İlham Əliyev: Azərbaycanda savadlılıq təxminən 100 faizdir

16:08 - 15 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Son 10 il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı bəyan edib.

“Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik”, - deyə Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, təhsil hər bir dövlətin gələcəyidir:

“Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.

Xəbər xətti