“Xocalıdan olanlarla bağlı ayrıca mexanizim fikirləşməliyik” - Deputat

22:41 - 14 Oktyabr 2016 - SİYASƏT

“Çox vacib bir məsələni müzakirə edirik. Təbii ki, şəhid ailələrinə dövlət tərəfindən, cənab Prezident tərəfindən diqqət və qayğı var. Son “Aprel döyüşləri”ndən sonra, biz gördük ki, cəmiyyətimiz Orduya necə böyük dəstək nümayiş etdirdi. Bunlar hamısı dövlətin düzgün siyasəti nəticəsində həyata keçirilən tədbirlərdir. Biz bu tədbirləri dəstəkləyirik”. Ucnoqta.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin 14 oktyabr tarixli iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib. Deputat bildirib ki, şəhid ailələri ilə bağlı qanunvericilik istiqamətdə bir çox məsələlər həll olunub. “Amma dünyanın bir çox yerində belə ailələrlə bağlı problem mövcuddur. Azərbaycan bu istiqamətdə örnək bir ölkədir. Biz şəhidlərimizi heç vaxt unutmuruq. Onların valideynlərinə və övladlarına çox böyük qayğı və dəstək var. Xocalıdan olan, ata-anasını itirmiş 25 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür edirəm. Son illər ərzində onların bir çox məsələsi Fond tərəfindən həll olunub. Xocalı məsələsi bizim üçün həm də dünyaya bu soyqırımının çatdırılması baxımından vacibdir. Bu, çox böyük siyası əhəmiyyət daşıyır. Xocalıdan olan 25 kimsəsiz gənclə bağlı ayrıca mexanizim fikirləşməliyik. Eyni zamanda, Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsi məsələsinə də baxmalıyıq. Dünya təcrübəsindən də görürük ki, Bosniyafa Srebrennitsa və digər başqa şəhərlərdə törədilmiş soyqırımları, o faciələri yaşamış insanlarla bağlı xüsusi işlər gedir. Biz həmin gənclərlə bağlı müvafiq olaraq, Səlim müəllimə müraciət etmişik”.

Fuad Muradov daha sonra bildirib: “Biz 25-26 il ərzində çalışmışıq ki, Xocalı soyqırımını müxtəlif parlamentlər tanısın, müxtəlif dövlət qurumları çərçivəsində yanaşma dəyişsin. Və bu ğun nəticələr var. Ona görə də xahiş edirəm ki, Hadı müəllimlə də bu məsələyə baxaq.

Bu məsələdə cəmiyyətin razılığı, ölkə rəhbərliyinin siyasəti ortadadır, bizim QHT də bu işdə çox fəaldır. Parlamentin üzvləri də hər zaman şəhid ailələrinə xüsusi diqqət yetirir. Xeyir və şərlərində hər zaman iştirak edirlər. Ortada daha çox müsbət məsələlər var. Biz bunları qabartmırıq, amma bəzən hansısa sarı mətbuat yazır ki, filan şəhid ailəsinə hörmətsizlik olundu.

Təbii ki hüquqi mexanizmlər var, biz onlara baxırıq. Əgər məntiqli təklif varsa, bunu nəzərdən keçiririk. Sadəcə olaraq, Xocalı məsələsində həmkarlarımla razıyam ki, burada xüsusi diqqət və yanaşma olmalıdır. Ola bilsin ki, bəzi büdcə məsələləri var, biz onlarla bağlı müzakirələr aparırıq. Yaxşı olardı ki, o gənclərin gələcək statusu ilə bağlı burada xüsusi təşəbbüs irəli sürək və eyni zamanda Xocalıya şəhər kimi də xüsusi status verilməlidir. Çünki bizdən soruşurlar ki, axı o status nədir? Yanaşmanız necədir? Və təbii ki biz çalışırıq bu sualları məntiqli cavablandıraq. Yəni bu məsələlər qanunvericilik çərçivəsində öz əksini tapmalıdır”.

 

Elməddin

Xəbər xətti