Bakıda X Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

17:33 - 27 Sentyabr 2016 - Cəmiyyət

Oktyabrın 7-9-da "Baku Expo" Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu (yubiley) Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.
Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar.
Təhsil sərgisinə giriş 9-11-ci sinif şagirdləri və onların valideynləri, abituriyentlər, tələbələr, məktəb direktorları, ali məktəb rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Xəbər xətti