Ana səhifə
14 Noyabr 2018

«Ermənistan barəsində Avropa Məhkəməsinə şikayət ərizəsi təqdim etmək lazımdır»

Vəkil Anar Bağırov Kəlbəcərli girovların ermənilər tərəfindən mühakimə olunmasına reaksiya verdi

 

«Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?!»

 

Son günlər ölkə vətəndaşı kimi hər birimizi narahat edən və təbii olaraq müzakirə olunan əsas mövzulardan biri də Xankəndində qondarma məhkəmə qarşısına çıxarılan həmyerlilərimiz ilə bağlı məsələdir. Bu məsələ ilə bağlı ölkə ictimaiyyətindən müxtəlif fikirlər səsləndirilir, təkliflər verilir və təşəbbüslər irəli sürülür. Xüsusilə, bu həssas məsələyə hüquqi aspektdən yanaşma, problemin həllinin hüquqi mexanizmləri hamıda böyük maraq doğurur. “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov son günlər ən çox müzakirə olunan mövzu ilə bağlı öz fikirlərini bölüşüb. “Bu yaxınlarda həmyerlilərimizin iştirakı ilə Xankəndində səhnəyə qoyulmuş “məhkəmə teatrı” bir azərbaycanlı kimi məni də çox narahat edir. Lakin bir hüquqşünas kimi məni narahat edən daha bir nüans da bu problemin həllinin, soydaşlarımızın müdafiəsinin düzgün hüquqi mexanizmlərinin tapılmasıdır. Son günlər mətbuatda bəzi hüquqşünaslarımızın qondarma məhkəmə qarşısına çıxarılan girovlarımızın hüquqlarının qorunması üçün Xankəndinə getmək təşəbbüsü ilə çıxış etmələrinə rast gəldim. Onların bu təşəbbüslərində olan xeyirxah niyyətlərini təqdir edirəm, lakin hesab edirəm ki, bu yanlış hüquqi mexanizmdir. Qoy bəzi həmkarlarım inciməsinlər, onlara  sualım var. Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?! Bu, dolayısı yolla qondarma Dağlıq Qarabağ rejimini qəbul etmək, düşmən dəyirmanına su tökməkdir” – deyə A.Bağırov bildirib.

“Bizə aydındır ki, vətəndaşlarımız ölkəmizin ərazisində sərbəst hərəkət etmək hüquqlarından xoş məramla istifadə etmişlər. Lakin ermənilər bu hadisəyə saxta don geyindirmiş, həmvətənlərimizi diversant kimi qələmə vermişlər. Bu hadisə bir daha sübut edir ki, azərbaycanlılardan heç biri, o cümlədən hüquqşünaslarımız ora gedəcəkləri təqdirdə analoji hallardan siğortalanmayıb. Dağlıq Qarabağda olan  “bespredel” rejimdən hər şey gözləmək mümkündür” – deyə vəkil bildirib.

Hüquqşünas daha bir önəmli məqama diqqət yetirib. Belə ki, vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrində göstərilmişdir ki, hər bir şəxs yalnız səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra qanuni həbs oluna bilər, eyni zamanda hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Burada isə qanun əsasında yaradılmış və səlahiyyətli məhkəmədən söhbət gedə bilməz. Hətta qorxaq qondarma  Dağlıq Qarabağ rejimi tərəfindən bu “məhkəmədə” “hakimlik” edən şəxsin kimliyi gizlədilir. Bununla aşkarlıq prinsipi də pozulmuşdur. A.Bağırov bildirir ki, həmin qondarma məhkəmə qanunsuz olduğu üçün təbii olaraq onun qəbul edəcəyi istənilən qərar heç bir hüquqi qüvvəyə malik ola bilməz. Ona görə, soydaşlarımız nəinki azad olunmalı, əksinə bu biabırçı “məhkəmə”ni quranlar, onda iştirak edənlər (hakim və s.) qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar.

“Fikrimcə həmyerlilərimizin müdafiəsi üçün ən optimal yol Ermənistan barəsində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi təqdim etməkdir. Belə ki, Şahbaz Quliyev və Dilqəm Əhmədovun qanunsuz olaraq tutulması ilə bağlı məsələyə Avropa İnsan Hüquqları Konvensiyasının norma və prinsiplərinin pozulması nöqteyi-nəzərindən baxılması zəruridir. Məhz bu baxımdan Ermənistanın adı çəkilən şəxslərin qanunsuz tutulması və Avropa Konvensiyası ilə tanınmış hüquq və azadlıqlarının pozulması ilə nəticələnmiş hərəkətlərə görə məsuliyyəti meydana çıxa bilər. Çünki “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq hüququn subyekti sayılmaması mübahisəsizdir. Eyni zamanda nəzərə almalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar üzərində nəzarət etmək kimi bir hüquqa malik olmasa belə, Ermənistan öz işğalçı siyasəti nəticəsində həmin ərazi üzərində hərbi və iqtisadi baxımdan effektiv nəzarəti həyata keçirir. Qısacası, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Beləliklə də, münaqişə Azərbaycan Respublikasının daxili məsələsidir. Bu baxımdan hər hansı kənar dövlət tərəfindən bu məsələyə müdaxilə edilməsi beynəlxalq hüquq baxımından tamamilə yolverilməzdir” – deyə tanınmış hüquqşünas qeyd edib.

 Anar Bağırov: “Bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, soydaşlarımızın Avropa Konvensiyasının 3-cü (“İşgəncələrin qadağan olunması”), 5-ci (“Azadlıq və toxunulmazlıq hüququ”), 6-cı (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 8-ci (“Şəxsi həyata və ailə həyatına hörmət hüququ”) maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulmuşdur və Ermənistan dövləti buna görə məsuliyyət daşımalıdır. Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə qarşı kifayət qədər qərarları da vardır (“İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, “Katan və digərləri Moldova və Rusiyaya qarşı”, “Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”.

“Sonda bildirmək istəyirəm ki, hal-hazırda “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin vəkil üzvləri tərəfindən Xankəndində girov saxlanılan həmyerlilərimizin hüquqlarının effektiv müdafiəsi üçün populizmdən çox-çox uzaq olan lazımi hüquqi tədbirlər görülməkdədir və yaxın zamanlarda ictimaiyyətə bu barədə dolğun məlumat veriləcəkdir” – deyə hüquqşünas qeyd edib.

 

Emin

Tarix
7 Noyabr 2014 [18:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin