Atropatenada müstəqil dövlətin yaranması ticarətin inkişafına təsir göstərib

18:28 - 12 Oktyabr 2016 - KİVDF

Urmu gölündən əldə edilmiş duz qonşu ölkələrə də ixrac edilirdi

Atropatenanın (Kiçik Midiya) sərhədləri Matianadan şərqdə, Böyük Midiyadan qərbə tərəf, hər iki ölkədən şimalda yerləşmişdir. Cənubdan o, Hirkan dənizinin çökəkliyinə yaxın əyalətlərlə və Matiana ilə həmsərhəddir. Ərəb coğrafiyaşünası İstəxriyə görə, Atropaten şərqdən Kuhistan və Xəzər dənizi, şimaldan Allan, Qıbq dağları, cənubdan İraq və Cəzirə ilə həmsərhəddir. 
Strabon  isə Araz çayının Atropatenanı Ərməniyyədən (Armeniya, əski Urartu ərazisi) ayırdığını, Kür çayının isə Albaniyanın cənub və qərb sərhədini təşkil etdiyini qeyd edir. Əlbəttə ki, bu halda söhbət Araz çayının şimaldan cənuba doğru axdığı hissəsi, yəni Qərbi Azərbaycan (indiki qondarma Ermənistan) və Naxçıvanla Türkiyə arasından axan hissəsi nəzərdə tutulur. Bu is o deməkdir ki, həm Naxçıvan, həm də Qərbi Azərbaycan, yəni bugünkü qondarma “Ermənistan” ərazisi Azərbaycanın (Atropatenanın) tərkibində idi. Bunu ərəb mənbələri də təsdiq edir. Məsələn, Yaqut əl – Həməvi Naxçıvanla bağlı bunları yazmışdır: "Naşava (Naxçıvan) Azəbaycandadır, bəziləri belə hesab edir, Ərməniyyənin yaxınlığında, Aranda yerləşir”. Övliya Çələbi isə öz “Səyahətnamə”sində yazır: “…Naxçvan Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xan çoxlu əsgərə sahibdir. Bu şəhəri qədim zamanlarda Əfrasiyab şah tikdirmişdir ki, indi də əcdadlarınn dəfn olunduğu yer açq – aşkar görünür”. Ərməniyyənin yerləşdiyi Van gölü hövzəsi ilə Azərbaycanın həmsərhəd olduğunu X. F. Linç də təsdiqləməkdədir: “Van gölü hövzəsi ilə Azərbaycan arasında keçən sərhəd xətti dağlıq yerlərdən çox, sözün əsl mənasında, təpəlik yerlrdən keçir. Strabonun sözlərindən belə aydın olur ki, Sakasena (əski Zikertu) adlanan Kür – Araz ovalığı, deməli, həm də o cümlədən Gəncə şəhəri Azərbaycanın (Atropatenanın) tərkib hissəsi idi və Kür çayı onu Albaniyadan ayırırdı. Əlbəttə, Makedoniyalı İskəndərin və sələflərinin dövründə hələ Albaniya meydana çıxmamışdı və həmin ərazi Strabonun dövründə belə adlandığı üçün o da bu adı işlətmişdir. Həmin dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında hələ də massagetlər hakim idi və yenə də, fars – Əhəməni şahı Kirin dövründə olduğu kimi, başlarında başqa bir qadın hökmdar dururdu. Strabonun yazdıqlarından belə görünür ki, müəyyən dövrlərdə Atropatenanın bir hissəsi, o cümlədən onun indiki Gürcüstanın qərbini əhatə edən və Qara dənizə çıxışı olan torpaqları Ərməniyyə tərəfindən işğal edilmişdi. Bu işğallar Artaşes və oğlu ll Tiqran dövründə baş vermişdi və nəticədə Atropatenadan işğal edilən torpaqlar hesabına Ərməniyyə Albaniya ilə həmsərhəd olmuşdu: “Daha sonra söyləyirlər ki, əvvəllər balaca bir ölkə olan Ərməniyyə Artaksiy (Artaşes) və Zariadriyanın apardıqları müharibələr sayəsində genişlənmişdir. Onlar öncələr Böyük Antioxun (makedoniyalı şahlardan biri) sərkərdələri idilər və onun məğlub olmasından sonra şah oldular ( birincisi Sofenanın, Akisenanın, Odomantidanın və digər ərazilərin, digəri isə Artaksat ətrafının). Onlar qonşularının torpaqlarını zəbt edərək öz ərazilərini birlikdə genişləndirdilr. Belə ki, midiyalılardan Kaspiananı (indiki Gürcüstan ərazisindəki Kaspiana nəzərdə tutulur, bunu F. Ağasıoğlu sübut etmişdir), Favnitidadan Bosorpedanı, iberlərdən Pariadr dağının ətəklərini, Xoreznanı və Kür çayının o biri tərəfində yerləşən Qoqarenanı, xaliblərdən və mosineklərdən Karenitidanı və kiçik Ərməniyyə ilə həmsərhəd və onun tərkib hissəsi olan Kserksenanı, kataonlardan Akilisenanı və Antitavr ətrafında olan əyaləti, suriyalılardan Taronitidanı (əski oğuz yurdlarından biri kimi məşhur ölkə)qopardılar və bu üzdən də indi bütün bu ərazilərdə eyni dildə danışılır.”
Yuxarıda Starbondan gətirdiyimiz sitatda adları çəkilən və “bir dildə” danışdıqları qeyd edilən Ön Asiya xalqları içərisində kataonların, yəni xotənlərin də adının çəkilməsi böyük maraq çəkməkdədir. Belə görünür ki, bir hissəsi sakların tərkibində hələ eradan çox – çox öncəlr Hindistana, oradan Şərqi Türküstana (Xotənə), daha sonra isə indiki Monqolustan ərazisinə mühacirət edən və hazırda Monqolustanda yaşamaqda olan xotənlərin bir qismi əski yurdlarında qalmışdı. Onlar haqqında ilk məlumatı verən antik müəlliflərdən Hekatey olmuşdur. Həmin dövrdə bu gün “erməni” kimi tanıdığımız haylar, ola bilsin ki, hələ Ərməniyyə ərazisinə gəlməmişdilər. Urartulular isə tarixin arxivinə mal olmuşdular. Görəsən, həmin dövrdə bütün bu ərazilərdə xalqlararası ortaq ünsiyyət vasitəsi kimi  danışılan “eyni dil” hansı olmuşdur?  Bir qədər sonra qüdrətli Parfiya dövləti haqqında məlumat verərkən görəcəyik ki, bu dövlətin rəsmi dili sak, yəni türk dili idi.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Atropena ərazisinə Kürdüstanın bir hissəsi, Gilanın cənub-qərbi və  nəhayət, Albaniya ərazilərinin bir  hissəsi daxil olmuşdur. Yeni yaranmış dövlət, antik müəlliflərin göstərdiyi kimi öz banisinin adı ilə adlanmağa başlandı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai və mədəni həyatı haqqında məlumat olduqca azdır. Arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri, bu ölkədə vaxtilə kənd təsərrüfatının, o cümlədən, əkinçiliyin , maldarlığın, bağçılığın inkişaf etdiyini sübut edir. Digər tərəfdən arxeoloji qazıntiların nəticəsi ölkədə sənətkarlığın və şəhər həyatının yüksək  səviyyədə olduğunu göstərir. Bu ərazidə iqtisadi və mədəni cəhətdən geridə qalmış tayfalarla yanaşı, yüksək sənətkarlıq mədəniyyətinə, şəhərlərə, ticarət mərkəzlərinə, maarif ocaqlarına  malik olan tayfalar da yaşamışdır. İstər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə  də Atropat sülaləsinin fəaliyyəti zamanı bu ərazi iqtisadi-ictimai və mədəni həyatın inkişafı nöqteyi- nəzərdən qonşu ölkələrdən xeyli öndə idi. Bu göstərdiyimiz iqtisadi-ictimai inkişafı yazılı mənbələr, habelə, Ərdəbil, Maku, Təxt-e Süleyman və Xəzər dənizinin cənub və qərb rayonlarında aparılmış arxeoloji qazıntıların nəticələri də təsdiq edir.
Atropatena ərazisi hələ qədimdən faydalı metalların bolluğu ilə şöhrət tapmışdı. Bu ərazidə qızıl, gümüş, mis və dəmir  mədənləri mövcud olmuşdur. 
Urmu gölündən əldə edilmiş duz qonşu ölkələrə də ixrac edilirdi. Atropena ərazisində zeytundan hazırlanmış məhsul, ipək və yun parçalar, xüsusən, atçılıqü olduqca inkişaf etmişdir. Atropatenada müstəqil dövlətin yaranması ölkənin təsərrüfatının canlanmasına, məhsuldar qüvvələrin, həmçinin, ticarət və sənətkarlığın inkişafına olduqca müsbət təsir göstərmişdir. Bir sıra mənbələrdə göstərildiyi kimi, qədim dövrlərdə bu ərazidə məbəd təsərrüfatı inkişaf etmişdi. Ən məsuldar torpaqlar Zərdüş  kahinlərin əlində idi. Atropatena ərazisində quldarlıq quruluşu inkişaf səviyyəsinə görə, hələ Atropatena dövlətinin təşkilindən əvvəl qonşu əyalətlərdən irəlidə idi. Ölkənin iqtisadi-ictimai inkişafı ilə bilavasitə əlaqədar olaraq, orada yeni-yeni şəhərlər salınırdı. Strabonun göstərdiyinə  görə, Atropena hakimlərinin Qazaka  və Verra adlı iki paytaxt şəhəri olmuşdur. azakada bu sülalənin yay, Verrada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində hələ Midiya dövləti dövründən daha əvvəl müqəddəs sayılan Şərqin ən mühüm atəşpərəstlik məbədlərindən biri mövcud idi.
Atropatena qonşu Zaqafqaziya xalqları, Şimali Qafqaz, Volqaboyu xalqları, Qara dəniz  sahili, Kiçik Asiya ölkələri, Mesopotamiya, İran, Hindistan və s. yerlərdə ticarət əlaqələri saxlayırdı. 

(ardı var)

Xəbər xətti