Narkotik qaçaqmalçılığı ilə məşğul olan qrup zərərsizləşdirilib

11:15 - 14 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb.
Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahədən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Sentyabrın 8-də saat 23:00 radələrində Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyənləşdirilərək saxlanılıb.
Sentyabrın 9-da isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində həyata keçirilən tədbirlər nəticəsində qəsəbə sakinləri - 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanılıblar. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstərən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıblar.
Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlamada 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti