Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla doktorantura yaradıla bilər

16:10 - 7 Sentyabr 2016 - ÖLKƏ İÇİ

"Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla da doktorantura yaradıla bilər".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, AMEA gələn ildən ödənişli əsaslarla doktorantura səviyyəsi üzrə təxminən 50 yer ayıra bilər: "Bundan başqa, gələcəkdə onlar üçün təhsil kreditlərinin verilməsi də mümkün olacaq. Həmin kreditlər onların tək təhsil xərcləri üçün deyil, eləcə də yataqxana, yaxud ev kirayələrinin xərcləri, həmçinin müəyyən yaşayış tələblərinin qarşılanması üçün nəzərdə tutulacaq. Həmin kredit doktorantlara nağd şəkildə verilməyəcək, onların oxuduqları təhsil müəssisələrinin hesabına köçürüləcək. Doktorantlar üçün verilməsi planlaşdırılan kreditin məbləği təxminən 25-30 min manat civarında ola bilər".

İ.Həbibbəylinin sözlərinə görə, AMEA-nın məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilməlidir, çünki adi sahibkarlıqla elmdəki sahibkarlıq bir-birindən fərqlənir: "Yeni qəbul olunan "Elm haqqında" qanunun verdiyi imkanla artıq AMEA sahibkarlıq fəaliyyətinə uyğun öz imkanlarını genişləndirə bilər. Qanunda AMEA dövlət ali elmi təşkilatı statusunda təsdiq edilib. Bu qanunla AMEA-ya elmi tədqiqat və istehsalat müəssisələri, mübəqqəti kollektiv, laboratoriya və s., hətta təhsil müəssisəsi yaratmağa imkan verir. Eyni zamanda, qanunla AMEA-ya elmi ekspedisiyalara nəzarət etmək funksiyası da verilib. İndiyədək isə AMEA elmi ekspedisiyalar təşkil edirdi, ona nəzarəti isə Mədəniyyət və Turizm Nazirliyi həyata keçirirdi".

İ.Həbibbəyli bildirib ki, AMEA-ya ilk dəfə olaraq, cəlb olunmuş investisiyalardan istifafə etmək hüququ verilib. Qanuna ilk dəfə olaraq, elmi rütbə anlayışı daxil edilib.

O, bəzi universitetlərə tədqiqat universiteti statusunun veriləcəyini də söyləyib: "Bəziləri hesab edirlər ki, yeni ali məktəblər açılacaq və onlar tədqiqat universiteti olacaq. Xeyr, bu belə deyil. Sadəcə tədqiqat mərkəzləri çox olan ali məktəblərə tədqiqat universiteti statusu veriləcək. Tədqiqat universiteti statusunun verilməsi meyarları AMEA tərəfindən müəyyən edilməlidir". 

Xəbər xətti