Azərbaycanda referendum keçirilir

09:04 - 26 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.
Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi olacaq. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.trend

Xəbər xətti