Siyavuş Novruzov: "Venesiya Komissiyasının rəyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir"

14:38 - 22 Sentyabr 2016 - SİYASƏT

Venesiya Komissiyasının rəyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir.Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib: "Referendumun keçirilməsinə sayılı günlər qalıb və sentyabrın 26-da seçicilər seçki məntəqələrinə gələrək öz münasibətlərini bildirəcəklər. Bununla bağlı kifayət qədər tədbirlər keçirilib, yəni iyulun 18-də Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinə müraciət imzalayıb, Konstitusiya Məhkəməsi isə bir həftə ərzində bu məsələyə baxıb, hər bir maddəni nəzərdə keçirdikdən sonra rəy verib. Yəni bu proses dövründə istənilən komissiya, qurum öz rəyini verə bilərdi. Lakin indiyə qədər nə Venesiya Komissiyası, nə də digər qurumların heç birinin münasibəti olmayıb".
Millət vəkili əlavə edib ki, Venesiya Komissiyasının referenduma bir neçə gün qalmış rəy bildirməsi qərəzə söykənir, bu baxımdan da həmin rəyi şərh etməyə ehtiyac yoxdur: "Çünki məlum məsələdir ki, Konstitusiyaya əlavə və dəyişikliklər xalqın iradəsi əsasında həyata keçirilir və xalq da öz iradəsini referendumda ifadə edəcək. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycan vətəndaşları ilə çoxsaylı görüşlər keçirilib - bu görüşlər sentyabrın 24-dək davam edəcək - görüşlərdə referenduma təqdim olunan məsələlər müzakirə olunub. Əminliklə deyə bilərəm ki, vətəndaşlar sentyabrın 26-da seçki məntəqələrinə gəlib referendumla bağlı gündəmə çıxarılan maddələrin hər birinə münasibət bildirərək səs verəcəklər. Bu, xalqın iradəsidir. Hakimiyyətin mənbəyi xalqdır. Ona görə də hansısa komissiyanın, hansısa ekspertin rəyi bizim üçün əsas ola bilməz. Çünki qərarı qəbul edən xalqdır".
S.Novruzov bildirib ki, Azərbaycan xalqı bu referendumda məqsədin insan hüquq və azadlıqlarının qorunması, hakimiyyətin müxtəlif qollarının təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılıb dərhal cavab verilməsi və digər mühüm məsələlər olduğunu oxuyur, bilir: "Yəni bütün bunlar xalq üçün edilir, hər bir dəyişiklik onların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilir".
YAP rəsmisi vurğulayıb ki, bu məsələdə hansısa qurumun fikri Azərbaycan üçün əhəmiyyət kəsb etmir: "Cənab Prezident İlham Əliyev də Avropa Parlamentinin üzvləri ilə görüşündə onların qəbul etdiyi qərarlarla bağlı bir sıra faktlar ortaya qoydu. Konkret olaraq göstərdi ki, bunların qəbul etdiyi hər hansı bəyanat, qətnamə - hamısı qeyri-qanunidir, nə beynəlxalq hüquqa, nə ədalətə, nə də insanlığa əsaslanır. Bu baxımdan da kiminsə nə yazıb-pozması bizim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir".
Deputat qeyd edib ki, müasir dövrdə dünyanın hər bir ölkəsində dövlət strukturlarının təkmilləşdirilməsi aparılır: "Elə buna qədər cənab Prezidentin sərəncamı ilə ayrı-ayrı qurumlar yaradıldı, islahatlar aparıldı. Yəni ölkə iqtisadi cəhətdən inkişaf etdikcə, gücləndikcə, beynəlxalq səviyyədə nüfuzu artdıqca, eləcə də dünyada bir çox hadisələrin, terror aktlarının artdığını nəzərə alsaq, dövlət strukturlarının, təhlükəsizlik sisteminin təkmilləşdirilməsi hər saat, hər an tələb olunur, nəinki təkcə referendum vasitəsilə. Azərbaycan da hesab edir ki, bu sahədə təkmilləşdirmə işi getməlidir və müvafiq addımlar atır. Lakin bir sıra xarici qurumlar istəmir ki, Azərbaycan güclü dövlət olsun, ölkəmizdə ictimai-siyasi sabitlik olsun. Onlar Azərbaycanın müxtəlif tədbirləri, o cümlədən böyük idman tədbirlərini yüksək səviyyədə təşkil etməsini istəmirlər. Məqsəd, maraq bundan ibarətdir. Bizi istəməyən qüvvələr, erməni lobbisi, daxilimizdə olan vətən xainləri keçiriləcək referenduma kölgə salmağa cəhd edirlər. Lakin bu, mümkün deyil, çünki bu, xalqın iradəsidir".

Xəbər xətti