Qərbi Azərbaycandakı kilsələri albanlar tikib

18:35 - 20 Sentyabr 2016 - KİVDF

Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülüb və alban kilsələrinə sahib çıxıblar

 Deyilənlərə ən gözəl sübut kimi Qərbi Azərbaycanın, yəni Ət-Təbərinin yazdığına görə, onun dövründə “Azərbaycan və ondan asılı olan ölkələr xəzərlər ölkəsi” kimi tanınırdı. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.
Maraqlıdır ki, şərti olaraq “erməni qıpçaqcası” adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi – əsasən müxtəlif “İncil” nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur. Bu barədə Murad Aci yazır: “Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?…” . Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban – türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir) göstərmək olar. Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” adlı kitabında yazır ki, Moksda Qarqaradlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur.Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastır kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir. Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (VIII əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdı. Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır. Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (IX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır. Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi. VIII əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dinikitablar ciddi cəhdlə qorunurdular (Gevond, XIV fəsil). Ermənistanın əlyazmalar fondunda araşdırmalar aparan A. D. Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində – Albaniyadakı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər. Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir. Bu ədəbiyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq din xristian albanların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb olmuşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə) Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Ukrayna və Ermənistanda qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını tədqiqatlara cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini, Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək baxımından çox vacibdir. Biz “Kitabi-Dədə Qorqud” sayəsində Azərbaycanda oğuz-qıpçaq münasibətlərində oğuzların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli alban ədəbiyyatını araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb. Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır. Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışmaların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505–ci ildə bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni dilində olan bir məktubda deyilir: “Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə eyni şeyi təkrar edirik”. Elm aləmində “Erməni qıpçaqcası” adlandırılan yazıların və ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedilməz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifinin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban) əlfbası ilə yazılmış sadəcə bircə sətirini əldə etməmiz yetərli idi. Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox sayda tanınmış alban müəllifinin əsərləri, o cümlədən böyük alban maarifçisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının bütöv bir parçası, eləcə Kirakos Gəncəlinin “Tarix” kitabının II fəsli, alban katalikosu Nersesin “İnamın əsasları”, eləcə də Yovhannes Sarqavak, Vardapet Vanakan və s. müəlliflərin moizələri kimi təkzibedilməz dəlillər var. 

Bəxtiyar Tuncay
(ardı var)

Xəbər xətti