İlham Əliyev: "İslamı terrorla eyniləşdirirlər, halbuki terrordan ən çox müsəlman ölkələri əziyyət çəkir"

13:42 - 29 Sentyabr 2016 - Xəbər

İslamı terrorla eyniləşdirirlər, halbuki terrordan ən çox müsəlman ölkələri əziyyət çəkir.Bunu Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışında deyib.
İlham Əliyev bildirib ki, son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, həm də digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr, qanlı toqquşmalar, müharibələr baş verib və baş verir: "Bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın, köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində, bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir və öz növbəsində, bu ölkələr dağılandan sonra – Yaxın Şərqi nəzərdə tuturam – insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi Avropa ölkələrində çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir. Eyni zamanda antimiqrant meyillər güclənmişdir və bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Və bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha da çox, böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha çox böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Çox təhlükəli tendensiyadır”.
Azərbaycan Prezidenti əlavə edib: “Biz indi sivilzasiyalararası dialoqdan danışırıq, amma reallıqda sivilzasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa, çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, bugünkü zamanda daha çox belə məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir və bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Məsələn, islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki bəzi kütləvi informasiya vasitələri, bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər, halbuki terrordan ən çox əziyyət çəkən ölkələr elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “Stop İslam!” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu nədir? XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı ölkələr reaksiya vermir, hesab edirlər ki, bu belə də olmalıdır. Çox təhlükəli tendensiyalardır və biz mütləq bu barədə danışmalıyıq".
Dövlət başçısı qeyd edib ki, müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha da böyük dəstək qazanması narahatedici amillərdir.trend

Xəbər xətti