Ana səhifə
18 Fevral 2018

Romada “Cənub” qaz dəhlizinin əhəmiyyətindən danışılıb

Oktyabrın 6-da Romada Azərbaycanın İtaliyadakı səfirliyinin, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, Asiya və Aralıq dənizi üzrə İtaliya İnstitutunun birgə təşkilatçılığı ilə “20 sentyabr – Azərbaycan və Avropa üçün yeni üfüq olan TAP layihəsinin təməl daşı” mövzusunda konfrans keçirilib.
"Ucnoqta.az" AzərTAC-a istinadən bildirir ki, konfransı açan deputat Ettori Rozato bildirib ki, Prezident İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dən qaynaqlanan tədbir TAP layihəsinin strateji əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.
İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti xanım Marina Sereni TAP layihəsini iki ölkə arasında əlaqələrin gücləndirilməsinin vacib faktoru kimi qiymətləndirib. Azərbaycanın dünya enerji siyasətində önəmli ölkə olduğunu vurğulayan M.Sereni “Cənub” qaz dəhlizinin reallaşmasının ölkəsi üçün əhəmiyyətini qeyd edib.
İtaliyanın kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti nazirinin müavini Andrea Olivero çıxış edərək Azərbaycanın strateji baxımdan önəmini vurğulayaraq qeyd edib çatdırıb ki, İtaliya bu ölkənin qeyri-neft sektorunun bir çox sahələri ilə yaxından maraqlanır.
Tədbirdə çıxış edən səfirliyimizin müşaviri Vüqar Hacıyev konfransın Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyətini nəzərdən keçirmək baxımından əhəmiyyətini vurğulayıb. Sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimi xatırladan diplomat bildirib ki, bu əlamətdar hadisə ölkələrimiz arasındakı əlaqələrə müsbət təsirini göstərəcək.
V.Hacıyev cari ilin iyulunda Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu, Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu bir daha göstərir. Azərbaycanın birinci ticarət tərəfdaşı olan İtaliya ilə enerji sahəsində əlaqələri yüksələn xətlə inkişaf edir. TAP layihəsinin reallaşması ilə Azərbaycan Avropanı qazla təmin edən əsas ölkəyə çevriləcək.
Diplomat qeyd edib ki, hazırda bir çox İtaliya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna böyük maraq göstərirlər. Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətinə uyğun olaraq tikinti, infrastruktur, İKT, ərzaq sənayesi, kənd təsərrüfatı, turizm və digər sahələr italiyalı iş adamlarının maraq dairəsindədir.
Daha sonra İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Angelo Todaro, Deputatlar Palatasının üzvü xanım Marietta Tidei, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki nümayəndəliyinin əməkdaşı Gunter Seymous və İtaliyanın “İstituto Affari İnternazionali” beyin mərkəzinin aparıcı tədqiqatçısı xanım Nona Mikhelidze çıxış edərək fikirlərini bölüşüblər. Əsasən enerji mənbələrinin şaxələndirilməsinin vacibliyinin vurğulandığı tədbirdə TAP layihəsinin vəd etdiyi perspektivlər, Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olması kimi məsələlər də diqqət mərkəzində olub.
Tədbirdə İtaliyanın dövlət və hökumət rəsmiləri, deputatlar, Romada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif enerji şirkətlərinin əməkdaşları, ekspertlər, tədqiqatçılar və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tarix
7 Oktyabr 2014 [21:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ