Ağqoyunlu dövləti XV yüzillikdə qüdrətli Azərbaycan türk imperiyasıdır

18:58 - 14 Sentyabr 2016 - KİVDF

Bu dövr Azərbaycan türklərinin milli inkişaf tarixində xüsusi önəm daşıyır, dövlətçilik tariximizin dönüş mərhələsidir.
Xalqımızın orta çağ  tarixinin öyrənilməsi ilə  bağlı tarix elminin qarşısında bir sıra mühüm problemlər durmaqdadır. Bu məsələlərdən biri də XV yüzillikdə təkcə Azərbaycan torpaqlarını deyil, eyni zamanda qonşu ölkələrin ərazilərini də əhatə edən orta çağın qüdrətli Azərbaycan türk imperiyası olan Ağqoyunlu dövlətinin ictimai iqtisadi, siyasi və mədəni inkişaf tarixində baş verən dəyişikliklərin daha dərindən araşdırılmasıdır. Belə  əsərlərdən biri də Türkiyə tarixçiləri İlhan Erdem və  Kazım Paydaşın 2007-ci ildə  Ankarada nəşr olunmuş «Ağqoyunlu dövləti tarixi. Siyasət təşkilat kültür» adlı monoqrafiyasıdır. Vaxtı ilə pantürkizm, panislamizm və paniranizm öldürücü yarlıqları ilə yasaq olunmuş  şərəfli keçmişimiz elə  araşdırılmalı, bugünkü gənclərə və gələcək nəsillərə elə çatdırmalıdır ki, onlar basılmaz qeyrət ruhu, sarsılmaz əqidə və milli qürur duyğusu ilə minillik üçün silahlanmış olsunlar, tariximizi şərəflə yaşada bilsinlər. Bu  şərəfli borcu həyata keçirmək üçün Vətənimizin keçmişinin hərtərəfli və dərindən araşdırılması böyük əhəmiyyətə malikdir.
Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu dövrü kimi tanınan XV yüzillik, öz tarixi fəlsəfi mahiyyətinə görə dövlətçilik tariximizin dönüş mərhələsi hesab edilə bilər. Bu dövr Azərbaycan türklərinin milli inkişaf tarixində  xüsusi önəm daşıyır. Çünki XV yüzilliyin başlanğıcında ölkəmizdə  yadelli ağalığına son qoyuldu və Oğuz-türk dövlətçilik ənənəsinə söykənən dövlətçiliyimiz bərpa edildi. Qaraqoyunlu və onu əvəz edən Ağqoyunlu dövlətlərinin yaranması ilə Azərbaycan ərazisində Oğuzlar (türkmanlar) artıq yalnız etnik cəhətdən deyil, həm dəsiyasi baxımdan hakim mövqe qazandılar. Bu dönəmdə Dərbənddən Diyar bəkrə və Ərdəbildən Ərzincana qədər uzanan ərazi, yəni Azərbaycan və Şərqi Anadolu torpaqları Yaxın Şərq xalqlarının şüurunda «Türkman eli», Təbriz isə  «darül mülkü Türkman» kimi qəbul edilməyə  başlanmışdı.
Uzun müddət Qərb mediyevistikasında Qaraqoyunlu-Ağqoyunlu dövrü, «mərkəzi müsəlman əraziləri» tarixində iki böyük dövr- Elxani-monqol və  Səfəvi-Qızılbaş dönəmləri arasında sadəcə bir keçid və ya aralıq dövrü kimi qəbul edilirdi. Bu konsepsiya tərəfdarlarının fikrinə görə, Səfəvi dövləti XVI yüzillikdə İran milli dövlətçiliyinin bərpası dövrü idi. Beləliklə, Ağqoyunlu dövrü də sadəcə İran milli dövlətçiliyinin bərpası ərəfəsində bir hazırlıq dövrü hesab edilirdi. Təbiidir ki, bu konsepsiya çərçivəsində Azərbaycanın XV yüzillik tarixinin gerçək mahiyyətini dərk etmək mümkün deyil. Zaman keçdikcə bu dövrə aid yeni qaynaqların işıq üzü görməsi nəticəsində tədqiqatçıların da Azərbaycan Ağqoyunlu dövlətinin tarixinə maraqları artmış, bu tarixi yenidən nəzərdən keçirmək və  dəyər‐ ləndirmək ehtiyacı ortaya çıxmışdır. Bunun nəticəsində Ağqoyunlu dövlətinin tarixinə aid yeni önəmli akademik tədqiqatlar nəşr edilmişdir. Belə nəşrlərdən biri də Türkiyə tarixçiləri İlhan Erdem və Kazım Paydaşın 2007-ci ildə  Ankarada nəşr olunmuş «Ağqoyunlu dövləti tarixi. Siyasət-təşkilat-kültür» adlı monoqrafiyasıdır. Qeyd etmək lazımdır ki, Türkiyə tarixşünaslığında Ağqoyunlu dövlətinin tarixi  İ.Erdem və  K.Paydaşın monoqrafiyasına kimi  İ.H. Uzunçarşılı, M.X.Yınanç, F.Sümer Ş.Turan və S. Erşahin tərəfindən tədqiq edilmişdir. Bu tədqiqatlarda başlıca diqqət Ağqoyunlu dövlətinin siyasi tarixinə verilmişdir. Düzdür, İ.H. Uzunçarşılının əsərində ictimai və mədəni məsələlərə də  xüsusi diqqət yetirilmişdir. Yalnız S.Erşahinin monoqrafiyasında Ağqoyunluların siyasi tarixi ilə yanaşı, onların iqtisadi, ictimai və mədəni tarixi ilə bağlı məsələlər xüsusi tədqiqat obyekti kimi araşdırılmışdır. Məhz bu əsərdə Ağqoyunlu dövlətinin tarixinin bir tam halında tədqiqinə  təşəbbüs edildiyini və müəllifin qarşıya qoyduğu məsələlərin həllinə yetərincə nail olmağa çalışdığını görürük. Qeyd etmək lazımdır ki, Azərbaycan Ağqoyunlu dövlətinin siyasi, iqtisadi və mədəni tarixi tarixşünaslığımızda lazımi səviyyədə  araşdırılmışdır. Bu sahədə  İ.P. Petruşevskinin, C. İbrahimovun, Y.M. Mah mudovun, Ş.Fərzəliyevin, T. Nəcəflinin tədqiqatlarını və ümumiləşdirici  əsərləri göstərə bilərik
İ.Erdem və K.Paydaşın haqqında danışacağımız monoqrafiyası 7 bölmədən ibarətdir. Əsərin I bölməsi «Ağqoyunluların mənşəyi və tarix səhnəsinə çıxması», II bölməsi «Ağqoyunlu bəyliyi», III bölməsi «Ağqoyunlu dövləti», IV bölməsi «Ağqoyunlu dövlətinin durğunluq dövrü», V bölməsi «Ağqoyunlu dövlətinin dağılması», VI bölməsi «Ağqoyunlu dövlətinin quruluşu: saray, hökumət, məhkəmə və hərbi təşkilat» və  VII bölməsi «Dini və fikri həyat, sənət fəaliyyətləri» adlanır. Monoqrafiyanın hər bir bölməsi ayrı-ayrı paraqraflara ayrılmış və Ağqoyunlu dövlətinin siyasi, iqtisadi-sosial və mədəni tarixinə aid məsələləri əks etdirmişdir. Kitabın sonundakı «Biblioqrafiya» adlanan hissəsində müəlliflərin istifadə etdiyi qaynaqlar, tədqiqat əsərləri və mövzu ilə bağlı ümumi əsərlər barədə məlumat verilmişdir. İ.Erdem və K.Paydaşın monoqrafiyasını Ağqoyunlu dövlətinin tarixinə aid yazılmış digər əsərlərdən fərqləndirən mühüm cəhətlərdən biri, burada dövrün qaynaqlarından və son dövrlərə kimi yazılmış tədqiqat əsərlərindən yararlanmaqla Ağqoyunlu dövlətinin siyasi tarixinin ətraflı şərhi verilməsi, dövlət quruluşu, idarə sistemi və mənəvi həyatı ilə bağlı məsələlərin tədqiqinə  xüsusi diqqət yetirilməsidir. Qeyd etmək lazımdır ki, İ.Erdem və  K.Paydaşın monoqrafiyasına kimi Ağqoyunluların ictimai və mədəni həyatı ilə bağlı məsələlər qismən İ.H.Uzunçarşılının əsərində araşdırılmışdır. Lakin bu məsələlərin daha geniş və ətraflı şəkildə tədqiqi S.Erşahinin yuxarıda qeyd etdiyimiz əsərində tədqiq edilmişdir.
Monoqrafiyanın I bölməsində Ağqoyunluların mənşəyi, onların tarix səhnəsinə  çıxması və Ağqoyunlu ulusuna daxil olan tayfalar tədqiq edilmişdir. Bu bölmədə ağqoyunlu oymağının adı, tarix səhnəsinə çıxması və  ağqoyunluların Şərqi Anadoluya gəlməsi məsələləri araşdırılır. Müəlliflər Ağqoyunlu ulusuna daxil olan tayfaların, o cümlədən Bayandurların hələ XI yüzillikdə Səlcuq yürüşləri dövründə Anadoluya gəlməsini qeyd etmiş və Ağqoyunluların Şərqi Anadoluya gəlməsi ilə bağlı məsələyə  aydınlıq gətirməyə  çalışmışlar. Ağqoyunluların əsas boyu olan «Bayandırların Selcuklu fatehklərlə Anadoluya gəlmiş  olduqlarını ehtimal edən» müəlliflər onların XIII yüzilliyin ortalarında Monqol işğalları dövründə  Azərbaycandan Şərqi Anadoluya gəlməsini göstərirlər. Əbubəkr Tehrani «Tarixi-Diyarbəkriyyə» əsərində onların «Dəşti Qıpçaq»dan öncə  Azərbaycana (VII  əsrdə) gəldiklərini (rəvayət  şəklində olsa belə) qeyd etmişdir. Deməli, bayandırlar Anadoluya Azərbaycandan gəlib keçmişlər, güman etmək yerində olar ki, onlar Azərbaycandan Şərqi Anadoluya müəlliflərin də etiraf etdikləri kimi əsasən monqol hücumları dövründə  köçmüşlər. Bu bölmədə diqqəti cəlb edən mühüm cəhətlərdən biri müəlliflərin Ağqoyunlu ulusuna daxil olan oymaqlar haqda ətraflı məlumat verməsidir.Müəlliflər C.Vudsun və Türkiyə tarixçilərinin Ağqoyunlu oymaqları ilə bağlı tədqiqatlarına istinad edərək bu tayfalar haqqında ətraflı məlumat vermişlər.

Tofiq NƏCƏFLİ 
 (ardı var)

 

Xəbər xətti