstriya, Birləşmiş Ərəb Əmirlikləryi, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, Fransa, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri Lanka, Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edəcəklər. Konfransda BTİ (Beynəlxalq Teatr İnstitutu), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunacaqdır.
Konfrans iştirakçıları arasında Litva Parlamentinin təhsil, elm və mədəniyyət komitəsinin sədri Raymondas Palyukas, Novosibirsk vilayətinin mədəniyyət naziri İqor Reşetnikov, BTİ-nin prezidenti Məhəmməd Əlafkham, BTİ-nin baş katibi Əli Mahdi, İFTR prezidenti Cin Qrehem-Cons (ABŞ), Musiqili Teatrlar Beynəlxalq Assosiasiyasının icraçı direktoru Nataliya Zıkova (Rusiya), BTİ-nin Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Assiri (Səudiyyə  Ərəbistanı), İFTR idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspaniya), ASSİTEJ-in İsrail Milli Mərkəzinin prezidenti Razi Amitai, “Pikkolo” Teatrının bədii rəhbəri Sercio Eskobar (İtaliya), Batumi İncəsənət Universitetinin rektoru Ermile Mesxiya (Gürcüstan), Kəlküttə Universitetinin professoru Priyanka Çaterci (Hindistan), “Trinistra” Dövlət konsert və nəfəs alətləri orkestrinin rəhbəri Deyvidas Stoponkus (Litva), Perm şəhəri “U mosta” Dram Teatrının bədii rəhbəri Seyqey Fedotov (Rusiya), “Tənqidi səhnələr” jurnalının baş redaktoru Savas Patsalides (Yunanıstan), Vyetnam teatrı üzrə ekspert Şuntaro Yoşida (Yaponiya) və başqaları vardır.
Noyabr ayının 4-də saat 12:00-da Azərbaycan Dövlət Musiqili Teatrında mətbuat konfransı keçiriləcəkdir. Noyabrın 6-da saat 12:00-da Azərbaycan Milli Kitabxanasında misirli alim Abdel Rahman Al Xamissinin ərəb dilinə tərcümə  etdiyi “İrəvan xanlığı” (müəllif Y.Mahmudov) kitabının təqdimat mərasimi təşkil ediləcəkdir.
6 və 9 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında  “Karri Marqolis metodu” (Boris Daussa Pastorun seminarı), Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünaslardan nə gözləyir” (Pavel Rudnevin seminarı), “Müasir teatrda idarəetmə” (Andrey Sidelnikovun treninqi), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” (Devid Pərrişin seminarı) mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların milli mərkəz üzvləri ilə görüşlər keçiriləcəkdir.

Konfrans iştirakçıları üçün noyabr ayının 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” tamaşası nümayiş olunacaqdır.

Xəbər xətti