“Nazirlərin deputatlarla görüşləri təşkil olunsun”

02:40 - 1 Oktyabr 2016 - SİYASƏT

“Milli Məclisin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər dolğun və ətraflıdır. Sevindiricidir ki, seçkilərdən sonra yaradılan komitələr öz qanunlarının layihələrini təqdim ediblər və ya edəcəklər”. Bunui deputat Elmira Axundova Milli Məclisin iclasında çıxışı zamanı səsləndirib. O deyib ki, Əmək və sosial siyasət komitəsinin hazırladığı “Turizm haqqında” qanun layihəsini də payız sessiyasının işlər planında görmək istəyir. “Çünki hal-hazırda dövlətimiz və şəxsən cənab Prezident bu sahəyə xüsusi diqqət göstərir.  Bundan əlavə, bir neçə ildir ki, mən “Gənc ailələrin sosial dəstəyi haqqında” qanun layihəsinin hazırlanmasını təklif edirəm. Bura işlə təminat, sosial mənzillər, sosial ipoteka, asudə vaxtların səmərəli keçirilməsi və s. kimi məsələlər daxil ola bilər. Bir çox MDB dövlətlərində artıq mövcud olan belə bir qanunun bizdə də qəbul olunması günümüzün tələbidir. Özü də bu qanun o qədər maliyyə tutumlu deyil, çünki cənab Prezidentin sosial-siyasəti nəticəsində bir çox sadaladığım məsələlər artıq icra olunmaqdadır. Sadəcə bunları qanun şəklində sistemləşdirmək olardı.

Həmçinin müvafiq qanunlara bir sıra dəyişiklikləri təklif etmək istərdim. Belə ki, bu və ya digər qanunlarda müvafiq müddəaların olmasına baxmayaraq onlar zəif işləyir. Bunun səbəbi bir tərəfdən qeyri-effektiv icra mexanizmidirsə, digər tərəfdən əhalinin icra mədəniyyətinin aşağı olmasıdır. Belə ki, bir çoxları onlara münasibətdə qəbul edilən inzibati-maliyyə tədbirlərinə tabe olmağı vacib saymırlar. Məsələn, vətəndaşlar kiçik qanun pozuntularına görə onlara tətbiq olunan bu və ya digər cərimələri illərlə ödəmirlər. Halbuki bu cərimə cəzanın ən humanist formasıdır, alternativi azadlıqdan məhrumetmədir. Bir çoxları dövlətə cərimələri və ya ailəsinə alimenti ödəməmək üçün işə müqaviləsiz düzəlirlər və ya maaşı qara kassadan alırlar. İcra məmurlarının sorğusuna isə cavab verirlər ki, heç bir yerdə işləmirlər. Mən artıq belə məsuliyyətsiz vətəndaşlara qarşı mülki və digər hüquqların məhdudlaşdırılmasını təklif etmişdim. Hesab edirəm ki, payız sessiyası dövründə bu dəyişiklikləri etmək zəruridir.
Digər misal: “İstehsalat və məişət tullantıları haqqında” Qanuna, həmçinin müəyyən olunmamış yerlərdə zibil atmağa görə cərimələrin sərtləşdirilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə 2013-cü ildə etdiyimiz dəyişikliklər işləmir. Abşeron, ictimai çimərliklər, həmçinin Bakının mərkəzdən aralı rayonlarında zibillik vəziyyəti qeyri-qənaətbəxşdir – bu sahəyə az diqqət ayıran bələdiyyə və icra hakimiyyəti ilə yanaşı lazım olmayan yerlərə, hətta pəncərədən həyətə kisələrlə zibil atan ölkə sakinləri də bu işdə günahkardırlar.
Hesab edirəm ki, DİN sistemində ekologiya polisinin yaradılması haqqında qanun qəbul olunmalı və ya müvafiq qanunlara dəyişiklik edilməlidir. Bu qurum ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntuları  üzərində nəzarəti həyata keçirməlidir.
Bu və ya digər qanunlara edilməli olan bənzəri dəyişikliklər az deyil və payız sessiyası boyunca Komitələrdə biz müvafiq təklifləri edəcəyik. Bununla belə cənab spikerin diqqətini daha əvvəl də etdiyimiz bir təklifə yönəltmək istərdim. Söhbət qanunverici və icra hakimiyyəti orqanı nümayəndələrinin daha sıx ünsiyyətinin vacibliyindən gedir. Deputatlar çox vaxt şikayət edirlər ki, zənglə bu və ya digər nazirə düşə bilmirlər, nazirlər əlçatmazdılar, hətta bəziləri büdcə müzakirəsi zamanı parlamentin iclasında iştirak etmirlər.
Buna görə də, hörmətli Oqtay müəllim, yaxşı olardı ki, nazir və baş nazir müavinlərinin deputat korpusu ilə mütəmadi görüşləri təşkil olunsun. Bu, məhz işgüzar görüşlər, fikir mübadiləsi, həmçinin deputatların bu və ya digər yüksək çinli məmura vermək istədiyi təklif və suallar olacaq. Öz növbəsində də nazirlər bu və ya digər problemə olan baxışını bizimlə bölüşəcək, qanunlara bu və ya digər dəyişiklikləri təklif edəcək. İnanın, bu, çox effektiv metoddur. Məsələn, bu cür metod Rusiya Dövlət Dumasında mütəmadi istifadə olunur. Bizdə də belə üsul bir neçə dəfə çoxdan qalmış problemin həllinə kömək edib. Misal üçün, iki il əvvəl İnsan alveri ilə bağlı Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazovun hesabatı zamanı uşaq dilənçiliyinə qarşı mübarizənin gücləndirilməsi üçün biz ona müraciət etdik. Nəticədə qısa müddət ərzində lazımi tədbirlər görüldü, hal-hazırda Bakı və digər şəhərlərin küçələrində dilənçiliklə məşğul olanların sayı əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə qanunverici və icra hakimiyyətinin birbaşa və daimi əlaqəsi çox vacibdir. Bu, qəbul edilən qanunların daha effektiv və daha operativ icrasına kömək edə bilər.
Xahiş edirəm etdiyim təkliflər nəzərə alınsın. Ümumilikdə mən “qanunvericilik işləri planı”nı dəstəkləyirəm və həmkarlarımı onun lehinə səs verməyə çağırıram”.

Xəbər xətti