“Ana südünü kəsən valideyn öz uşağına qarşı ən böyük “cinayət” törədir”

15:23 - 20 Sentyabr 2016 - Müsahibə

Doktor Ələkbər Həsənov: “Süni uşaq qidaları genetik dəyişdirilmiş heyvanların məhsullarıdır”


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, tibb elmləri doktoru Ələkbər Həsənov bu gün uşaqlar arasında yayılmış xəstəliklər və onların daha effektiv üsullarla müalicəsi, eləcə də ana südünün bu xəstəliklərin qarşısının alınmasındakı möcüzəvi təsirlərindən danışıb. Onunla söhbəti təqdim edirik:


-Ələkbər müəllim, bu gün uşaqlar arasında geniş yayılmış xəstəliklər hansılardır?
-Uşaqların düzgün qidalanmaması və xüsusən də raxitin profilaktikasının düzgün aparılmaması nəticəsində əmələ gələn pataloji hallar, uşaqlarda xəstəliklərin əmələ gəlməsinə şərait yaradan əsas faktorlardan hesab olunur. 
Ana südündən uşaqların kəsilməsi və süni qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük “cinayət”dir. Belə ki, hazırda hazırlanan süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80-100 litrə qədər süd verir. O inəklər hətta bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmirlər. Bəzi infeksiyalara tutulurlar və müəyyən müddətdən sonra onların ətləri də istifadəyə yararsız hesab olunur. Valideynlər də bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər. 


-Bunların uşaqlar üçün nə kimi əlavə təsiri var?
-Birincisi bu kimi genetik modifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasında çox ciddi təsirləri var. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlara nisbətdə böyük olur. Və çox vaxt müayinələr zamanı biz valideynlərə uşaqlarının dalağının və qaraciyərinin böyük olmasını bildirəndə, təşvişə düşürlər. Onlar uşaqlarını bütün müayinələrdən keçirirərək buna çarə axtarırlar, amma bunun əsl səbəbi vaxtında uşaqların düzgün qidalanmamasıdır. 
Bəzi hallarda həkimlərimiz ana südünü müayinə etməyə göndərirlər. Bu kökündən yalnış fikirdir. Ana südü müayinə olunmur, çünki ananın döş vəzisində elə bir “filtir” var ki, o heç bir virusu buraxmır. Hətta sarılıqlı, QİÇS-li anaların uşaqlarını südlə qidalandırması məsləhət görülür. Ana südündən heç bir xəstəlik, virus uşağa keçmir. Ona görə də ana südünü müayinə olunmasının heç bir tibbi əsası yoxdur. Əksinə ana südündə anticisimlər müəyyən olunur ki, bu da hansısa mikroba qarşı davamlılığın olması deməkdir. 
Sadəcə olaraq, indiki dövrdə bəzi analar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Ana südü ilə qidalanma” proqramı ilə yaxından tanış olsalar, onlar körpələrini öz südlərindən məhrum etməzlər. Buna  çox səthi yanaşıldığına görə,  ana südünün nə qədər möcüzəvi bir əhəmiyyətə malik olduğunu bilmirlər.  Bəzi analar özləri yaxşı qidalanmadığı halda südlərinin az olduğunu deyirlər. Amma bu doğru fikir deyil.  Belə ki, qadın hələ hamilə olarkən, 6 ayından başlayaraq uşağın qidası onun dərialtı toxumasında toplanır. Ona görə də qadınların hamilə olduğu dövrdə 10-15 kilo çəkiləri artır. Bu da onların dərisinin altında toplanmış, bəzilərinin dediyi kimi yağ deyil, uşağın qidalanması üçün lazım olan maddələrdir. 
Dini kitablarda deyildiyi kimi, uşağın ruzisini Allah özündən əvvəl, məhz ananın dəri altı toxumasına göndərir. Ona görə də ana südünü vermədikdə həmin o dəri altına toplanmış qida maddələrinin üzərinə duz və su çökərək, sülulitə çevrilir. Bu zaman həmin ana artıq çəkidən azad ola bilmir ki, bu da Allahın analara verdiyi “cəza”dır.
Bundan əlavə, ana südü ilə qidalanan uşaqlar ilin hansı fəslindən asılı olmayaraq suya ehtiyacları olmur. Çünki ana südünün konsentrasiyası temperatura uyğun olaraq, qışda qatı, yayda isə duru olur. Ana südündə olan immunoqlobinləri heç nəylə əvəz etmək olmaz. 
Beləliklə, ana südü ilə qidalanmanın nəticəsi sağlam uşaq və ana deməkdir. 


-Bəzən analar südlərinin olmamasından şikayət edirlər. Bu haqda nə deyə bilərsiniz?
-Ana südünün olmaması kimi bir termin yoxdur. Ana südünün verilə bilməməsi var. Birincisi, əgər mənə belə ana rast gələrsə, ondan ilk soruşduğum sual bu olur. “Sən doğurdanmı südünü vermək istəyirsən?”. Əgər doğurdan da ana südünü vermək istəyirsə, o analarda problem olmur. Sadəcə olaraq, onlar uşaqları düzgün şəkildə tuta bilmirlər, bu zaman uşaq ananın döşündən asılı vəziyyətdə qalır. Və nəticədə körpə yorularaq anasının döşünü əmməkdən imtina edir. Ana da elə bilir ki, uşaq yemir. Bir də bəzi analar var ki, körpələrinə südü saatla verirlər. Bu qətiyyən yol verilməz bir haldır. Ana südünü verdikdən yarım saat sonrakı müddətdə yenidən onun döşündə süd əmələ gəlir. Əgər ana tənbəllik edib, südünü verməzsə, nəticədə süd əmələ gəlmə prosesi dayanır. 


-Uşaqların hiperaktivliyini, məhz ana südünün verilməməsi ilə əlaqələndirdiniz. 
-Bəli. Çünki ana südü ilə qidalanan uşaqlarda məhəbbət hissləri daha güclü olur. Süni qidaların tərkibində olan konservativ maddələrin özləri həm qaraciyəri, həm dalağı, eyni zamanda uşağın mərkəzi sinir sistemini zədələyir, nəticədə oyanıqlığın artması halları baş verir. Bu da hiperaktivliyin səbəblərindən biridir. 
İstər telefonlar olsun, istərsə də planşetlərin uşaqların əlindən düşmədiyini hər birimiz yaxşı bilirik. Amma valideyn bunu bilmir ki, bunlar hələ tam yetişməmiş uşağın orqanizmində iki hormonu məhv edir. Onlardan birincisi seratonin maddəsidir ki, bu uşaqların əhval-ruhiyyəsini yaxşı saxlayır. Televizor, kompüterə meyilli olan uşaqlarda seratoninin miqdarı azalır. İkincisi isə onlarda endolfin deyilən, hormonun azalmasıdır. Bu hormon ağrıkəsici funksiyanı yerinə yetirir. Bu hormonun azalması uşaqlarda baş ağrıları və  özlərinə qapanma halları ilə müşayiət olunur. Belə hallar isə məktəbəqədər, eləcə də məktəbaşlı uşaqlarda daha çox rast gəlinir. Belə uşaqlar çox aqressiv olurlar. 
Mən bunu bütün valideynlərə deyirəm: əgər onların uşaqları gün ərzində 1 saatdan çox elektron vasitələrdən istifadə edirsə, o uşaqların nəinki özlərini, onların valideynlərini də “məhv etmək” səviyyəsinə qədər gətirib çıxarır. Ona görə onların yaşına uyğun olaraq proqram qurulmalıdır. Valideynlərə bir daha səslənirəm ki, uşaqlarınızı işiniz xatirinə oyunlarla baş-başa buraxaraq, onların gələcəyinə böyük zərbə vurmuş olursunuz. 
Ana südünün verilməsinin ananın sosial vəziyyəti ilə əlaqələndirilməsinə gəlincə isə demək istərdim ki, bu qətiyyən doğru deyil. Mən praktikamda da görmüşəm ki, bəzi analar südlərinin olmamasını stress, gərginlik faktorları ilə əlaqələndirirlər. Bunu nəinki mən, heç dünya praktikası da qəbul etmir. Elə çətin şəraitdə yaşayan analar var ki, onlar körpələrini ana südündən məhrum etmirlər. Süd ananın dərialtı toxumasında əmələ gəlir, bunun ananın qidalanması ilə heç bir bağlılığı yoxdur. Süd verən anaların bir diyetası var: Kasıb tapdığını, varlı istədiyini yeyər. Bu zaman anaların diqqət edəcəyi əsas məsələ, kimyəvi tərkibli qida məhsullarının körpələrinə verilməməsidir. 


-Bu gün uşaqlar arasında iştahsızlıq problemləri də valideynləri marahat edən məsələlərdəndir. 
-Belə hallar məktəbyaşlı uşaqlarda daha çox özünü göstərir. Bu da əsasən uşaqlarda yaranmış stress, gərginlik halları ilə bağlıdır. Uşaqların bu vəziyyətdə olmasının əsas səbəblərindən biri də valideynlərin onlarla düzgün münasibət qurmamasıdır. 
Uşaqlara qışqıraraq nəyisə başa salmaq, onları tərbiyə etmək qətiyyən mümkün deyil. 
Uşaqların yaxşı qidalanmamasının səbəblərindən biri də onlarda qan azlığının olmasıdır. Belə ki, qan azlığı olan uşaqlarda dad reseptorları yaxşı inkişaf etmir və uşaqlar yeməyin dadını hiss etmirlər. Əksinə belə uşaqlar qeyri-adi (kolbasa, sosiska, qazlı içkilər və s.)yeməklərə daha meyilli olurlar.  


-Məktəbyaşlı uşaqların daha çox stress hallarına düşdüyünü vurğuladınız. Bəs analar bu zaman nələrə diqqət etməlidir?
-Bu kimi hallar tibbi problemlər sayılmır. Bunlar psixoloji və pedaqoji problemlərdir. Biz analara stressi əmələ gətirən, yaradan faktorları araşdırıb uşaqları ilə düzgün münasibət qurmalarını məsləhət edirik. İndiki uşaqlarda informasiyalar daha çoxdur. Uşağın verdiyi hər suala cavab vermək və onun tələb  etdiyi şey ona olmazsa, bunu uşağa düzgün şəkildə başa salmaq lazımdır. 


-Müasir dövrün bəlalı xəstəliyi hesab edilən xərçəng uşaqlar arasında da yayılmağa başlayıb. Bu xəstəliyin “cavanlaşmasının” səbəbi nədir?
-Bu gün uşaqların yaşlarına uyğun olmayan, yəni tərkibində konservativ və konserigen maddələr olan qidaları qəbul etməsi bir çox xəstəliklərin, eləcə də xərçəng xəstəliyini yaradan başlıca səbəblərdən biridir. Konserigen maddələr xərçəngi əmələ gətirən maddələrdir. Konservantlar isə həmin qida maddələrinin uzun müddət saxlanılmasını təmin edən maddələr olduğuna görə, onların  xüsusi dadları uşaqları daha çox cəlb edir. Amma bəzən konservativ maddələrin özlərinin də konserigen xüsusiyyətləri olur, yəni xərçəng xəstəliyini yaradan səbəbləri olur. Bu dünyanın hər yerində  belə qəbul olunur. Eyni zamanda havanın çirklənməsi, gündəlik həyatımızda bayaq da qeyd etdiyim ki, uşaqların elektron vasitələrə daha çox meyilli olması da, bu kimi xəstəlikləri yaradan başlıca faktorlardan biridir. 

Xəbər xətti