Azərbaycan millisinin futbolçusu üzr istəyib

12:50 - 5 Sentyabr 2016 - İDMAN

“İlk növbədə, seçmə mərhələyə qələbə ilə başlamağımız münasibətilə Azərbaycan milli komandasının bütün azarkeşlərini təbrik edirəm. Qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanaraq bu qələbənin təsadüfi olmadığını sübuta yetirəcəyimizə ümid edirəm". 
"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Maqomed Mirzabekov San Marino ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. 
Gənc müdafiəçi qarşılaşmadan sonra etdiyi və geniş müzakirə olunan jestlə bağlı da danışıb: "Rəqib futbolçu mənə yaxınlaşaraq formalarımızı dəyişməyimizi təklif etdi. Mən də formamı dostuma bağışlayacağımla bağlı əvvəlcədən söz verdiyimi bildirdim və sözlərimi həmin jest müşayiət etdi. Hamını əmin edir və səmimiliyimə inanmalarını xahiş edirəm ki, o jesti etməklə heç kimi təhqir etmək fikrim olmayıb və o hərəkətimi qeyri-etik qəbul edənlərin hər birindən üzr istəyirəm. Millinin hər bir futbolçusu təkcə özünü yox, ümumilikdə, bütün ölkəni təmsil edir. Emosiyaların təsiri altında hər hansı analoji hərəkət etməmək üçün bundan sonra daha diqqətli davranacağam və hamını əmin edirəm ki, bu məsuliyyəti yaxşı dərk edirəm”.
AFFA bəyan edir ki, fəaliyyətinin əsas istiqamətlərindən biri də futbolun kütləviliyinin artırılması, bununla da, xüsusilə uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, zərərli vərdişlərə yiyələnməməsi üçün zəmin yaradılması, cəmiyyət üçün fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişməsinə öz töhfəsini verməkdir. Bunu nəzərə alan AFFA Maqomed Mirzabekovun etdiyi jestlə bağlı məsələyə biganə qalmayıb, futbolçuya müvafiq tövsiyələr verib.
Qeyd edək ki, görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. 

Xəbər xətti