Səməd Seyidovdan erməni deputatlara sərt cavab verib

14:34 - 13 Oktyabr 2016 - SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında cari məsələ kimi dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət ətrafında müzakirə aparılıb.APA-nın xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyəni tənqid edən Ermənistan nümayəndə heyətinin üzvlərinə cavab verib. O, erməni tərəfinin davranışını qəbuledilməz və riyakarlıq adlandırıb.
S. Seyidov bildirib ki, Türkiyədə terrorçu təşkilat ölkədə mövcud olan demokratik üstünlüklərdən yararlanaraq hakimiyyəti devirmək niyyətində olub: “Bunun mümkün olmadığını gördükdə, onlar hərbi dövlət çevrilişinə əl atdılar. Türkiyə hökuməti və parlamenti hazırda hər şeyi edir ki, ölkədə demokratiyanı bərqərar etsin. Türkiyəli həmkar və dostlarım tam doğru olaraq deyirlər ki, bu gün Türkiyə xalqı demokratiyanın tərəfdarıdır və bu da ölkədə demokratiyanın əsas təminatıdır. Türkiyə hazırda üç təhlükə ilə qarşı-qarşıyadır. Bunlardan birincisi odur ki, ölkə daxilindəki terrorçu təşkilatlar demokratik ab-havadan yararlanmağa çalışır. İkincisi, Türkiyə bu gün yalnız FETÖ-ya qarşı deyil, eyni zamanda ölkədəki demokratik azadlıqları sarsıtmağa çalışan İŞİD və digər terrorçu təşkilatlarla da kəskin mübarizə aparır. Nəhayət, sonuncu təhlükə ölkə daxilindən yox, elə oturduğumuz təşkilatdan gəlir, çünki biz burada ikili standartları müşahidə etməkdəyik. Təsəvvür edin ki, mənim ölkəmin ərazilərini işğal edən bir ölkə Türkiyədə demokratiyanın olmadığını iddia edərək onun ünvanına tənqidlər yağdırır. Bu, qəbuledilməzdir və riyakarlıqdan başqa bir şey deyil”.

Xəbər xətti