Əli Əhmədov: “Ölkədə keçirilən referendum Seçki Məcəlləsinə tam uyğun şəkildə həyata keçirilib”

20:25 - 26 Sentyabr 2016 - Xəbər

 "Referendum uğurla başa çatdı. Xalq Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən konstitusiyaya təklif edilən dəyişiklikləri müsbət dəyərləndirdi". "Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov ümumxalq səsverməsi (referendum) ilə bağlı hakim partiyanın qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, YAP-ın yerlərdə olan müşahidəçilərinin verdiyi məlumata əsasən seçkilərdə vətəndaşların yüksək fəallığı müşahidə olunub: "Bu da onu deməyə əsas verir ki, vətəndaşlar referenduma məsuliyyətlə yanaşıblar. Test kifayət qədər uğurlu oldu. Səsvermənin təxmini nəticələri bunu büruzə verdi. MSK yaxın vaxtlarda ilkin məlumatlarını açıqlayacaq. Xalq referendumda Azərbaycan Konstitusiyasının müasir baxımdan təkmiləşdirilməsini dəstəklədi".
Ə.Əhmədov vurğulayıb ki, bugünki referendum beynəlxaq aləmdə də geniş rezonans doğurdu: "Ölkəmizə gələn beynəlxalq təşkilatların nümayəndələrinin fikirləri də buna sübutdur. Ölkədə keçirilən referendum Seçki Məcəlləsinə tam uyğun şəkildə həyata keçirilib. Bütün ölkə üzrə referendum kifayət qədər sabit və sakit şəraitdə reallaşıb. Bugünki seçkilər demokratiyanın inkişafı istiqamətində atılan mühüm addımdır. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Azərbaycanın inkişafında yeni səhifənin açılacağına əminik. Sosial layihələrin həyata keçirilməsində daha cəsarətli addımlar atılacaq. İnsanların mütləq əksəriyyəti inanıram ki, təklif olunan dəyişiklikləri dəstəkləyiblər".

Xəbər xətti