Atrapotena müstəqil siyasət yürüdürdü

18:30 - 11 Oktyabr 2016 - KİVDF

Ölkə yerli hakimlər tərəfindən idarə olunurdu

İsgəndərin dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq mövcud idi. Bu, Adərbayqan, İrandilli ənənəyə görə Atropatena dövləti idi. Sonralar (e. I əsri)   irandilli əhalinin rəvayətlərində Atropat Urmiya gölü hövzəsində yaranmış və İsgəndərin dövründə müstəqil idarə-üsulunu saxlamış Adərbayqan dövlətinin banisi kimi qələmə verilmiş və ölkə onun adı ilə Atropatena adlandırılmışdı.
Demək olar ki, İsgəndərin ölümündən sonra Atropatın adı qaynaqlarda bir daha çəkilmir. Perdikka, Atropatın yeznəsi olmasına baxmayaraq, satrapların yenidən bölgüsü zamanı Midiya satraplığını yunan sərkərdəsi Pifona tapşırmışdı. Beləliklə, Atropat Midiya satrapı vəzifəsindən kənar edildi. Bəzi mülahizələrə görə, Atropat bu vaxtdan (e. ə. 323-cü ildən) etibarən Urmiya gölü hövzəsi vilayətlərini, yəni gələcək Atropatenanı (Adərbayqanı) özünə tabe etmiş və oranın hökmdarı olmuşdu. Lakin Pifon I Antiqon ilə döyüşlərin birində (e. ə. 316-cı il) məğlub olur və edam edilir. Bundan sonra Adərbayqan hadisələri barədə məlumat verilmir. Ehtimal etmək olar ki, Adərbayqan müstəqil siyasət yürüdürdü. diadoxlar arasında hakimiyyət uğrunda gedən mübarızəyə qoşulmurdu və yerli hakimlər tərəfindən idarə olunurdu. Lakin onların adları məlum deyil. Adərbayqan ilə əlaqədar hadisələr məhz e. ə. III əsrin sonunda qaynaqlarla yad edilir.
Abdulla Fazili Atropatenanın yarandığı tarixi şəraitdən bəhs edərək yazır ki, yuxarıda göstərdiyimiz tarixi şəraitdə Midiya-Atropatena dövlətinin əsası belə qoyuldu. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam, müstəqil siyasət yürüdən güclü bir dövlətə çevrildi. Bu dövlətin ərazisi indiki Cənubn Azərbaycan vilayətlərini, İran Kürdüstanının bir hissəsini, Azərbaycanının isə bəzi əyalətlərini əhatəedirdi.
Ümumiyyətlə, ölkə əhalisinin əsasını türkdilli kuti (oğuz), iskit (işquz, İç oğuz), sak, maday, sarmat, kuman, subar və digər soy və boyların nəsillərinin davamı olan türklər təşkil edirdi. Tarixçi Bəxtiyar Tuncayın yazdığına görə, aparıcı etnos isə o dövrün mənbələrində, yəni antik qaynaqlarda “uksi” kimi qeyd edilmiş oğuzlar idi. İqrar Əliyev özünün “Midiya tarixi” kitabında uksilərin oğuzlar olduqlarını qeyd etməsə də, Atopatenanın əsas əhalisinin bir hissəsinin uksilər olduğunu vurğulamışdır. Eyni müəllif Atropatena əhalisinin guya əsasən irandilli olduğu bardə söylənilən fikirlərin əsassız olduğunu da qeyd etmişdir. X əsr ərəb müəllifi Əl – İstəhri də Xəzərin qərbində yerləşən düzənlikdə, yəni Azərbaycanda oğuzların (ğuzların) yaşadığını yazmışdır. Antik müəlliflərin məlumatlarından çıxış edən İqrar Əliyev Atropatenanın əsas etnuk qruplarından söz açarkən, uksulərlə (oğuzlarla) yanaşı kərkilərin (karklar) də adını çəkmişdir. Azərbaycan toponimikasında özlərini əbədiləşdirən kərkilərin adına Naxçıvandakı Kərki , Qazax rayonu ərazisindəki Kərki – Başlı, Qarabağ ərazisindəki Kərki – Cahan kəndlərinin və s. adlarında rast gəlirik. Türkdilli kərkilər türkmənlərin və özbəklərin də içərisində qeydə alınmışdır. Bu barədə N. Aristov özünün “Türk tayfa və xalqlarının etnik tərkibi və sayı barədə qeydlər” və S. Şaniyazov özünün “Özbəklərin etnik tarixi bardə” adlı əsərlərində məlumat verməkdədirlər. Bir sözlə, Atropatena bir türk ölkəsi, bir türk vətəni idi. Təsadüfi deyil ki, professor Helmoltun ümumi redaktəsi altında 120 tarixçi alimin birgə yazdığı “Ümumi bəşəriyyət tarixi” əsərinin ll cildində, Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir: “Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır.”
Eyni fikri bir çox başqa qaynaqlar da təsdiqləyir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin Vll əsdə qələmə aldığı “Xəbərlər”əsərində yazılır ki, xəlifə l Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da cavab vermişdir ki, Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır. 1126 – cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə Himyar şahlarından Rəişəyə istinadən bildirilir ki, Azərbaycan ən qədim zamanlardan türklərin əlində olan ölkədir. Bununla belə, Strabonun yazdqlarından belə anlaşılır ki, Atropatenanı (Azərbaycanı) Böyük Midiyadan ayıran və onu əhatələyən dağlarda irandilli kürdlər, təbərilər və amardlar da yaşayırdılar: “Bu ölkənin (Atropatenanın) bütün bölgələri məhsuldardır, şimal dağlıq əraziləri isə soyuq və sərtdir. Burada dağlı tayfalar – kaduslar (mütəxəssislər bu xalqı talışların ulu babası hesab etsə də, bunu sübut etmək üçün heç bir ciddi dəlil gətirə bilmirlər), amardlar, tapirlər(təbərilər, mazandaranlıların əcdadları), kirtlər (kürdlər) və digər avara və quldur xalqlar yaşayır. Onlar Zaqr və Nifatu dağlarında məskundurlar: kirtlər və amardlar Persidada (axı, amardlar həm də bu adı daşıyırlar), eləcə də bugünə qədər Ərməniyyədə də (Van gölü və ərafı) vardırlar. Bu insanların hamısı xarici görkəmcə eynidirlər.”
Gördüyümüz kimi, Atropatenanın sərhədlərindəki dağlarda mədəni səviyyəsi çox aşağı olan yarıvəhşi, Strabonun dili ilə desək, “avara” və “quldur” irandilli xalqlar da yaşayırdılar. Onlar azsaylı idilər və ictimai – siyasi həyatda heç bir önəmli rola sahib deyildilər.
Talış, kürd və bu gün tat adı ilə tanıdığımız amardlar (parslar)  günümüzədək Azərbaycanda, yüzillər öncə olduğu kimi, yenə də dağlıq və dağ- ətəyi ərazilərdə yaşamlarını davam etdirirlər. Onların içərisində mazandaranlıların əcdadı olan təbərilərin (tapirlərin) də qeyd edilməsi sübut edir ki, Strabonun dövründə Atropatenanın sərhədləri Mazandarana (əski Təbəristan) qədər uzanırdı. Bu isə o deməkdir ki, Gilan bütünlüklə ölkəmizin sınırları içində idi (Gilan ərazisi 1945 – 1946 –cı illərdə Cənubi Azərbaycanda mövcud olmuş Azərbaycan Demokratik Respublikasının da tərkibində idi). Bu fikri İbn Hövqəlin cızdığı Xəzər dənizinin xəritəsi də təsdiq edir. Bu xəritədə Dağastanın böyük hissəsi, o cümlədən Dərbənd və Gilan da daxil olmaqla, Xəzərin şərq və cənub – şərq sahil zolağı Azərbaycana aid edilmişdir.
Mənbələr kaspi və maqlardan (maq, mik, muğ) da Atropatena sakinləri kimi danışmaqdadır. Bunlardan birincisi, heç şübhəsiz ki, türk idi. Maqların da türk olduğunu söyləyən tədqiqatçılar az deyil. Fəqət bu,  hələ tam sübut olunmamışdır. Maqların atəşpərəst olduğunu təsdiq edən təkzibedilməz sənədlər var.
İrandillilərin Manna və Midiya, yəni Azərbaycan və bugünkü İran ərazisinə e.ə. X-lX və sonrakı əsrlərdə gəldiklərini tam əminliklə söyləmək olar. Bu məsələ tədqiqatçıları daim maraqlandırmış və bir çoxları kimmer, iskit, sak və madayları irandilli hesab etdiklərindən onların adının mixi yazlarda ilk dəfə peyda olduğu e.ə. lX – Vlll əsrləri irandillilərin sözügedən ərazidə peyda olma tarixi kimi qəbul etmişlər. Belə bir fikir formalaşmşdır ki, guya irandilli xalqlar indiki İranın şimal – qərb rayonlarına, eləcə də Azərbaycan ərazisinə e.ə. lX əsrdə indiki Rusiya ərazisindən, daha dəqiq desək, Quzey Qafqzdan gəlmişlər. Bu halda ilk növbədə kimmer – iskit – saklar nəzərdə tutulur. Tarixçi Bəxtiyar Tuncay yazır: "Biz isə adı çəkilən xalqların türksoylu olduqlarnı və türksoyluların sözügedən bölgələrin aborigenləri olduqlarını dəqiq bilirik. Eləcə də onu da bilirik ki, qısa və girdə başlı irandillilərdən fərqli olaraq həm kimmerlər, həm iskit və saklar, həm də madaylar, eləcə də onların sələfləri kuti, turuk, subar və  kuman uzun başa sahib kaspi (oğuz) irqinə mənsub idilər. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qısa, girdə başlı və gödək boylu irandillilər bu ərazilərə e.ə. lX – Vlll əslərdən gəlmişlər. Elə həmin əsrlərdən də mənbələrdə parsua (fars) və kirt (kürd) etnonimləri peyda olmuşdur. Daha sonrakı mənbələrdə isə tiberlər (təbərilər, mazandaranlıların əcdadları), amardlar, anariaklar (Strabon onları da pars, yəni fars adlandırır) və kadusilərin (talışların əcdadları?) də adına da rast gəlirik".
(ardı var)

Xəbər xətti