"İsrail Azərbaycana elə silahlar verəcək ki, həmin silah “İsgəndər M”-i havada udacaq"

17:36 - 3 Oktyabr 2016 - Müsahibə

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramovun "Ölkə.az" saytına müsahibəsi:


– Ötən gün Roma Papası Fransisk Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirib. Bu səfərin əhəmiyyətini necə qiymətləndirirsiz?
– Bu səfərin əhəmiyyəti çox böyükdür. Yəni, bu çox unikal səfər olub. Biz belə səfərlər çox görmüşük. İndiyədək Azərbaycanda 5 humanitar beynəlxalq forum, svilizasiyalararası dialoq, İslam və dünya ölkələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçirilib. Ancaq Roma Papası Fransiskin Azərbaycana “Multikulturalizm ili” elan olunduğu ildə gəlməsi bütün görülən tədbirlərin təsdiq nöqtəsi oldu. Bununla bir daha sübut olundu ki, Azərbaycan əsl multikulturalist ölkədir. Təsəvvür edin ki, Roma Papası Fransisk Bakıya səfər edəndə dünyanın gözü Azərbaycanda olub. Hətta, Azərbaycanı tanımayan adamlar belə, ölkəmizi Roma Papası Fransiskin Bakıya səfəri ilə tanımış oldu. Bu gün dünyada katoliklərin sayı çoxdur. Roma Papası Fransisk də elə adam deyil ki, gündə bir ölkəyə getsin. Vatikan çox kiçik və qapalı dövlətdir. Yəni, Vatikan rəhbərliyi siyasi işlərlə o qədər də məşğul olmur ki, dünya ölkələrinin prezidentləri ilə görüş keçirsin. Buna görə də Roma Papası Fransisk xarici ölkəyə səfər edəndə seçim edir. Dünyada qlobal problemlərin çoxaldığı dövrdə Roma Papası Fransiskin Bakıya səfər etməsi müsəlman olan Azərbaycan dövlətinə və xalqına böyük hörmətin göstəricisidir. Bu, cənab Prezident İlham Əliyevin xarici siyasətdə qazandığı uğurların məntiqi nəticəsidir.

Roma Papası Fransisk Bakıdan dünyaya bir neçə önəmli mesajlar verdi, “İncil”dən böyük misallar gətirdi, bütün dini ibadətlərin hamısının sülhə xidmət etməsini tövsiyə, müharibəsiz dünyanın olmasına çağırış edib. Papa dünyanın münaqişə gedən bölgələrində sülhün və əmin-amanlığın bərqərar olmasını arzu edib. Bütün bunlara görə də Roma Papası Fransisk Azərbaycanda çox yüksək qarşılanıb. Hətta, Papa Gürcüstanda belə isti qarşılanmayıb. Bütün bunlar bir daha Azərbaycan xalqının böyüklüyünü, dahiliyini, bütün dini inanclara hörmətini göstərib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda müsəlman, xristian, katolik, yəhudi və digər bütün dini inanclı insanlar qardaş kimi sülh və mehriban şəraitdə yaşayırlar. Roma Papası Bakıya səfər etməklə, Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğununun canlı şahidi olub.

İndiyədək Azərbaycanda heç bir dini icmaya qarşı hər hansı qarşıdurma olmayıb. Bu gün çox ölkələrdə Katolik kilsəsi mövcud deyil. Amma Bakıda 1912-ci ildə Müqəddəs Məryəm Katolik kilsəsi inşa edilib. Baxmayaraq ki, 1937-ci ildə Stalinin dövründə bütün bu kilsələrin hamısı yerlə yeksan olmuşdu. Ancaq biz onu yenə də bərpa etdik. Bu kilsəni inşa edən şəxs də məhz azərbaycanlı biznesmen olub. Təsəvvür edin ki, müsəlman biznesmen Katolik inanclı insanlar üçün kilsə inşa edib. Bu, dünyada analoqu olmayan hadisədir. Yəqin ki, Azərbaycandakı katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete da Azərbaycanda görülən işlərlə bağlı Roma Papasına məlumat verib. Mən Vladimir Fekete ilə xarici ölkələrdə də səfərlərdə olmuşam. O, Azərbaycanı sevən insandır.
Digər tərəfdən isə çox böyük uğurumuzdan biri Azərbaycanda sünni və şiəliyin bərabər mehriban və sülh şəraitində yaşamasıdır. Eləcə də katolik və provaslav arasında da heç bir münaqişə yaşanmayıb.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin də ən böyük xidmətlərindən biri Azərbaycanda şiə və sünni müsəlmanları arasında heç bir ayrı-seçkiliyin və qarşıdurmanın olmaması ilə bağlıdır. Əgər kimsə düşünürsə və ya iddia edirsə ki, guya Azərbaycanda belə bir ayrı-seçkilik var, o adamlar Azərbaycanda sülhü və multikulturalizmi istəməyənlərdir.


– Bu yaxınlarda Ermənistan hakimiyyəti “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsi barədə açıqlamalar verib. İsrail mediasının yazdığına görə, Azərbaycan tərəfi də İsraildən alternativ raket sistemlərinin alınması ilə bağlı danışıqlar aparır. Siz həm də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Bu barədə nə kimi məlumata maliksiniz?

– Bilirsiniz, mən hərbçi və jurnalistlərin hərbi məlumatları dərindən öyrənməsinin tərəfdarı deyiləm. Çünki hərbi sirr deyilən məsələ var. Ancaq mən onu deyə bilərəm ki, Ermənistan ordusunda “İsgəndər M” raketləri yoxdur. Ümumiyyətlə, “İsgəndər M” raketləri Rusiya tərəfindən hələ satışa verilməyib. Əgər buna icazə verilsəydi, o zaman bu, BMT-nin Silahlara Nəzarət Komissiyasının siyahısına düşərdi. Bu barədə məndə dəqiq məlumatlar var.
Digər tərəfdən isə əgər Rusiya “İsgəndər M” raketini Ermənistana satsaydı, o zaman birinci Azərbaycana satardı. Məgər Azərbaycanın pulu Ermənistandan azdır? Hətta, biz ondan artığını verib “İsgəndər M”-i ala bilərdik. Sadəcə olaraq, Rusiya “İsgəndər M” raketini Gümrüdəki rus hərbi hissəsinə yerləşdirib. Serj Sarkisyan xahiş edib ki, heç olmasa Rusiya “İsgəndər M”-i Gümrüdə yerləşdirsin. İndi Ermənistan rəhbərliyi də öz aləmində bizi guya şoka salmaq istəyir. Ona görə də yalandan deyir ki, guya Ermənistan “İsgəndər M” raketləri alıb. Halbuki, Serj Sarkisyan Ermənistanın “İsgəndər M” raketinə malik olması barədə heç bir açıq çıxış etməyib.
Digər tərəfdən isə bu gün Azərbaycanda elə silahlar var ki, “İsgəndər M”-dən də güclüdür. Bu yaxınlarda İsrail dövləti Azərbaycana elə silahlar verəcək ki, həmin silah “İsgəndər M”-i havada udacaq.


– Verib, yoxsa verəcək?

– Yox, verəcək. Artıq göndərilmək üçün də hazırdır. Həmin silah “dəmir dəbilqə” adlanan hava hücumundan müdafiə sistemidir. Balıq tutan tor kimi raketi səmada tutur. Həmin silah “İsgəndər M” raketini yerə düşməyə belə imkan vermir. Odur ki, Ermənistan bizi “İsgəndər M” ilə qorxutmasın. Yaxın vaxtlarda Azərbaycan Ordusunun arsenalına İsrailin uzunmənzilli, tam strateji müasir silah növləri daxil ediləcək. Mən konkret danışmıram. Çünki bunlar hərbi sirlərdir. Bundan əlavə, aprel döyüşləri zamanı da İsrailin bizə satdığı pilotsuz təyyarələr Ermənistanda böyük vahimə yaratmışdı. Yəqin ki, “dəmir dəbilqə” daha da qorxudacaq.


– Ötən həftə İsrailin keçmiş prezidenti və baş naziri Şimon Peres vəfat edib. Şimon Peresin vida mərasiminə qatılmışdınız?
– Bəli, qatılmışdım. Şimon Peresin dəfn mərasimində Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev də getmişdi. Mən də onun yanında idim. Biz orada İsrailin bir neçə naziri ilə görüşüb söhbət də etdik. İstər Şimon Peresin dövründə, istərsə də ondan sonra Azərbaycanla İsrail arasında çox yaxşı dostluq münasibətləri mövcuddur.

Xəbər xətti