Qurban Qurbanov: "Qəbələ"nin qarşısını ala bilmədik"

22:42 - 2 Oktyabr 2016 - İDMAN

 "Yaxşı oyun alındı. Çətin oldu. Rəqibin qarşısını ala bilmədik. Sonrakı dəqiqələrdə üstünlüyü ələ alsaq da, bundan istifadə edə bilmədik". Bunu futbol üzrə Azərbaycan çempionatının 7-ci turunda "Qəbələ”yə uduzan (0:2) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Yaxşı oyun alındı. Çətin oldu. Rəqibin qarşısını ala bilmədik. Sonrakı dəqiqələrdə üstünlüyü ələ alsaq da, bundan istifadə edə bilmədik. "Kəpəz” və "Fiorentina” ilə səfər oyunlarından sonra komandanı hazırlamaq çətin idi. Azarkeşləri sevindirə bilmədiyimizə görə təəssüf edirəm. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, növbəti oyunlarda yaxşı nəticə göstərək. Artıq "Qəbələ”ylə aramızda 6 xallıq fərq var. Çalışacağıq bunu aradan qaldıraq.

- "Qarabağ” bu gün konkret nədə uduzdu?
- Qol buraxdıq, qol vura bilmədik. Oyunumuz istədiyimiz kimi alınmadı. "Qəbələ”nin oyun fəlsəfəsi belədir. Bu komanda ilk dəqiqələrdən təzyiqi artırır. Onlara qarşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı.

- Əfran İsmayılovla Rəşad Sadıqovun yoxluğu məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Onların hər ikisinin zədəsi var. Dəfələrlə demişəm, əlmizdə nə qədər çox oyunçu seçimi olsa, işimizi bir o qədər asanlaşdırar.

- Komanda 3 oyundu enişdədir. Fasilənin məhz indiyə təsadüf etməsini sizin xeyrinizə saymaq olar?
- Əksinə, ziyanımıza ola bilər. Ancaq biz əlimizdə olan imkanlardan maksimum istifadə etməyə çalışacağıq. İstəyərdim ki, bütün futbolçular komandada olsun ki, səhvlərimizi daha yaxşı tədqiq edək.

- Çoxdandır "Qarabağ” 3 oyun ardıcıl xal itirmirdi. Komandada nə baş verir?
- Avrokubok oyununu bura daxil etməzdim. Bu oyunlarda rəqiblərimiz bizdən üstün olublar. Ancaq deməzdim ki, komanda pis oynadı. Futbolçuların çıxışından razı qaldım. Belə hal normaldır. Hər bir komanda bu cür halla üzləşə bilər. Əsas odur ki, gələn oyunlarda bu xal itkilərini kompensasiya edək.

- Vüqar Nadirov haradadır? Ndlovunun oyunundan razı qaldınız? Sanki onun artıq çəkisi var...
- Vüqar Nadirov "Qarabağ”dadır. Sadəcə, hələ formasını bərpa etməyib. Ndlovunun artıq çəkisi yoxdur. Onun fiziki forması belədir. Çıxışı məni qane edir.

- "Slovan”la oyundan sonra demişdiz ki, Azərbaycan çempionatında nə qədər çox səviyyəli oyun olsa, bir o qədər komandanın inkişafının xeyrinədir. Bu oyun sizi razı saldımı?
- Bəli, bu oyunun səviyyəsi məni tam razı saldı.

- Sahanın "Qarabağ”ın bazasına gəlməsi barədə nə deyə bilərsiz?
- Sahanın "Azərsun Holding”in rəhbərliyilə yaxşı əlaqəsi var. Buna görə bizim klubun bazasını ziyarət etdi.

- Sonradan oyuna daxil etdiyiniz Reynaldo, Miçel kimi oyunçuları sonradan matça daxil etməklə səhvə yol verdiyinizi düşünmürsüz ki?
- Heyətdə elə də çox dəyişiklik etməmişdim. Komandada yorğunluq çox idi. İtaliyada 60 dəqiqə 10 nəfərlə mübarizə apardıq. Buna görə çox güc itirdik. Həm fiziki, həm də psixoloji. Ehtiyatda saxladığım oyunçular həmin qarşılaşmada start heyətində meydana çıxmışdı, buna görə onlara istirahət verdim.

- Reynaldonun oyunundan razı qaldınız?
- O, hələ tam mənim istədiyim səviyyədə deyil. Ancaq vaxt keçdikcə əvvəlki formasını bərpa edəcəyinə inanıram.

- Elvin Yunuszadə son vaxtlar çox tənqid olunur...
- Onun oyunundan razıyam. Ona verilən tapşırığı tam yerinə yetirir. Ancaq daha yaxşısını bacarar. Məni onunla bağlı narahat edən yeganə cəhət onun xarakteridir.

- Düşünmürsünüz ki, komandanın psixoloqa ehtiyacı var?
- Komandanın psixoloqu var. Bu, mənəm. Mən özüm də futbolçu olmuşam və uğursuz oyunlardan sonra onlarla necə danışmalı olduğumu bilirəm.

- Ötən mövsüm Mahir Mədətovun xarakterindən narazı qaldığınızı demişdiniz. İndi necə, ondan razısız?
- Mahirdə bir ay öncəkiylə müqayisədə dəyişiklik var. Xarakteri zəifləyib. Futbolçu yalnız futbol barədə düşünməlidir. Mahir əldə etdiyi fürsətlərdən istifadə edə bilən futbolçudur.

Xəbər xətti