Urmiya gölündən Aral gölünədək uzanan yaxın və uzaq tariximiz

18:59 - 7 Sentyabr 2016 - KİVDF

Qarqarlar Qafqaz Albaniyasının, yəni Azərbaycanın ən qədim sakinlərindən biridir

  Türk dillərinin məşhur bilicisi N.A.Baskakov qaraqalpaq və noğay dillərini müqayisə edib bir-biri ilə qarşılaşdırmaqla onların tayfa tərkibini göstərib, etnik birliyini sübuta yetirib. Bundan başqa XVII əsr rus tarixi sənədlərində qaraqalpaqların və noğayların Yaik çayı üzərində hərbi döyüşlərdə birlikdə iştirak etdikləri göstərilir. Bütün bunlar bir daha təsdiq edir ki, XV-XVI əsrlərdə qaraqalpaqlar Noğay Ordasının tərkibində olublar. Bu siyasi birləşmənin çərçivələrində hər ehtimala qarşı məhz qaraqalpaqların etnogenezinin formalaşmasının mürəkkəb prosesi gedib, onların dili və qaraqalpaqların mədəniyyətinin əsas xüsusiyyətləri məhz bu mühitdə formalaşıb. Burada Orta Asiya siviliziasiyasının qədim mərkəzi olan Xarəzmə məxsus olan xarakterik əlaqələr də öz əksini tapıb. Eləcə də onların Dəşti-Qıpçaqla və aşağı – Sırdərya rayonları (Qazaxıstan) və Şərqi Avropanın - Ural ətrafının, Volqa ətrafının və Şimali Qafqaz ərazilərində yaşayan xalqların mədəniyyətləri ilə bir arealda formalaşması da tarixi etnoqrafik ədəbiyyatda sübuta yetirilib. Qaraqalpaqlarla noğayların etnik birliyini həm də bu iki xalqın içində olan qəbilə-tayfa adlarının eyniliyi də sübut edir. Qaraqalpaq etnoqrafları və folklorşünasları tərəfindən qələmə alınmış əfsanələr və lətifələr sırasında xüsusi maraq noğayların tarixi folklorlu ilə bağlı silsilə əhəmiyyət kəsb edir. Rəvayət və əfsanələrdə qaraqalpaqların noğaylarla Ural ətrafında Volqaya, Urala və Krıma tərəf birgə köç etməsi də əksini tapıb. Bununla belə əfsanə və rəvayətlərdə həm də rus və Şərq mənbələrinə görə noğaylardan Ormambet bəyin, Orus bəyin və digər hökmdarların adı çəkilir». 
Qaraqalpaq türklərinin ən əski ata yurdları Urmiya sahilləri, sonrakı yurdları Qafqaz dağları bölgəsi, daha sonrakı yaşayış yeri Ural və Volqa çayları arasındakı ərazilər indiki məskənləri isə Qaraqalpak Muxtar Respublikasının qurulduğu bölgədir. Bəzi tədqiqatçılar bu xalqın bugünkü yurdlarında formalaşdığını, yəni bütün etnogenez prosesinin Aral gölü ve Amudərya çayı sahillərində keçdiyini söyləyənlər olsa da, bu iddia həqiqəti qətiyyən əks etdirmir. Həqiqət «Qırx qız» dastanının sətirlərində və digər rəvayətlərdə əbədiləşmişdir. 
Qırğızlarda da “Qırx qız ata” adlı əfsanə qeydə alınmışdır və bu əfsanə qaraqalpaq dastanının süjetini deyil, Azərbaycandakı eyni adlı əfsanəni xatırlatmaqdadır. M. İsmayıl Rüstəm qızının fikrincə, qırğızların «Qırx qız ata» əfsanəsi türk mədəniyyətinin ortaq xüsusiyyətlərini aydın şəkildə göstərir. Əfsanəyə görə Köymen dağında yaşayan obalarda qırx qız biri - biri ilə bacı kimi keçinirmiş. Bir gün bu obalara quldurlar basqın edir. Qızlar o sırada hərəsi bir işlə məşğul imiş. Basqınçıları kafir sayan qızlar onlara görünməkdənsə daş olmağı diləyirlər. Köymen dağı yarılır. Qırx qız dağın içinə girərək orada daş olurlar. Bura «Qırx qız ata» adlandırılmış və ziyarət yerinə çevrilmişdir.
Mirəli Seyidov mifoloji təfəkkürdə bu tip çevrilmələrin əski inamlarla bağlı olduğu fikrini əsaslandıraraq yazır ki,“Qədim insanlar inanırmış ki, onqon, ilahi, Tanrı hər bir canlıda, cansızda cüz halında var və onlar kökə görə qohumdurlar. Bu cüzün gücü ilə canlı, cansız şəklini dəyişir. Daş insan olur, insan heyvan və sair”.
“Qırx qız ata” əfsanəsinin kök etibarilə Qafqaz regionu, daha dəqiq desək, Azərbaycanla bağlı olduğu, yəni Azərbaycandan Orta Asiyaya aparıldığı heç bir şübhə oyatmır. Əfsanədəki daşa dönmə motivi də Azərbaycan mənşəlidir. Bu motiv  Naxçıvan regionundan toplanmış əfsanələrdə rast gəldiyimiz əsas motivlərdən biridir (İsmayıl Rüstəm qızı, 2008, s. 51). M. İsmayıl Rüstəm qızı yazır ki, “Daşa dönmə insanların əski mifoloji dünyagörüşünün ifadəsidir. Bu proses müəyyən vəziyyətlərdə dualar, Tanrıya yalvarış, niyyət etmə ilə baş verir. Məsum varlıqların- əsasən qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz tutması və daşa çevrilməsidir. Maraqlı tərəf odur ki, insana bənzər daşlar əfsanələşərkən əslində daşlar da ülviləşmiş, xalq yüksək mənəvi duyğularını daşlara aşılamışdır. Daşa dönmə motivində qədim türklərin dağ, daş və qayalara baxış tərzi də ortaya çıxır”.
Alimin yazdığına görə, Şahbuz rayonunun Badamlı kəndindəki «Qız-gəlin» deyilən yerlə bağlı xalq arasında iki əfsanə danışılır. Əfsanələrin birində deyilir ki, bir ovçu silahı qaldırıb qarşısındakı kəklikləri nişan alanda kəkliklər onun gözünə qız - gəlin kimi görünür. Elə ki, tüfəngi salır, yenə kəkliklər görünür. Nəhayət, bu görüntülərdən bezmiş ovçu atəş açanda kəkliklər qız - gəlin donundaca daşa dönürlər. 
M. İsmayıl Rüstəm qızının fikrincə, bu əfsanənin məzmunu və mövzusu insan və təbiət münasibətlərinin pozulması ilə izah olunmalıdır. Ikinci əfsanədə isə düşmənlərdən qaçan qız - gəlinlər dağda Allaha dua edib qeyb olurlar. Xalq inancına görə yan-yana düzülmüş daşlar həmin qız - gəlinlərdir.
Naxçıvandan toplanmış başqa bir əfsanənin məzmunu belədir: «Yaycı elinin camaatı elin igidlərinin məğlub olduğunu, düşmənin isə çox olduğunu görəndə qız-gəlinlər ələ keçməsinlər deyə Allaha yalvarırlar ki, onları daş eləsin. Zağalara girən düşmən hər tərəfdə daş adamlarla rastlaşır. Deyilənə görə, bura ziyarətə gələnlər niyyətlərinin baş tutub tutmayacağını bilmək üçün xırda daşlardan götürüb gəlin daşın başına atırlar. Daş orada qalsa deməli niyyət qəbul olunur».
“Oğlanqala-qızqala” əfsanəsində oğlan əhdinə dönük çıxan sevgilisinin vəfasızlığına dözməyib özünü yanar oda atır. Amma vəfasız olmadığından odda yanmır, ağ bir daşa dönür.
“Qız qayası” əfsanəsində kəndin zalım katdasına getmək istəməyən qız dağlara üz tutub qaçır, Allaha yalvarır və daşa dönür. “Daş qız”  əfsanəsində zalım atasından qorxan qız üzünü göylərə tutub aman istəyir ki, “İlahi, belə yaşamaqdansa məni döndərib daş elə.” Həmin andaca qız daş olur. Bu yer də “Daş qız” adlanır.
Daşa dönmə motivli “Qırx qız ata” əfsanəsinin Azərbaycan mənşəli olması, eləcə də bir çox tədqiqatçının “qırğız” etnonimini “qırx qız”la bağlaması bu xalqın da etnogenezinin ilkin mərhələsinin Azərbaycanla bağlı ola biləcəyini ehtimal etməyə ciddi əsas verir. Qırğız türklərinin mənəvi dünyasının və əfsanələşmiş tarixi keçmişinin “ensiklopediya”sı hesab edilən “Manas” dastanındakı bir neçə önəmli məqam bu ehtimalın həqiqətdən qətiyyən uzaq olmadığını göstərir.
“Qırx qız” motivinin Qafqaz mənşəli olduğunu və bu halda söhbətin amazonkalardan getdiyini söyləmişdik. Madam ki, qırğızlar yalnız bu kütləvi (qırxın qırxa) izdivacdan sonra peyda olublar, o zaman ortaya belə bir sual çıxır: bu qırx igid etnik baxımdan kimdir, onların və Manasın mənsub olduğu xalqın adı nədir? Bu sualın cavabı qırğızların etnogenezini anlamaq baxımından çox böyük önəm daşıyır. Sualın cavabı isə elə “Manas” dastanının özündə verilir. 
Dastanda əsərin qəhrəmanı Manasın mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır. Bu informasiya qırğız türklərinin etnogenezini və bu etnogenezin ilkin coğrafi arealını müəyyən etməmiz baxımından son dərəcə böyük önəm daşımaqdadır. Məsələ burasındadır ki, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda  yaşadıqlarını yazmışdır. Eyni zamanda, qarqarların Qafqaz Albaniyasının, yəni Azərbaycanın ən qədim sakinlərindən biri olduğu hər kəsə məlumdur. O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir.
Bəxtiyar Tuncay 

Xəbər xətti