Ana səhifə
17 Avqust 2018

Bələdiyyə seçkilərinə hazırlıq intensiv olaraq davam etdirilir

Mərkəzi Seçki Komissiyası Katibliyinin (MSK) rəhbəri Rövzət Qasımov dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı AzərTAc-a müsahibə verib.

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir.

 

Bələdiyyə seçkilərinə hazırlıq işləri, tətbiq olunan yeniliklər barədə nə deyə bilərsiniz?

 

- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası bir müddət əvvəl öz qərarını dərc edib. MSK-nın qərarına əsasən Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri dekabrın 23-nə təyin olunub. Qərar verildikdən dərhal sonra seçkilərlə bağlı hazırlıq işlərinə başlanılıb və bu işlər intensiv olaraq davam etdirilir. Artıq MSK özünün bəzi layihələrini həyata keçirib. Hazırda bir sıra layihələr də icra olunmaqdadır. Bu layihələr həmişəki kimi, müxtəlif qəbildən olan seçki iştirakçılarına yönəlib. Bizim layihələrin əsas məqsədi istər seçicilərin, istər seçki komissiyaları üzvlərinin, istər namizədlərin, istərsə də səsvermə prosesini izləyən müşahidəçilərin maarifləndirilməsidir. Hazırda seçicilərin siyahılarının dəqiqləşdirilməsi mərhələsidir. Buna görə də biz seçicilərimizi siyahıda öz adlarını, məlumatlarını yoxlamağa dəvət edirik. Qeyd edim ki, seçici siyahıları seçkilər zamanı istifadə olunan ən mühüm sənədlərdən biridir. Çalışırıq ki, Azərbaycan Respublikası ərazisində yaşayan bütün seçicilər seçkilərdə maneəsiz səs versinlər. Bələdiyyə seçkiləri, ümumiyyətlə, namizəd baxımından kifayət qədər böyük statistikanı əks etdirən seçkilərdir. Ümumilikdə 15 min 35 Azərbaycan vətəndaşı qarşıdan gələn seçkilərdə bələdiyyələrə üzv seçiləcək. Bu bələdiyyələrin sayı 1607-dir. Azərbaycanda bələdiyyə təcrübəsi o qədər də uzun müddəti əhatə etmir. Ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bildiyiniz kimi, yerli özünüidarəetmə bələdiyyələr vasitəsilə həyata keçirilir. MSK, eyni zamanda, namizədlərin də işinin tam asanlaşdırılması, yəni namizədlərin istər öz sənədlərini təqdim etməsi, istər bütün proses barədə tam məlumatlı olması üçün onların maarifləndirilməsi istiqamətində bir sıra addımlar atır. Komissiya bir çox digər seçki iştirakçıları kimi, namizədlərin də maarifləndirilməsi məqsədilə “Namizədlər üçün yaddaş kitabçası” hazırlayıb. Bu kitabçalar dairə seçki komissiyalarına təhvil verilir. Burada namizədlərin rol və vəzifələri, hansı sənədləri təqdim etmələri və s. məsələlər barədə müfəssəl məlumat əksini tapıb. Sənəd hazırlayarkən namizədlərin vəzifəsi mövcud formaları dairə seçki komissiyasından götürüb sadəcə öz məlumatlarını oraya doldurub geri qaytarmaqdan ibarətdir. Bütün bu işlər prosesi asanlaşdırmaq üçün görülüb. Məqsədimiz odur ki, respublikanın hətta ucqar ərazilərində yaşayan vətəndaşlarımız belə heç bir əziyyət çəkmədən asanlıqla öz namizədliklərini irəli sürə bilsinlər. Əlbəttə, bütün seçkilərdə bu cür addımlar atılır ki, istər namizədlər, istər seçicilər, istərsə də digər seçki iştirakçıları asanlıqla öz rol və vəzifələri, ümumi proseslər barədə məlumat əldə edə bilsinlər. Hazırda respublika ərazisində təxminən 17 min 179 şəxs artıq dairə seçki komissiyalarına müvafiq bildirişi təqdim edib və öz niyyətlərini bildiriblər ki, qarşıdan gələn bələdiyyə seçkilərində namizəd qismində iştirak etmək fikrindədirlər. Bizi ən çox sevindirən məqamlardan biri də odur ki, Azərbaycan Respublikasında siyasi partiyalar bələdiyyə seçkilərinə ciddi maraq nümayiş etdirirlər. Artıq doqquz siyasi partiya tərəfindən namizədliklə bağlı 12 min 575 müraciət edilib. Ümumilikdə 17 min 179 namizədin 13 min 523-ü məhz partiya mənsubiyyətini göstərmiş vətəndaşlardır. Digərləri isə bitərəf olaraq seçkilərə qatılacaqlar. Bu seçkilərdə statistika baxımından diqqəti cəlb edən digər məqam isə qadınların sayıdır. Onlar da qarşıdan gələn seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olduqları barədə bildirişi dairə seçki komissiyalarına təqdim ediblər. Namizəd kimi seçkilərdə iştirak etmək niyyətində olanlardan 11 min 910 nəfəri kişi, 5 min 269 nəfəri qadındır. Bilirsiniz ki, biz hər zaman beynəlxalq təşkilatlarda, görüşlərdə Şərqdə qadınlara seçib-seçilmək hüququnu verən ilk ölkənin məhz Azərbaycan olduğunu deyirik. Bizim cəmiyyətdə qadınlar tamamilə azaddırlar. Onlar istənilən vaxt müstəqil şəkildə öz siyasi iradələrini ortaya qoyaraq seçkilərdə namizəd kimi iştirak edə bilərlər. Digər sevindirici hal isə seçkilərdə namizəd olmaq istəyənlərin əksəriyyətinin ali təhsilli olmasıdır. Seçki dairələri tərəfindən daxil olan statistik göstəricilərə görə, namizədlik üçün bildiriş təqdim etmiş 17 min 179 vətəndaşdan 14 min 814-ü ali təhsillidir.

 

Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn seçkilərlə bağlı görəcəyi işlər barədə məlumat vermənizi xahiş edirik.

 

-Gələn həftədən etibarən MSK aşağı seçki komissiyası nəzdində fəaliyyət göstərən, şikayət və müraciətlərin araşdırılmasına məsul olan ekspert qruplarının üzvləri üçün xüsusi təlimlər təşkil edəcək. Bundan sonra isə aşağı seçki komissiyası, yəni, məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsinə başlanacaq. Bu məqsədlə də əvvəlcə hər bir dairə seçki komissiyasında fəaliyyət göstərən təlimçilər Bakı şəhərinə dəvət olunur. Dörd gün ərzində MSK-nın mütəxəssisləri tərəfindən təlimçilər üçün kurslar keçirilir. Bundan sonra isə həmin təlimçilər dairə seçki komissiyaları ərazisində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri üçün təlimlər keçəcəklər. Həmin təlimlər zamanı onlara bütün lazımi avadanlıq, həmçinin istifadə olunacaq sənəd nümunələri təqdim ediləcək. Bu məsələ hər zaman MSK-nın diqqət mərkəzindədir. Məlumdur ki, seçki günü seçicilərlə birbaşa təmasda olanlar və bu prosedurları həyata keçirənlər məntəqə seçki komissiyalarının üzvləridir. Məhz buna görə də biz hər zaman onların maarifləndirilməsi məsələsini diqqətdə saxlayırıq ki, məntəqə seçki komissiyalarının üzvləri seçki prosesi zaman ortaya çıxacaq istənilən məsələni qanun çərçivəsində aradan qaldıra bilsinlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyalarının üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə oktyabrın 17-də dairə seçki komissiyalarının sədrləri üçün Bakıda müşavirə keçirildi. Aşağı seçki komissiyası üzvləri üçün ixtisasartırma kurslarının ikinci mərhələsi məhz dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün təşkil olundu. Bu kurslarda onlar görməli olduqları işlər barədə məlumatlandırıldılar. Ümumilikdə atılan bütün addımların əsas məqsədi odur ki, bələdiyyə seçkilərində iştirak edən tərəflər öz rol və vəzifələrini bilsinlər və biz seçkiləri şəffaf şəkildə, ədalət prinsiplərinə uyğun keçirək. Bunun üçün Azərbaycan dövləti tərəfindən bütün lazımi addımlar atılır. Əminik ki, qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanda seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.
 

Tarix
8 Noyabr 2014 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin