Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri ilə görüşüb

16:31 - 12 Oktyabr 2016 - SİYASƏT

 Bu gün Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Mixael Link ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, B. Muradova bu il Azərbaycanda Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 25 ili tamam olduğunu qonağın nəzərinə çatdırıb.
Vitse-spiker deyib ki, müstəqillik dövründə mühüm yol qət etmiş ölkəmizdə zamanın çağırışları nəzərə alınır, Azərbaycan rəhbərliyi ən ciddi islahatlara belə getməyə hazırdır. B. Muradova yaxın günlərdə keçirilmiş referendum dediklərinə bariz nümunə olduğunu vurğulayıb: “Konstitusiya islahatları sahəsində atılan o mühüm addım xalqla ölkə rəhbərliyinin birliyini aydın göstərdi. Bunu seçkiləri izləmiş beynəlxalq qurumların, o cümlədən müşahidəçilərin yekun qənaətləri də təsdiqlədi. Azərbaycan ATƏT-in bütün qurumları ilə qarşılıqlı hörmət və etimada əsaslanan bərabərhüquqlu əməkdaşlığı genişləndirmək niyyətindədir”.

 
Azərbaycanda müstəqilliyin bərpasını yüksək dəyərləndirən DTİHB-in rəhbəri Azərbaycanın coğrafi mövqeyinə görə Avropanı Şərqlə birləşdirən ölkə kimi mühüm əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan tolerantlıq, dinlər arası xoş münasibət, müxtəlif inanclara etiqad bəsləyən insanların dinc birgəyaşayışı, yəhudilərə bəslənən gözəl münasibət dünyanın bir çox ölkələri üçün nümunə ola bilər. Çünki yəhudilərin məskunlaşdığı digər ölkələrdə antisemitizm durmadan inkişaf edir, nəticədə yəhudilərin yaşayışını çətinləşdirir. M. Link Bakıda dinlərarası dialoqa həsr olunmuş tədbirdə iştirak etdiyini, Qubada yaşayan dağ yəhudilərini ziyarət edərək onlar üçün yaradılmış şəraitə heyran qaldığını qeyd edib.
 
Söhbət zamanı B. Muradova Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişilinin hazırladığı “Multikulturalizm - demokratik dəyər kimi” mövzusunda layihədən söz açıb və M. Linki qurumdakı təqdimat zamanı həmin sənədi dəstəkləməyə çağırıb.
 
Görüşdə Dağlıq Qarabağ probleminə toxunulub, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti