Nadir şah Borçalını Kartli çarına bağışladı

18:59 - 23 Sentyabr 2016 - KİVDF

Borçalının sonrakı acı taleyinin başlanğıcı qoyuldu

XVIII əsrdə Borçalı döyüş meydanına çevrildi və tarixdə ciddi hadisələrə səbəb oldu. 1723-cü ildə hakimiyyət uğrunda mübarizə İranı zəiflətdi. Bundan istifadə edən Osmanlı imperiyası növbəti dəfə Ermənistan və Şərqi Gürcüstana hücum etdi. İran yalnız 1735-ci ildə özünün əvvəlki təsir sferasını bərpa edə bildi. Nadir xan Əfşarın 1730-cu və 1735-ci illərdə Osmanlı ordusunu məğlub etdikdən sonra osmanlı türklərini bütün Cənubi Qafqazdan qovdu. Kartlinin və Kaxetin xristian feodalları Nadir xana tabe olduqlarını bildirdilər. P.Q. Butkov iddia edir ki, müharibə qutardıqdan sonra Nadir şah Borçalını Kartli çarlığına türklərə qarşı müharibədə və onlara köməyə gələn Krım-tatar ordusunun darmadağın edilməsində fəal iştirak etdiyinə görə bağışladı. Amma başqa versiya daha inandırıcıdır. Nadir xan iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada onun idarəsinə verildi. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilmiş və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi dururdu. Həmin vaxt hakimiyyətdə Səfəvilər sülaləsindən III Şah Abbas idi. Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir xan öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq, yəni şah olmaq istədi. Bundan ötrü o yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay, (bu dəfə böyük qurultay) çağırdı. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığdı. 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verdi. Sözlərini bununla əsaslandırdi ki, III Abbas (Səfəvi nəslindən idi) hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir. Əslində bu bir gediş idi. Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir xan özünü zahirən elə göstərdi ki, guya yorulub, doğrudan da şahlığı istəmir.  Qurultay az qala yalvarıb onun razılığını aldı və tacqoyma mərasimi keçirildi. Beləliklə, Nadir xan Nfdir şah oldu. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlandı. Beləliklə. Səfəvi sülaləsi Əfşar sülaləsi ilə əvəz olundu. Nadirin şah elan edilməsinə qarşı isə öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğur xan Qacar (Ziyadoğlu) bildirdi. Əslində Azərbaycanın hərbi elitası –qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Amma cəsarət edib etirazlarını bildirməkdən çəkindilər. Uğur xan Qacarın etirazı isə ona baha başa gəldi. O da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş oldu. Onun hakimiyyətində yalnız Gəncə saxlanıldı və rütbəsi də Gəncə bəylərbəyi adlandırıldı, qacarların çox hissəsi Xorasana sürgün edildi. Borçalı isə Gəncə bəylərbəyindən alınaraq Kartli-Kaxet çarlığına verildi.  Beləliklə, Borçalının sonrakı acı taleyinin başlanğıcı qoyuldu. Mirzə Adıgözəlbəy 1845-ci ildə qələmə aldığı «Qarabağnamə» əsərində Borçalının Nadir şahın qəzəbinə gəldiyini yazır. Belə ki, 1736-cı ildə Muğanda Nadirin şahlığına Ziyadoğulular etirazlarını bildirmişlər. Odur ki, «Ziyad oğldanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə bərabər Gürcüstan əmirliyinə və uca mərtəbəli valinin hökmünə tabe etdi». Yəni, Nadir şah Borçalını özünün vassalı olan Gürcüstan əmirini hakimiyyəti altına verdi. Bu barədə Mirzə Yusif Qarabaği «Tarixi-Safi» əsərində bir qədər müfəssəl danışır: «Hicri 1148 (1736) -ci ildə, İran şahı seçmək üçün Muğan səhrasında çağrılmış böyük qurultaya Nadir şahın əmri və fərmanı ilə hər bir ölkədən camaat toplanmışdı. Gəncə xanları isə Nadir şah dövlətinin tərkibinə daxil olmağa razı deyildilər. Və hətta kütləni də təbliğ edirdilər ki, Səfəvi övladlarından başqa heç kimi şahlığa seçməsinlər. Buna görə də qəzəbli və kinli Nadir şah səltənətinə keçdikdən və müstəqil şah olduqdan sonra dərhal Gəncə xanlarını məhv etmək qərarına gəldi və get-gedə onların səlahiyyətlərini əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını da onlardan alıb. Gürcüstan valisinə verdi». Həmin dövrdə Kartli-Kaxet çarlığı İran ərazisi hesab olunurdu. Nadir şah hakimiyyətə gəldikdən sonra 12 min  ailəni (təqribən 50 min nəfər) Borçalıdan Xorasana sürgün etdi. Bu, borçalıların növbəti sürgünü idi. Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini müharibələrlə möhkəmləndirdi və onun hərbi dühası həmişə onun köməyinə çatırdı. Şahın Azərbaycan və Dağıstan səfərlərində borçalı atlıları qəhrəmanlıqları ilə seçilirdi.  Bu ərazilərdə tez-tez üsyanlar baş verurdi və bu üsyanları yatırmaq isə asan olmurdu. Belı  üsyanlardan biri Nadir şah 1737-ci idə böyük ordu ilə Hindistan və Mərkəzi Asiyaya yürüş edərkən başlamışdı. Onun ölkədə olmamasından istifadə edən şimal-qərb bölgəsinin əhalisi 1738-ci ildə silaha əl atdılar. Ən böyük üsyan Carda baş verdi. Üsyanı yatırmaq üçün Nadir şahın qardaşı, Azərbaycanın hakimi İbrahim xan böyük ordu ilə oraya getdi. Şəki yaxınlığındakı Cənik dərəsində döyüşdə Nadir şahın  ordusu darmadağın edildi, İbrahim xan öldürüldü.  Üsyançılar o qədər qüvvətləndi ki, hətta 30-cu illərin sonunda bütün karvan yollarını ələ keçirdilər. Sərdar Əmiraslan xanın başçılığı ilə Cara göndərilmiş qüvvələr də məğlub edildi.  Üsyanı yatırmaq cəhdi nəticəsiz qaldır. Yalnız 1739-cu ilin yayında Şəfi xanın başçılığı ilə Şirvana göndərilən qoşun üsyanı qismən yatıra bildi. Bir sözlə, bu dövrdə Azərbaycanın şimal-şərq bölgələrində Əfşarlara qarşı çıxışlar özünün ən yüksək zirvəsinə çatdı. Lakin qüvvələrin qeyri-bərabərliyi üsyançıların son anda məğlubiyyəti və ağır şəkildə cəzalandırılması ilə nəticələndi. XVIII əsrin 40-cı illərində mərkəzi hakimiyyətə qarşı üsyanlar o qədər qüvvətlənir ki, hətta üsyançılara qarşı yürüşüə 1741-ci ilin yayında Nadir şahın özü başçılıq etməyə məcbur oldu. Amma Nadir şahın şimal-şərq bölgəsində və Car vilayətində əhalinin müqavi¬mətini tez bir zamanda qırmaq cəhdi baş tutmadı.  Nadir şaha qarşı çıxışların içərisində özünə¬məxsus rol Şirvandakı üsyanlara və  hərəkatlara məx¬susdur. Çünki bu hərəkatların baş verməsinə təkcə xalqın narazılığı yox, həm də bir sıra xarici dövlətlərin planları da kifayət qədər təsir edirdi. 1743-cü ildə xarici dövlətlərin planları əsasında özlərini yalandan Səfəvi şahzadələri adlandıran I və II  Sam Mirzələr meydana çıxaraq hakimiyyətə iddialarını ortaya qoydular. Əfşar sülaləsinin hökmranlığından narazı olan sadə xalq Səfəvi xanədanını üstün tutaraq yalançı «şahzadələr»i müdafiə etdilər. Onların hakimiyyətə gələcəyi təqdirdə vəziyyətinin yaxşılaşacağına inandılar.  Az keçmədi ki, bəzi kiçik feodallar da «şahzadələr»ə qoşuldular. Bu işdə onlara Surxay xanın başçılıq etdiyi Dağıstan feodalları da yardım edirdilər. Hərəkat əvvəlcə müvəffəqiyyət qazansa da, Nadirin sərkərdəlik fəaliyyəti öz işini gördü, üsyançı qüvvələr məğlubiyyətə uğradıldı. Bu hərəkat əslində təkcə Nadir şahın hakimiyyətinə və idarə üsuluna yönəlməmiş, eyni zamanda antifeodal səciyyə daşıyırdı. Üsyanların yatırılmasında borçalı atlıları xüsusilə seçilirdi. Dərbənd keçidini möhkəmləndirən Nadir şah burada qulluq edən Borçalı atlılarını və Kartli döyüşçülərini evlərinə buraxdığı barədə tarixi sənədlərdə məlumatlar var.

 

Xəbər xətti