Urmiya gölündən Aral gölünədək uzanan yaxın və uzaq tariximiz

19:04 - 8 Sentyabr 2016 - KİVDF

Qarqarlarin  etnogenezinin ilkin mərhələsi Azərbaycan ərazisində gerçəkləşib


Qərbi Azəbaycanda (bugünkü Ermənistanda) da qıpçaq - qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” adlı kitabının 66 - 67  - ci səhifələrində yazır ki, Moksda Qarqar adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası,  Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur. Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastr kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283 – cü il) daha çox Məyəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir. 
Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (Vlll əsr) Qarqar düzənliyinin, Böyük Vardan (Xlll əsr) isə Qarqar vilayətinin adını çəkmişlər.  Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır. Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XlX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlrində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanr) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. Xlll əsr ərəb müəllifi Yaqut əl – Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (lX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur.
Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (ll əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır.Madam ki, qırğız xalqının əsas özəyini qıpçaq-qarqarlar və amazonkalar təşkil etmişdir, o zama tam qətiyyətlə demək olar ki, bu xalqın etnogenezinin ilkin mərhələsi Azərbaycan ərazisində gerçəkləşmişdir. "Manas” dastanının Altay versiyası olan “Alıp Manaş” əsatiri nağıl poeması  da mövzumuz baxımından böyük önəm daşımaqdadır. “Kitabi – Dədə Qorqud”a daxil olan “Bamsı Beyrək” boyunun süjetini xatırladan bu nağılın qəhrəmanı Manaş azman bir bahadırdır. Nağılın N. Ulaqaşev tərəfindən yazıya köçürülmüş variantının qısa məzmunu belədir: «…Onun (Alıp Manaşın) burnu təpəyə, qaşları meşəyə, gözləri odlu məşələ oxşayır. Atası kürəyində at sürüsü gəzə bilən Baybarak, anası Ərmən Çeçen, bacısı Koodur. Valideynləri Alıp Manaşın istəməsinə baxmayaraq, Qırğız xanın qızı Koyumyujek Arunu ona alırlar. Evləndikdən sonra Manaş bir dəfə kitabda oxuyur ki, uzaq ölkədə yaşayan acıqlı, bədniyyət Ak-kanın insan üzü görməyən, kişi əli dəyməyən Erke Karaçi adlı dünya gözəli bir qızı var. Çoxları bu qızla evlənmək istəmiş, fəqət içlərində sağ qalıb, geri dönən olmayıb. Manaş ata-anasının, bacısı və arvadının etirazlarına baxmayaraq, qızın eşqiylə yola çıxır. Məlum olur ki, Ak-kanın xanlığı üzərindən qanadlı atla belə keçməyin çox çətin olduğu tünd göy rəngli çayın o biri tərəfindədir. Bahadır min bir əziyyət bahasına da olsa, aylar, illər çəkən uzun yolçuluqdan sonra, axır ki, çaya yetişir. Burada rast gəldiyi qoca bir qayıqçı onu və atını çayın o biri sahilinə keçirir. Ak-kanın torpağına ayaq basarkən atı ona buranın çox təhlükəli bir yer olduğunu söyləyir, fəqət manaş onu dinləməyib yoluna davam edir. Bərk yorulduğundan dincəlmək qərarına gəlir və dərin yuxuya dalır. Sahibini gözləyən acı taledən xəbərdar olan at ulduza çevrilib göyə qalxır və hönkür-hönkür ağlamağa başlayır. Günlərin birində Ak-kanın çobanları heyvanları otara-otara Manaşın yatdığı yerə gəlirlər və bahadırın tufanı xatırladan xorultu və nəfəsindən vahiməyə düşürlər. Tez xanın yanına gəlib gördüklərini anladırlar.  Ak-kan yeddibaşlı adamyeyən Debelqanı vəziyyəti öyrənmək üçün hadisə yerinə göndərir. Debelqan göy öküzünə minb azman bahadırın yatdığı yeə gəlib, çobanların doğru söylədiyinin şahidi olur. Geri dönüb gördüklərini Ak-kana anladır: Yer üzərində uzun illərdir ki, yaşayıram, amma ömrümdə belə qorxmamışdım, belə bir möcüzə görməmişdim. Görünür, hansısa bahadırın burnuna düşmüşdüm. Bu vaxt bahadır asqırdı və dalğalı qasırğa kimi məni çox-çox uzaqlara, yüz gölün arxasına tulladı. Az qlmışdı öləm, möcüzə sayəsində qurtuldum. Ak-kan bunu eşidər-eşirməz, qoşununu toplayıb Manaşın üzərinə yürüyür. Onlar gəncə nə qədər ox atırlarsa, qılınc çalırlarsa, heç bir xeyri olmur. Ona nə ox batır, nə də qılınc kəsir. Belə olan halda, əsgərlər Ak-kanın əmri ilə bahadırın yanında geniş və dərin quyu qazıb, onu ora itələyirlər. Quyuya düşən bahadır düz doqquz ay quyuda yatmaqda davam edir. Manaşın yaraq-yasağı çox ağır olduğundan, onları qaldırmağa kimsənin gücü yetmədiyindən elə orada, quyunun yanında qalır. 
Manaş yuxudan ayıldıqda özünü əl-qolu zəncirli halda, dərin bir quyunun içində gördü. Qərib dünyada başına gələn bu acı hadisədən bərk qüssələndi və kədərli mahnı oxumağa başladı. Onun nərəyə bənzər səsini eşidən quş və heyvanlar quyunun ağzına yığışdılar. Amma heç kəsin onu quyudan çıxarmağa gücü yetmədi. 
Belə olan halda Manaş evlərinə çöl qazının vasitəsilə məktub göndərib, başına gələnləri anladır. Məktubu alan ana-atası qardaşlığı Ak-kobeni onun dalınca göndərirlər. Ak-kobek axtarıb Manaşı tapır, amma ona nəinki kömək eləmir, anasının göndərdiyi sehrli yeməkləri qardaşına verməyib özü yeyir, üstəlik  quyunun ağzına ağır bir dağ da qoyur. Sonra bir vaxtlar buralara gəlib həyatını itirən igidlərin sür-sümüklərini toplayıb geri dönür. Məqsədi hər kəsi Manaşın öldüyünə inandırmaq və onun arvadı Kyumyujek Aruna sahib çıxmaq, onunla evlənmək idi. Manaşın ümidi hər yerdən və hər kəsdən kəsildiyi anda vəfalı atı özünü yetirir, quyunun ağzındakı dağı bir tərəfə atıb sahibini əsirlikdən azad edir. Quyudan çıxan bahadır düz doqquz il Ak-kanın qoşunu ilə döyüşür, qoşunu qırıb axırına çıxır, Ak-kanı, Debelqanı və Ak-kanın yüzlərlə igidin qanına bais olmuş qızı Erke Karçini öldürü (Nağılın bir variantında Erke Karçi onunla döyüşdə ölür).
Bundan sonra Manaş yurduna geri dönür. Onun sağ-salamat olduğunu görən ana-atası, bacısı və vəfalı arvadı çox sevinirlər. Manaş ona xəyanət edən, arvadına göz dikən qardaşlığı Ağ-kobeki ölümlə cəzalandırır».
M. H. Tantəkin sözügedən süjetlə Firdovsi “Şahnaməsində yer alan “Bijən və Mənijə” dastanının süjeti, eləcə də V əsr erməni tarixçisi M. Xorenatsinin nəql etdiyi real bir tarixi hadisə arasında bağlılıq görməkdə və onları eyni kökdən hesab etməkdədir».
Firdovsinin nəql etdiyi süjetin qısa məzmunu isə belədir: «Erməni elçiləri İran şahı Xosrovun yanına gəlib, ölkələrinin donuz sürülərinin tapdağı altında qaldığını bildirir və bu fəlakətdən qurtulmaq üçün ondan yardım istəyirlər. Xosrov şah özünün igid hərbiçilərindən Bijənə Gərgini bələdçi qoşub  ermənilərə köməyə göndərir. Bijən fəlakəti erməni torpaqlarından təkbaşına rədd edir. Buna paxıllığı tutan Gərgin Bijənə xain çıxır. Bijəni məhv etmək istəyi ilə onu Turan xaqanı Əfrasiyabın (Alp Ər Tonqanın – B. T.) günəşə bənzər qızı Mənijənin və onun ətrafındakı gözəl türk qızlarının sorağını verərək deyir ki, bu qızlardan əldə edib Xosrov şaha təqdim etmək pis olmazdı. Hiyləyə uyan Bijən Gərgini meşənin yanında qoyub , görmədən aşiq olduğu Mənijənin dalınca Turana gedir. Gərgin Bijənin qayıtmasını gözləmir. Onun atını götürüb İrana qayıdır və Bijənin itkin düşdüyünü atası Kivə və Xosrov şaha çatdırır..."
Bəxtiyar Tuncay
(ardı var)

Xəbər xətti