Avtomobil FHN-in 6 əməkdaşını vurdu - Yasamalda

11:41 - 7 Sentyabr 2016 - HADİSƏ

Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib. 

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Şəhər istiqamətində hərəkətdə olan qumla dolu “Mercedes” markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü “KamAZ”a arxadan çırpılıb. 
Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. 
Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.
Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN-in 6 əməkdaşını vurub. Yaralılar xəstəxanaya çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Xəbər xətti