"İnsanlarda qanvermənin faydaları haqqında məlumat qıtlığı var"

14:44 - 5 Sentyabr 2016 - Müsahibə

Qan Donorları Assosiasiyasının sədri: “Son illər qanvermədə fəallıq çoxdur”


“İnsanlar öz sağlamlıqlarını nəzarətdə saxlamalı və mütamadi olaraq aksiyalarda iştirak etməlidirlər. Mərkəzi Qan Bankında təhlükəsiz donorluq üçün bütün imkanlar yaradılıb. Övladlarımızın qana olan ehtiyacı, sağlam insanların verdiyi qanlar hesabına qarşılanır”. Bu sözləri GSR.fm– ə müsahibəsində Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib. O bildirib ki, istənilən qan qrupunda irsi qan xəstəliyindən əziyyət çəkən insanlar  var :
“Assosiasiyanın bütün üzvləri könüllü olaraq ölkədə donorluq mədəniyyətinin inkişafına çalışır. Biz uzun illərdir  dayanmadan çalışırıq ki, insanlar məlumatlı olsun və aksiyalarda fəallıq göstərsin. Lakin istədiyimiz nəticəni hələ də tam əldə etməmişik və insanlarda qanvermənin faydaları haqqında məlumat qıtlığı var. Yaxın keçmişdə ölkədə ilk dəfə Qan Donorlarının ölkə forumunun keçirilməsi təklifini verdik. Çox sevindirici haldır ki, Mərkəzi Qan Bankı bu işdə yaxından iştirak etdi və hazırda bizə layihələrimizdə dəstək göstərir. İstənilən qan qrupunda irsi qan xəstəliyindən əziyyət çəkən insanlar  var və bütün qan qruplarının donorluğu lazımdır. Amma bizə daha çox mənfi qan qrupları ilə bağlı elanlar daxil olur. Təşkil etdiyimiz aksiyalarda qan qruplarına önəm vermirik, lakin donorlar arasında mənfi qan qrupları  həmişə azlıq təşkil edir”.

Fuad Əsgərov həmçinin hansı insanların donor ola biləcəyindən danışıb. O bildirib ki, donor olan şəxslər daim sağlamlıqlarını nəzarətdə saxlamalıdır:

“Hər insan donor ola bilməz, insanın çəkisindən tutmuş boyuna qədər hər bir amil bu işdə önəm kəsb edir. Amma qanvermə zamanı müayinələrdən müsbət cavab alan insan artıq donor olur. Donor olan şəxslər daim sağlamlıqlarını nəzarətdə saxlamalıdır. Zərərli vərdişlərdən çəkinməli, daim öz sağlamlığına qayğı göstərməlidir. Donor olmağın insan üçün çox müsbət tibbi təsiri var. Əvvəlcə o, tibbi müayinələrdən keçir. Daha sonra qanı yenilənir və ildə bir neçə dəfə qanverməklə, həm özünə,  həm də bir başqasına tibbi yardım etmiş olur. Bir insan ildə 3-4 dəfə,  hər üç aydan bir qan verə bilər. Lakin insana görə bu hal dəyişə bilir. Yəni, orqanizm buna tam hazır olmalıdır. Daimi donorlar mütəmadi olaraq, qan artıran ərzaqlardan istifadə etməlidir. Bir dəfə donor olmaq, həmin insanın hər zaman qan verə biləcəyi mənasına gəlmir.

Xəbər xətti