Roma Papası bu gün Gürcüstan və Azərbaycana üç günlük səfərə başlayır

11:32 - 30 Sentyabr 2016 - Xəbər

Roma Papası Fransisk bu gün Gürcüstan və Azərbaycana üç günlük səfərə başlayır.

"Report" Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı pontifik hər iki ölkənin siyasi və dini liderləri ilə görüşəcək. Bu gün günortadan sonra Papa Tbilisiyə çatacaq. Hava limanındakı rəsmi qarşılanma mərasimindən sonra Fransisk Prezident sarayına gedəcək və Gürcüstan dövlət başçısı Giorgi Marqvelaşvili ilə görüşəcək. Görüşdən sonra Papa və prezident Prezident Sarayının həyətindən hökumət, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələrinə müraciət edəcək.
Oktyabrın 1-də Papa Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirəcək. Liturgiyadan sonra Müqəddəs Ata Gürcüstandakı katolik kilsənin keşişləri və xidmətçiləri ilə görüşəcək. Oktyabrın 2-də səhər saatlarında dini lider Tbilisidən Bakıya gələcək. Onun Azərbaycana səfəri Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində dini ayinlə (messa) başlayacaq. Ardından pontifikin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Şəhidlər Xiyabanına getməsi, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşləri planlaşdırılır.
Elə həmin gün axşam Fransisk Vatikana qayıdacaq.

Xəbər xətti