13 yaşayış evinin yerləşdiyi ərazidə sürüşmə baş verib - Gədəbəydə

11:47 - 7 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Gədəbəy rayonunun Arıqıran kəndində sürüşmə hadisəsi baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya deyib ki, Arıqıran qədim sürüşmə sahəsidir.

Onun sözlərinə görə, Arıqıran kəndi rayon mərkəzindən 25 km cənub-qərbdə, mailliyi 12-30 dərəcə olan dağətəyi yamacda yerləşir: “Sürüşmə prosesinin inkişaf etdiyi ərazidə gilli çöküntülər daha çox yayılıb ki, bu da sürüşmənin baş verməsinə zəmin yaradır. Arıqıran sürüşmə sahəsi 500-700 metr ərazini əhatə edir. Kütlə üzərində müxtəlif istiqamətli çatlar və 15-20 metr dərinliyində oturmalar əmələ gəlib”.
Ə.Qaralov qeyd edib ki, sürüşmə kütləsinin üzərində ölçüləri 15-45 metr olan göl də mövcuddur: “Ümumilikdə bu prosesin əhatə etdiyi sahədə hazırda 13 fərdi yaşayış evi yerləşir və proses aktiv fazadadır”.

Xəbər xətti