Neftin qiyməti yenidən ucuzlaşır

11:32 - 16 Sentyabr 2016 - İQTİSADİYYAT

Təklifin artması ehtimalı “qara qızıl” ın qiymətini aşağı salır.

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır.

Ucnoqta.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,69% azalaraq bir barelə görə 46,27 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,68% ucuzlaşaraq 43,61 dollara satılıb.

APA-nın məlumatına görə isə, neftin ucuzlaşmasına səbəb ABŞ, Liviya və Nigeriyadan nəql olunan neftin həcminin artması ehtimalıdır. Bu həftə Liviya və Nigeriya dünya bazarına nəql etdiyi neftin həcmini artıracağını bildirib. Qeyd edilən Afrika ölkələrində aparılan hərbi əməliyyatlar nəql olunan neftin həcminə mənfi təsir edib.

Yeri gəlmişkən, bu gün “Baker Hughes” şirkəti tərəfindən ABŞ-da quraşdırılan neft buruqlarının sayı ilə bağlı statistika dərc olunacaq. Qeyd edək ki, bu göstərici ötən 2 ay ərzində artım nümayiş etdirir.

Bununla yanaşı, bazar iştirakçıları ABŞ, Kanada və Qazaxıstanda hasilatın səviyyəsi ilə bağlı məlumatları diqqətlə izləyir.

Xəbər xətti