Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı

18:47 - 29 Sentyabr 2016 - KİVDF

Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədək mövcud olmuşdur

Torpaq qəbirləri antik dövrdə də Albaniya ərazisində geniş yayılmış qəbir abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır. Adətən qəbrin ölçüləri dəfn edilən şəxsin ölçülərindən böyük götürülürdü. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların cəmdəkləri də qoyulurdu. Onların bəzi məhəlli xüsusiyyətləri də vardır. Məsələn, Mingəçevirdə qəbirlərin demək olar hamısında skelet azacıq bükülü vəziyyətdə idi və başı əsasən şimal-şərqə tərəf qoyulmuşdu. Qəbirdə zəngin avadanlıq vardı. Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan verir. Qırlartəpə məskəninin yaxınlığında yerləşən torpaq qəbirdən iki gümüş piyalə tapılmışdı. Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı. Küplərdə dəfn etmək adəti ən qədim əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədək mövcud olmuşdur. Albaniyanın qəbir abidələrinin başqa bir tipi ölülərin gil tabutlarda dəfn edilməsidir. Kiçik gil tabutlar böyük tabutlardan yalnız ölçüsü ilə deyil, forması ilə də fərqlənir, onların bir və ya iki tutacağı vardır, deşikləri yoxdur; skeletlər bükülü vəziyyətdə sol və ya sağ böyrü üstə qoyulmuşdur. Gil tabutlarda dəfn etmək adəti vaxt etibarilə əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir. Tarixi Albaniyanın ərazisində katakomba, taxta qutu və çiy kərpic qəbirlər aşkara çıxarılmış və öyrənilmişdir. Qəbirlərin bu tipi Azərbaycan ərazisinə sarmatmassaget-alan və digər irandilli tayfalar tərəfindən gətirilmiş və yerli əhali arasında qismən yayılmışdır. Bu tip qəbirlər eramızın I-IV əsrlərinə aid edilir; bunlar yalnız Mingəçevirdən tapılmışdır. Taxta qəbirlərdə ölülər bir qayda olaraq qoşa dəfn edilir, başları cənub-şərqə tərəf qoyulurdu. Eramızın I-II əsrlərindən başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması biçin prosesində əmələ gələn tərəqqini arxeoloji cəhətdən təsdiq edir. Bitki qalıqları Albaniyada istehsal olunan məhsulların çeşidi haqqında mühakimə yürütməyə imkan verir.
Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır; onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir. Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan gümüş və mis qab-qacaq cəmiyyətin sosial cəhətdən yekcins olmadığını da aydın bildirir. Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab istehsalının eramızın II-III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə isə bunlar Şərq ölkələrindən gətirilirdi.
Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Bəzək şeyləri metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və i.a. daxildir. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. Bu qolbaqlar həm də qədim albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi. Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir – bunlar formaca bir-birindən fərqlidir. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir. Qeyd etmək maraqlıdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır. Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Əcnəbi bəndlər, əsasən Roma bəndləri çoxdur. Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır. Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr, habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.
Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. Eramızdan əvvəl IV-III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur. Albaniyanın monumental heykəltəraşlığı əsasən Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil olunmuşdur. Şamaxı rayonunun Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir. Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır.
Strabonun məlumatına görə, albanlar yunanca Helios, Zevs və Selena adlandırılan üç allaha sitayiş edirdilər. Antik müəllifin dediyinə görə, albanlar Selenaya üstünlük verirlər. "Onun məbədi İberiyanın yaxınlığındadır". Başqa bir məbəd vilayəti Kür çayının sahilində idi. Dion Kassinin yazdığına görə, Pompey albanlara qarşı yürüşü zamanı "qış düşərgəsini Anait vilayətində Kür sahilində salmışdı". Maraqlıdır ki, Şərqi Albaniyada Kaspi dənizinin adalarında da müqəddəs vilayətlər olmuşdur. Bu barədə Mela məlumat verir. Mela müqəddəs ağacları olan müqəddəs ərazilərdən bəhs edir. Ola bilər ki, Kaspi Talqasında daha primitiv xarakterli bir ibadətgah və ya bir növ qədim pir varmış. Qədim Albaniya panteonunun bir allahının Strabon tərəfindən antik dünyanın məşhur baş allahı Zevslə eyniləşdirilməsi ilə əlaqədar olaraq iri daş bütlər maraq doğurur. Bunların ən səciyyəvi olanları Xınıslıda, Dağkolanıda və Çıraqlıda aşkara çıxarılmışdır. Çoxunun əl-ayağı və ya başı yoxdur. Bunlar xronoloji cəhətdən eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə aiddir. 
(ard; var)

Xəbər xətti