Ana səhifə
17 Oktyabr 2018

«Əgər səhnədə, seriallarda sevgi münasibəti yaşayırsansa...» - MÜSAHİBƏ

Anar Heybətov: “Özümü xoşbəxt sayıram ki, bu gün teatrda da, seriallarda da lazımlı aktyoram”

 

 

Teatrda və seriallarda bir-birindən fərqli obrazlar yaradan Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov “Şənbə qonağı”mızdır. Hazırda “Səni ürəyim sevdi” serialı ilə tamaşaçıların görüşünə gələn gənc aktyor yaradıcılığındakı son yenilikləri bizimlə bölüşdü.

 

- Anar bəy, Sizin tardan aktyor sənətinə gələn sənət yolunuz var. Bu, necə oldu?

 

- Bülbül adına Orta ixtisas Musiqi Məktəbininin xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirmişəm. Məktəbi bitirdikdən sonra valideynlərimin təkidi ilə  sənədlərimi Konservatoriyaya verdim. Amma mənim həvəsim yox idi. Elə oldu ki, xalq artist Ramiz Quliyev imtahandan kəsdi. Çox sevindim. Bugünkü gündə ona minnətdaram ki, məni imtahandan kəsdi. Sonra 1 il “Zərgərlik zavodu”nda işlədim. Orada işləyə-işləyə Qorxmaz Əlilinin Estrada Teatrında işlədim. Orada konsertlər aparırdıq, xırda səhnələr qururduq. Məndə aktyorluğa həvəs məktəb illərindən vardı. Orada sinif yoldaşlarımızla bayram tədbirlərində kiçik parçalar hazırlayırdıq. Bir ildən sonra sənədlərimi İncəsənət Universitetinin dram və kino fakültəsinə verdim. Orada Azər Paşa Nemətovun kursunu bitirdim.  Onunla yanaşı əməkdar artist Gülşad Baxşıyeva aktyor sənətindən dərs deyib. 1999-cu ildən bu günə qədər Akademik Milli Dram Teatrında işləyirəm.

 

- Siz demək olar ki, tamaşalarda və bir neçə seriallarda çəkilirsiniz. Bu nə ilə əlaqədardı? Sizin həmyaşıdlarınız arasında belə deyil…

 

- Bilmirəm nə ilə əlaqədardır. Amma özümü xoşbəxt sayıram ki, bu gün teatrda da, seriallarda da lazımlı aktyoram. Allah o gündən saxlasın ki, heç kimə lazım olmayasan. Tamaşada və seriallarda rejissora lazım oluramsa, təbii ki, hər birinə təşəkkürümü bildirirəm. Deyə bilmərəm ki, istedadıma görədir. İstedadlı uşaqlar da var. Hansı ki, onlar da tamaşalarda az oynayırlar, seriallara dəvət almırlar. Onları da yoxlamaq lazımdır.

 

- “Pərvanələrin rəqsi” serialında daha çox tanındınız. Bu serialdan sonra həyatınızda nələr dəyişdi?

 

- Seriala qədər bir aktyor kimi tanınırdım. Amma serialdan sonra tamaşaçımın sayı və sevgisi artdı. Bu serial indiyə qədər çəkilən seriallar arasında ən baxımlı serial olub. Reytinq cədvəlinə görə ona çatan serial olmayıb. Çünki orada çox professional aktyor heyəti vardı. Tapşırılan hər bir rola aktyor düzgün seçilmişdi. Aktyorlar öz yerlərində idilər. Bəzi seraillarda görüsən ki, aktyor öz yerində deyil. Düşünürsən ki, gərək bu rolu ona verməyəydilər, başqa rola dəvət edərdilər. Amma bu serialda bu fikirləri demək olmur. Serialın bir uğuru da məhz bu idi.

 

- Canlandırdığınız Kamran obrazı tam müsbət deyildi. Buna görə tamaşaçılar sizi necə qarşılayırdılar?

 

- Kamran obrazında elə də mənfilik görmürəm. Təbii ki, həyatda əgər ailəli insan köhnə sevgilisi ilə görüşürsə, bunu düzgün qiymətləndirmirik. Amma hər halda Kamranın ailə qurmasında yalan vardı. Onun özünü də aldatmışdılar. Heç vaxt övladının olmayacağından xəbəri yox idi. Bunu bilib, köhnə sevgilisi ilə görüşsəydi, haqq qazandırmazdıq. Həyatda heç vaxt «heç vaxt» demək olmaz . Bunlar həyatda da baş verən hadisələrdir. Mən şəxsən Kamranda mənfi heç nə görmürəm. İnsani hisslərdir, həyatda da yaşaya bilərsən. Gözləmədiyin anda kiməsə vurula, yaxud da köhnə sevgilini görüb, köhnə xatirləri xatırlaya bilərsən. Amma elə olmasaydı daha yaxşı idi. Özüm də tamaşaçı kimi o seriala baxırdım. Deyirdim ki, o hərəkəti yaxşı edib, onsuz onu da aldadıblar (gülür).  

 

- Tamaşalarınızda sevgi münasibətləri olur. Bu həyat yoldaşınız tərəfindən necə qarşılanır. Qısqanclığa səbəb olurmu?

 

- Təzə ailə quran vaxt olurdu. Sonra artıq öyrəşib. Həm də qəbul edib ki, mən aktyoram. Təbii ki, tamaşada heç nə ola bilməz. Əgər səhnədə, seriallarda sevgi münasibəti yaşayırsansa, bu, obraza aiddir. Anara aid deyil.

 

- Aktyor səhnədə tərəfmüqabilinə vurula bilərmi?

 

- Ümumiyyətlə, əksər gənclər, qızlı-oğlanlı bir-birimizlə dost münasibətindəyik. Onları bir insan kimi çox istəyirəm. Amma heç vaxt nəyəsə çevrilməsini düşünməmişəm. Çünki rolu ifa edərkən obrazı canlandırırsan. Məsələn, “Topal Teymur” taşamasında Orxanı, başqa tamaşalarda isə fərqli obrazı canlandırırıq. Biz həmin dəqiqə obrazın daşıyıcısı oluruq. Düşünmürəm ki, o sevgi, məhəbbət Anara keçə bilər. 

 

- Bu gün aktyor kimi tələbatlı aktyorsunuz. Bu uğurlarınızı kimə borclusunuz? Sizə dəstək olanlara, yoxsa istedadınıza, çalışqanlığınıza?

 

- Təbii ki, bizim müəllimlərimiz olub. İndi də vaxt tapan kimi görüşürük, nəsə öyrənirik. Teatrda çalışan böyük aktyorlar, sənətkarlar var. Onları da özümə örnək, müəllim bilirəm, öyrənirəm. Xüsusən, Azər Paşa Nemətova özümü borclu sayıram. İnstitut illərindən müəllimim olub. İndi də tamaşalar qurur, orada iştirak edirəm. Bəzi insanlar var ki, özümü onlara borclu hesab edirəm. Onların da başında Azər Paşa Nemətov gəlir.

 

- Türkiyədə seriallara çəkilmək, fəaliyyət göstərmək istərdinizmi?

 

- Seriallara dəvət etsələr, böyük məmuniyyətlə onlarla işləyərəm. Onların iş üslublarını görmək istəyirəm. Bilmək istəyirəm ki, bizdə nə çatmır. Eyni işi görürük. Bizim aktyorlar nəinki zəifdirlər, hətta, onlardan güclüdürlər. Təxmini bizdə nə çatışmadığını bilirəm, amma gözlərimlə görmək istəyirəm. Onu deyim ki, bizdə serialı ərsəyə gətirib, normal halda tamaşaçıya təqdim edən insanlar çatmır. Bizdə rejissor, aktyor, texniki heyət var. Türklərdə serialın ətrafında 80 nəfərdən çox heyət çalışır. Anonsu, çəkiliş üslubunu tamaşaçıya elə göstərməlisən ki, tamaşaçı onu qəbul etsin. Düşünürəm ki, bizdə bunlar yoxdur. Biz onlardan bir az maddi cəhətdən geridəyik. Serial bazarında bəzi şeylər var ki, bizdə madiyyatla bağlı serial çəkənlər edə bilmirlər. Təbii, o da türklərə baxanda bizim serialların zəif olmasına təsir edir. Çalışdığımız qədər işimizi elə görürük ki, sabah özümüz də baxanda utanmayaq.

 

- Hazırda “Səni ürəyim sevdi” serialına çəkilirsiniz. Madiyyat qane edirmi?

 

- Əvvəlkinə baxanda hə, qane edir. Yavaş-yavaş düzəlir. “Pərvanələrin rəqsi” serialına çəkiləndə maddiyyatı çox fikirləşmirdik. Çünki yeni serial çəkilməyə başlamışdı. Biz də yaxşı iş görməyə çalışdıq. Amma qonararı Türkiyə serialları ilə müqayisə edəndə çox azdır. Yenə şükür olsun Allaha ki, yaxşıdır. “Səni ürəyim sevdi” serialı “Oscarfilm” prodakşn tərəfindən çəkilir. Yaşar Əhmədovun filmidir. Rejissor Şahin Qəhrəmanovdur. Artıq 9 bölüm yayımlanıb, 7 seriyası qalıb. «Azad Azərbaycan» telekanalında 1-2-3-cü günləri yayımlanır. O serial bitən kimi başqa seriala çəkilirəm. Filmin adı “İkinci bahar”dır. Rejissoru Şahin Qəhrəmanovdur. O da ATV-də yayımlanacaq və 16 seriya olacaq.

 

- Başqa serialları izləyirsinizmi?

 

-  Əvvəllər izləyirdim, indi vaxt məhdudluğuna görə izləyə bilmirəm. Üç seriala çəkilirəm. Bir serialımız da yanvar-fevral ayı üçün nəzərdə tutulub. Yəqin ki, «Lider» telekanalında yayımlanacaq. Seriallard və teatrdakı işlərimə görə vaxt çatdıra bilmirəm. Deyim ki, hansısa seriala başdan-axıra kimi baxmışam, yox.  “Sirr”, “Ləkə” və “Qaranlıqlar çiçəyi” seriallarına ara-sıra baxırdım. Həm müqayisə üçün, həm də Azərbaycanda bu sahədə inkişafa doğru gedə bilirikmi deyə.O vaxt görürdüm ki, yavaş-yavaş düzəlir. Amma tam nəğicə əldə etməmişik. Seriala yeni çəkilən vaxt tez-tez eşidirdim ki, türk aktyorları bizimkilərdən yaxşıdır. Əsəbləşirdim. Düşünürəm ki, 3-5 ilə bizdə də türk serialları kimi olar.

 

- Seriallar və tamaşalarınızın bir-birinə mane olmaması üçün vaxtı necə tənzimləyirsiniz?

 

- Son vaxtlar bu qədər məşğul olmağıma təəccüb edirlər. Bu işləri necə çatdırmağımı soruşurlar. Yəqin ki, Allah kömək olur ki, işlərimi çatdırıram. Seriala çəkiləndə qarşılıqlı anlaşmaya gəlirik. Çünki birinci iş yerim teatrdı. Məşq, tamaşa vaxtı çəkiliş salmırlar. Amma onların da işinə mane olmamaq üçün tamaşadan sonra gecə saat 3-4-ə qədər gedib çəkilirik. Serialın efirdə yayımlanmasını çatdırmalıyıq.

 

- Belə yoğun iş sizi yormurmu?

 

- Dəhşət yoruluram.

 

- Bəs bu zaman nə edirsiniz?

 

- Vaxt tapan kimi oturduğum yerdə 15 dəqiqə yatıram (gülür).

 

- Necə istirahət edirisiniz?

 

- Biz Türkiyə aktyorları kimi istirahət etmirik. Birincisi, buna maddi imkanımız çatmır, ikincisi də, haradasa istirahət etməyə vaxtımız yoxdur. İstirahəti evdə, ailə üzvlərimizlə keçiririk, harasa gedirik. Bir-iki gün boş günlərimiz də olur. Amma  mənim üçün əsl istirahət səhnədə, tamaşada oynayan vaxtdır. O zaman adam sanki dincəlir. Düzdür, bəziləri fikirləşir ki, işdir, tamaşada rol oynayırsan. Amma onun aktyor üçün istirahət tərəfi də var. Tamaşada olmayanda da zalda oturub, tamaşaya baxıb dincəlirəm.

 

- Nə vaxtsa teatrda gözlənilməz hadisə ilə rastlaşmısınız?

 

- Bir dəfə teatra yeni gələn vaxt səhnədə Siyavuş Aslan, Telman Adgözəlov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Rövşən Kərəmduxt, Aslan Şirin, Şəlalə Şəhvələtqızı səhnədə idik. Azər Paşa Nemətovun quruluşunda yazıçı Elçinin  “Diaqnozlu” piyesi əsasında hazırlanmış tamaşanı oynayırdıq. Tamaşa vaxtı birdən işıq söndü. Zalda səslər başladı. Gördük ki, işıq yanmır. Allah rəhmət eləsin, Telman Adgözəlov hardansa bir fənər tapdı və zalda tamaşaçını sakitləşdirdi. Zalda bir balaca narahatlıq yaranmışdı. Hamı Telman Adgözəlovu  çox sevirdi. İşıq yanmadı, tamaşa yarımçıq qaldı. Belə gözlənilməz hadisə olub.

 

Bu gün teatrda da, seriallarda da bəzi insanlar öz işləri ilə məşğul deyillər. Sənin işinə müdaxilə edirlər. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşıdır. Əfsus ki, bu bizdə belə deyil. Teatrda da, çəkilişlərdə də kiminsə işinə müdaxilə edirlər, kiminsə işindən danışırlar, təhlil edirlər. Pisindən, yaxşısından danışırlar. Amma öz işlərində nə qədər qüsur var. Hər kəs öz işi ilə məşğul olsa çox yaxşı olar.

 

 

Rəqsanə

Tarix
7 Noyabr 2014 [18:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin