AŞPA Azərbaycanda referendum üzrə müşahidə missiyasının tərkibini açıqladı

10:40 - 21 Sentyabr 2016 - SİYASƏT

Sentyabrın 26-də Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi üzrə keçiriləcək referendumun müşahidəsi üçün Avropa Şurası Parlament Assambleyası (AŞPA) 7 nəfərdən ibarət qiymətləndirici missiya göndərəcək.

AŞPA-nın mətbuat xidmətindən Report-a verilən məlumata görə, müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə gələcək.

Nümayəndə heyətinə Aleksandr Nikoloski (Makedoniya) başçılıq edəcək.

Nümayəndə heyətinin tərkibinə aşağıdakı şəxslər daxildir:

Andrea Riqoni (İtaliya)
Yanaki Stoylov (Bolqarıstan)
Antonio Qutyerres (İspaniya)
Dominik Tarjinski (Polşa)
Ştefan Şennax (Avstriya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi
Sezar Florin Preda (Rumıniya), Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi.

Azərbaycana səfər zamanı nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşləri planlaşdırır. Referendum günü nümayəndə heyətinin üzvləri seçki məntəqələrinə baş çəkəcəklər.

AŞPA nümayəndə heyətinin rəhbəri sentyabrın 27-də Bakıda keçirəcəyi mətbuat konfransında referendumun monitorinqininin nəticələrinə dair öz fikirlərini açıqlayacaq.

Xəbər xətti