Ərməniyyənin əsas əhalisi türk mənşəli subarlar idi

18:11 - 17 Oktyabr 2016 - KİVDF

 “Qışı türklər…Tiflislə Bərdə arasında keçirirlər… Yazda isə onlar Somxet  və Ararat (Ağrı) dağlarına qalxırlar"

Ərməniyyə, Azərbaycan və Aranda eyni dildə danışıldığı barədə Əl – İstəhrinin dediklərini tanınmış türkiyəli alim Fuad Köprülünün sözləri də təsdiqləyir. Bu böyük alim tarixi Ərməniyyənin vaxtilə yerləşdiyi Şərqi Anadolunun şivəsi barədə yazmışdır: “… Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər, Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azərbaycan dili şivələri işlənir. 
Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən bir gürcü mənbəsində isə bunlar yazılmışdır: “Qışı türklər…Tiflislə Bərdə arasında keçirirlər… Yazda isə onlar Somxet  və Ararat (Ağrı) dağlarına qalxırlar”. Görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu isə uzunmüddətli araşdrmalardan sonra belə bir nəticəyə gəlmişdir ki, “ərmən” (armen, ermən) etnonimi indiki ermənilərə, yəni haylara şamil edilməmişdən öncə bu adı Ərməniyyənin əsas əhalisi olan türk mənşəli subarlar daşımışlar. O bu barədə “Azər xalqı” kitabında ətraflı məlumat verməkdədir. Artaşesin sözügedən sərhəd daşlarının Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə Ərməniyyənin tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul olduğunu Strabon da təsdiqləməkdədir. Artaşesin oğlu Tiqranın dövründə isə işğal edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə qısa dövrü əhatə etmişdi. Artaşesin “məlik” titulu daşımış olması sübut edir ki, o da, oğlu Tiqran da, heç də erməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik, yəni Parfiyanın vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş “Qədim dünya tarixi” kitabında yazılanlardan da açıq-aydın görünməkdədir: “Bu cür “çar”ların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu. Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə Atropaten ərazilərindən Parfiyaya “70 dərə” verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi. E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu.”
Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya)şivəsi həm Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin, o cümlədən Ərməniyyənin  rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami əlifbasından istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yazılmışdır. Sonrakı əsrlərdə fars – Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər. Məlumat üçün bildirək ki, e.ə lV əsrin sonlarında bugünkü Türkmənistan ərazisində müstəqil Parfiya (Bardıq, Partı) dövləti yaranmışdı. Bu dövləti quranlar vaxtilə Alp Ər Tonqa tərəfindən Azərbaycan ərazisindən köçə zorlanan və uzun müddət sərgərdan həyat keçirdikdən sonra bugünkü Türkmənistandakı soydaşlarının himayəsinə sığınan saklar idilər. Onlara “pard” (türkcə “bardıq”, yəni sərgərdan, avara, qaçqın) deyirdilər. Məskunlaşdıqları ölkə də bu addan yaranmışdı – Bardıq (Partı, Parfiya, qaçqınlar ölkəsi). Yunanlar onu Partiya adlandırsalar da, bu ad rus elmi ədəbiyyatına, eləcə də rus ədəbiyyatı vasitəsi ilə Azərbaycan elmi ədəbiyyatına “Parfiya” kimi düşmüşdür və biz də, yanlış olmasına rəğmn, bu formanı işlətməyi lazım bildik. Sakları ümumiləşdirici adla iskit adlandıran Pompey Troq yazmışdır: “…Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Şərq üzərində hökmranlıq edən partlar (parfiyalılar) iskit qaçqınlarının törəmələridirlər. Bu, onların adından da məlumdur, çünki iskit dilində pardı (bardıq) sözü qaçqınları bildirir.”
Tarixçi Bəxtiyar Tuncay yazır: "Başlarında, Strabonun yazdığına görə, oğuzların baranlu (parn) boyundan olan Arsakın nəsli dururdu və bu şah nəsli elə onun adı ilə də Arsaklar adlanırdı. Arsak ana tərəfdən makedoniyalıların hakimiyyəti dövründə Parfiyaya (Bardıq, Partı) təyin edilən əslən fars – Əhəməni soyundan olan hakimlər sülaləsi ilə qohum idi. Bu üzdən də Arsaklar özlərini siyasi məqsədlərlə Əhəmənilərin varisi kimi qələmə verirdilər. Məqsəd isə keçmiş Əhəməni imperatorluğunun bütün keçmiş ərazisinə hakim olmaq idi. Onlar buna çox qısa bir zamanda nail ola bildilər və Böyük Parfiya imperatorluğu qura bildilər. Arsaklar türk olsalar və türkcə danışsalar da, fars kültürünün güclü təsirinə məruz qalmışdılar və hətta fars adları daşıyırdılar. Saklar tez bir zamanda Parfiya, Midiya və Ərməniyyədə hakim duruma gələn bu sülaləyə çox bağlı və sadiq idilər. Sonralar isə onlar bütün indiki İran, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistanı, eləcə də İraqın Fəratdan şərqdəki hissəsini əhatə edən böyük imperatorluğa çevrildilər və Həmədanı (Ögbatanı) özlərinə paytaxt etdilər. Çox keçmədi ki,  massagetlərin, ardınca albanlarn da başına bu sülalənin nümayəndələri keçdilər. Arsaqların bir qolu da Ərməniyyə məliyi oldu.
Arsaklar sülaləsindən bir şahzadə olan peyğəmbər, filsof, rəssam və şair Maninin (lll əsr) dövrümüzədək gəlib çatmış şerlərinin dili bu qədim sülalənin danışdığı dil və ləhcə barədə tam bir təsəvvür yaradır:
“Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!
Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!
Turunqlar, kamağ bəglər, kadaşlar,
Tanq Tenqriq ögəlim!
 ………………………………………………………
Körünüqmə Kün Tünqri,siz bizi küzədinq!
Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!…”
Baranluların bir qismi əski Urartu ərazisində yaşayırdılar. Onların yaşadıqları Daru – Baran (Van gölündən cənubdakı torpaqlar) ölkəsi Otena, yəni udinlər ölkəsi (Araz çayının qərb sahili. Udinlər sonrakı əsrlərdə Azərbaycan ərazisinə köçmüşlər və bu günə qədər Oğuz – Qəbələ ərazisində yaşayırlar) ilə birlikdə Urartunun iki əsas əyalətindən biri idi. Fars hakimiyyəti illərində sözügedən ərazinin adı “Harmana” (Armeniya və Ərməniyyə sözləri buradandır) kimi dəyişdirilmişdi. “Urartu” qədim Elam dilində “Dağlıq ölkə” demək idi. Farslar bu adı eyni mənanı verən fars sözü ilə əvəz etdilər və beləcə, Urartu “Harmana” oldu. Yunanlar isə həmin sözü Armeniya kimi tələffüz etdiklərindən ölkənin adı daha çox Armeniya, ərəblərdən sonra isə Ərməniyyə kimi tanınmağa başlamışdı. Söhbət Şərqi Anadolunun Van gölü ətrafındakı ərazilərdən, başqa sözlə, qədim Urartu ərazisindən gedir. Saklar Azərbaycanın şimalından məhz həmin əraziyə qovulmuşdular. Oralar isə o dövrdə madayların əlində idi. Maday hökmdarı Kööskara (Kiaksar, Keyxosrov) onlardan olan, erməni mənbələrində Skaordi oğlu Paruyr, yəni Sakoğlunun oğlu Paruyr (Börküyaruq?) adlandırılan bir zadəganı həmin ərazilərin hakimi təyin etmişdi. Onun nəsli öncə madaylara, sonra farslara, daha sonra isə makedoniyalılara tabe olmuş və ölkə üzərində hakimiyyətlərini qoruya bilmişdilər.Adı çəkilən dövlətlərdən Parfiya dövləti tez bir zamanda çox böyük güc və qüdrət sahibinə çevrildi və artıq qeyd etdiyimiz kimi, qısa bir zaman içində genişləyərək, keçmiş fars-Əhəməni ərazilrini əhatə etməyə başladı. Həmədanı özlərinə paytaxt edən Parfiya imperatorluğunun başında baranlu boyuna mənsub Arsaklar soyu durmaqda idi. Roma imperatoruğu ilə yanaşı dünyanın iki supergücündən biri halına gələn türk-Arsaqlar imperatorluğu, rəqibi Roma ilə İraq və Suriya uğrunda qanlı müharibələrə girişdilər. Həm Atropatena, həm Albaniya, həm də Ərməniyyə Arsaqlara tabe olduqlarını elan etməklə bir müddət müstəqilliklərini (söhbət vassallıqdan gedir) qorumağa nail oldular. Armeniya çarları Arsaqlarla qohum olmalarından istifadə edərək dəfələrlə Atropatenaya hücum edir, onun torpaqlarnı işğal edirdi, fəqət bu işğallar uzun sürmür, atropatenalılar bir müddət sonra torpaqlarını geri almağa müvəffəq olurdular.
(ardı var)

Xəbər xətti