Azərbaycan millisinin baş məşqçisi pedofilyada ittiham olunur

11:38 - 6 Oktyabr 2016 - İDMAN

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzanbaher pedofilyada ittiham olunur. Apasport.az saytının məlumatına görə, 3 ildi davam edən istintaqın təfərrüatı üzə çıxıb. Vyana prokurorluğundan mətbuata sızan məlumata əsasən, avstriyalı ikiqat Olimpiya çempionu həddi-buluğa çatmayan bir neçə qızla seksual xarakterli davranışına görə ittiham olunur. 56 yaşlı mütəxəssisin qurbanlarından birinin şikayəti ilə başlayan istintaqda Zayzanbaher 2 qızı zorlamaqda günahlandırılır. O, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Vyana idman klublarının birində çalışdığı vaxt bu cinayəti törədib. Prokurorluğun araşdırmasına görə, qurbanlarından biri 3 il ərzində qəddar münasibətlə üzləşib.

Zayzanbaher daha bir – üçüncü qızı zorlamağa cəhddə də şübhəli bilinir.

Olimpiya çempionunun vəkili Bernhard Lehofer bildirib ki, o, irəli sürülən ittihamlardan xəbərdardı. Lakin mütəxəssis şərh etməkdən boyun qaçırır.

Qeyd edək ki, idmançı karyerasında 86 kq çəki dərəcəsində çıxış edən Zayzanbaher “Los-Anceles-1984” və “Seul-1988”-də qızıl medala yiyələnib. Cüdo tarixinə ilk ikiqat Olimpiya çempionu olan mütəxəssis 2010-2012-ci illərdə Gürcüstan millisinin baş məşqçisi olub. 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edən Peter 2015-ci ildə yenidən bu posta qayıdıb.

Xəbər xətti