Nadir şahın siyasəti feodal əyanlarının maraqlarına toxunurdu

18:41 - 7 Oktyabr 2016 - KİVDF

Bu, ona qarşı sui-qəsdə səbəb oldu

Müharibədə uduzduqdan və sülh müqaviləsi bağlandıqdan sonra da  Məhəmməd şahın düşərgəsi mühasirədə qaldı. Nadir şah Məhəmməd şahı düşərgəsinə dəvət etdi, onu çox böyük hörmətlə qarşıladı və onunla təmiz türk dilində söhbət etdi. Bu görüşdə Nadir şah özünəməxsus xarakterik cizgilərlə də yadda qaldı. Əvvəla, Məhəmməd şah onun əsiri idi, onunla hər cür rəftar edə bilərdi. Amma onu vəziyyəti düzgün qiymətləndirmədiyinə və buna görə də əbəs yerə qardaş qırğınına bais olduğu üçün bir qədər danladı. Bac-xərac alandan sonra hətta onu öz taxtına əyləşdirdi.
Sonra, müqavilə bağlamaq üçün qəbul etdiyi vəzir Nizamülmülkdən Məhəmməd şahın düşərgəsində meyvə və ərzağın çatışmadığını eşidən Nadir çah tez onlara meyvə və ərzaq göndərdi.
Daha bir misal. Hind qoşunları düşərgəsi mühasirədə saxlanarkən Nadirin yanında xüsusi hörmət qazanmaq istəyən bir neçə yerli əyan ona bildiriblər ki, hind döyüşçülərinin çoxlu sayda atları var, onları toplayıb döyüşçülərinizə verə bilər. Nadir şah cavabında bildirib ki, hind döyüçüsünün çörəyi onun atından çıxır. Atını əldən vermiş döyüşçünün özü ilə bərabər, ailəsi də çətinliklə üzləşə bilər.
Mənbələrdə Nadir şahın Dehliyə daxil olması xüsusi vurğulanır. 1939-cu il mart ayının 20-də  Nadir şah ağ attın belində şəhərə daxil oldu. Oğlu Nəsrulla Mirzə onun arxasınca, onun ardınca isə qoşun rəhbərləri böyük zövqlə bəzədilmiş atların üstündə hərəkət edirdilər. Novruz bayramı günü məscidlərdə Nadir şahın adına xütbələr oxundu. 3-4 gün çəkən təntənəli qəbuldan sonra iki şah arasında müqavilə bağlandı və Məhəmməd şah xəzinəsinin açarlarını Nadir şaha təqdim etdi. Nadir şah hind şahının xahişi əsasında xəzinənin bəzi qiymətli daşlarını qəbul etdi və Qurqan (türk soyu) sülaləsinə olan ehtiramı üzündən Hindistan tacı yenidən Məhəmməd şaha lütf edildi. Müqaviləyə əsasən müharibə xərci olaraq 150 kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Pəşavər, Kabul, Qəzni, Əfqanıstan, xəzərilər yaşayan əyalətlər və bir çox ərazilər Əfşarlar dövlətinin tərkibinə qatıldı. Nadir şah Məhəmməd şahın qızını da oğlu Nəsrulla Mirzəyə aldı.
Rəsmi tədbirlər başa çatdıqdan sonra Nadir şah Məhəmməd şahın xəzinəsi ilə tanış oldu və bildirdi ki, orada saxlanılan var dövlətin miqyaqsını və zənginliyini dil ilə təsvir etmək mümkün deyil. Onları necə aparmaq barədə bir neçə gün məşvərət keçirildi. Nadir şah göstəriş verdi ki, 30 min baş dəvə toplansın və bütün xəzinə bu dəvələrə yüklənsin. 
Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe etdi və Orta Asiyaya yürüş etdi. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1940-cı ildə  Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bildi. Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir şah 1941-ci ildə Dağıstan üzərinə yeridi. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez  Dərbəna və Şamaxıya, Kaxetiyaya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. XVIII əsrin 40-cı illərində mərkəzi hakimiyyətə qarşı üsyanlar o qədər qüvvətlənir ki, hətta üsyançılara qarşı yürüşüə 1741-ci ilin yayında Nadir şahın özü başçılıq etməyə məcbur oldu. Amma Nadir şahın şimal-şərq bölgəsində və Car vilayətində əhalinin müqavi¬mətini tez bir zamanda qırmaq cəhdi baş tutmadı.
  Nadir şaha qarşı çıxışların içərisində özünə¬məxsus rol Şirvandakı üsyanlara və  hərəkatlara məx¬susdur. Çünki bu hərəkatların baş verməsinə təkcə xalqın narazılığı yox, həm də bir sıra xarici dövlətlərin planları da kifayət qədər təsir edirdi. 1743-cü ildə Şirvanda baş verən yeni hərəkatın əsil mahiyyəti aydın olur. Xarici dövlətlərin planları əsasında özlərini yalandan Səfəvi şahzadələri adlandıran I və II  Sam Mirzələr meydana çıxaraq hakimiyyətə iddialarını ortaya qoydurlar.
 Əfşar sülaləsinin hökmranlığından narazı olan sadə xalq Səfəvi xanədanını üstün tutaraq yalançı «şahzadələr»i müdafiə edirdi. Onların hakimiyyətə gələcəyi təqdirdə vəziyyətinin yaxşılaşacağına ümid edirdilər.  Az keçmir ki, bəzi kiçik feodallar da «şahzadələr»ə qoşuldular. Bu işdə onlara Surxay xanın başçılıq etdiyi Dağıstan feodalları da yardım edirdi. Hərəkat əvvəlcə müvəffəqiyyət qazansa da, Nadirin sərkərdəlik fəaliyyəti öz işini gördü, üsyançı qüvvələr məğlubiyyətə uğradıldı. Bu hərəkat əslində təkcə Nadir şahın  hakimiyyətinə və idarə üsuluna yönəlməmiş, eyni zamanda  antifeodal səciyyə daşımışdı. Odur ki, Şirvan üsyanı yatırlısa da, ümumən Azərbaycanda xalq hərəkatı sarsılmadı. Həmin dövrdə  mərkəzi hakimiyyətə qarşı  daha bir mübarizə ocağı közərdiyindən Nadir şah Osmanlı dövləti ilə müqavilə bağlayaraq Ahalsıxa, oradan da Ahalkələyə getdi. Burada  ərzaq ehtiyatı topladıqdan sonra 1744-cü il noyabr ayının əvvəllərində Bərdəyə gəldi və qışı orada keçirməyə qərar verdi
Nadir şah bundan əvvəl,1943-cü  ilin əvvəllərində bir neçə qələbə qazanmışdı. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırdı. Lakin hər halda o, Dağıstandan geri çəkilməli oldu.
Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt itirmədən Türkiyə ilə müharibəyə girdi. Burada döyüşlər ərəb İraqını ələ keçirmək üçün aparılırdı. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah Bəhreyn, Oman və Maskat üzərinə yürüşlər də keçirdi. Ölkənin paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürdü və bu şəhərin yaxınlığındakı dağın başında özünə Kelat adlı bir qala qurdu. Nadir xəzinəsini burada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradırdı. Azərbaycan kəndliləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər. Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başladı və ordusunu yenidən qurmaq fikrinə düşdü. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilidi. Onun ordusunda artilleriya və tüfəngçilər ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqları, topçu və artilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Cini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi.
Onun apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu.1941-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə sui-qəsd oldu. Bundan sonra Dağıstandakı uğursuzluqlar və 1943-1947-ci illərin üsyanlar dalğası başladı. Bütün bunlar Nadir şahı qəzəbləndirdi və o, kütləvi cəza tədbirlərinə başladı 
Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından – Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib, gözətçini boğdular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb, Saleh xanı görən kimi onu söydü. Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi.

Xəbər xətti