Qaraqalpaqların «Qırx qız» dastanı

19:01 - 2 Sentyabr 2016 - KİVDF

Urmiyə gölündən Aral gölünədək uzanan yaxın və uzaq tariximiz

Məlum olduğu kimi, qıpçaqların ən böyük və ən məşhur dastanı qırğızlara aid olan «Manas» dastanıdır. Belə hesab edilir ki, onun yaranış dövrü IX-X əsrlərə təsadüf edir. Məsələn, A. Sadıkovun fikrincə eposun mühiti IX-X əsrlərin mühitinə tam uyğunluq təşkil edir. A. Cəmil də onun fikri ilə razılaşaraq qeyd edir ki, «“Manas”dan əvvəlki dövrün ictimai-siyasi ab-havasını, mənəvi iqlimini öyrənməklə eposun hansı tarixi zəmində yarandığını, formalaşdığını öyrənmiş oluruq. Bu baxımdan VII-VIII əsrlərdə Yenisey ətrafında mövcud olmuş qırğız xaqanlığının tarixini nəzərdən qaçırmağa haqqımız yoxdur». A Sadıkov yazır ki, «VII-VIII əsrlərdə Yenisey ətrafında qırğız xaqanlığı yaranmışdır. Bu, başda xaqan olmaqla bir neçə tayfanın birliyi idi. Həmin tayfaların ümumtürk və uyğur mədəniyyətində öz payları vardı».
Tədqiqatçıların gəldiyi qənaətə görə, «güclülərlə gücsüzlərin yerdəyişmə qanunları tarixin təkərini müxtəlif istiqamətlərə fırlatdığından qaliblərin məğlub, məğlubların qalib olduğunu da görmüşük... Türk xaqanlığının süqutundan sonra (VIII əsr) bu xaqanlığın 50 il vassalı olmuş uyğurlar hakimiyyətə gələrək qırğızları da özlərinə tabe edirlər. Di gəl ki, uyğurların hakimiyyətinə tabe olmaq istəməyən qırğızlar bu xaqanlığa qarşı ardıcıl və mütəşəkkil mübarizə aparırlar». Alim daha sonra  A. Sadıkovdan bu sitatı gətirir “840-cı ildə epidemiya, aclıq, saray çevrilişləri uyğur xaqanlığını son dərəcə zəiflədir. Qırğızların başçısı Ajo özünü xan elan edərək uyğur xanına bildirir: Sənin ömrün bitdi” . A. Sadıkova istinad edən A. Cəmil daha sonra bildirir ki, ədəbi obraz Manasın tarixi əsli sayılan Ajo 847-ci ildə həlak olub...
Əlbəttə ki, Manasın 847-ci ildə öldüyü iddia edilən Ajo ilə eyniləşdirilməsi heç bir normal məntiqə sığmır. Çünki dastanın süjetinin eyni hadisələrdən danışan digər qıpçaq dastanları ilə tutuşdurulması təsvir edilən hadisələrin çox-çox qədim dövrləri əhatə etdiyini göstərir.
Heç kəsə sirr deyil ki, eyni etnik mənşəyə sahib olan xalqların folklorunda süjetlərin və motivlərin yaxınlığına və oxşarlıına rast gəlinməsi adi haldır. Süjetlərin yaxınlığı, oxşarlığı, şübhəsiz ki, xalqların tarixi yaxınlığının nəticəsidir. Bu, «həmin xalqların qədim tayfalarının keçmiş əcdadının eyni folklor irsi ilə əlaqədar ola bilər. Əlbəttə, burada dil qohumluğu da müəyyən rol oynayır» .
Heç şübhəsiz ki, “Manas” dastanı bir qəhrəmanlıq dastanıdır. Bu dastan qırğızların etnogenezi prosesinə aydınlıq gətirəcək etnoqonik motivlərdən də xali deyildir. Eyni sözləri Manasın paradiqmaları olan Alp Manaş (eyniadlı əsatiri Altay nağıl-poemasının qəhrəmanı) və Alpamışın (eyniadlı qazax dastanının qəhrəmanı) simasında Altay və qazax türkləri haqqında da söyləmək olar.
“Manas” dastanında da “qırx qız” motivinə, eləcədə “qırx ərən”, “qırx igid” barədə süjetə rast gəlirik. Bunlardan sonuncusu barədə B. Ögəl yazır: “Dədə Qorqud kitabındakı Oğuz bəylərinin qırx igidi türk mifologiyasının ölməz və dəyişməz motividir… “Manas” dastanında Dədə Qorqud nağıllarında adı çəkilən qırx igidlə əlaqədar bəzi hadisələrə də rast gəlirik” .
Bu sözlərdən sonra alim V. Radlova istinadən aşağıdakı süjeti nəql edir: «Almanbet atası Qara xanı müsəlman olmadığı üçün öldürdükdən sonra qırğızların Orta Yüz rəisi Kökçə xanın yanına gəlmişdi.  Kökçənin Almanbetə çox etibar və hörmət göstərməsi Kökçənin qırx igidini hirsləndirdi və həsəd səviyyəsinə çatdırdı.Onlar bir araya gəlib, Almanbetin üstünə şər atmaq qərarına gəldilər. Buna görə hamısı toplanıb Kökçə xanın yanına getdilər və Kökçə xana “Bu Almanbet sənin arvadınla yatıb-qalxır” dedilər. Bu səbəbdən Kökçə xanın Almanbetə olan münasibəti kəskin dəyişdi, o da Manasa pənah aparmaq məcburiyyətində qaldı».
Maraqlıdır ki, süjetdə qırx igid dərləşərkən, eynən “Dədə Qorqud”dakı kimi “Bir kafir üstümüzdən çıxdı” deyirlər. Dastanda ayrıca Manasın da qırx igidindən söz açılır və onların həm Manasa, həm də arvadı, yəni onun baş xatunu Qamkey xatuna sədaqəti xüsusi vurğulanır. Onlar Manas tərəfindən aşağıdakı kimi vəsf edilirlər:
«Qırx igidin başı Qırqıt! Yeddi yeməyi birdən aşıran Bos Çolok ilə Çalbay! Yelbəgəy və sən Sıraq! Kök Seliç və sən , Sərək! Mənim hiyləgər igidim Qutunay! Mənim pis igidim Qutyaqan! Mənim gənc uşağım Yayma Köküt! Sən, ey Bayın oğlu Bakay! Ağ Bottonqın oğlu Bolot! Yoldaşım Bauke! Sən, ey mənim Yaysanım! Ey siz, soylu ailələrin övladları – mənim əlbisəm, sən ey qəhrəman Bürküt, mənim suyum, sən ey qəhrəman Sasam!Geriyə belə sıçrayan Qan Gəldi, Qara Yoltay, Yam Gəldi! Sən ey mənim nəğməkarım Almandı! Sökülənləri hörən, qırılanları düzəldən, sən ey kəskin dilli Acıbəy, Kenənin oğlu! Sən ey Kənəş oğlu Qan Canıbəy! Mənim falçım Qara Tölök! Qırx igidin yoldaşı Bölök! Qazaxdan gələn Kolmanbet! Qırğızdan gələn Yalmanbet! Kafir ilə müsəlmanın yurdunu quran, ey mənim döyüşçülərim, Qara bayır və Kasalat adlı gənclər, siz hər şeydə isabətlisiniz! Gecə belə tülkünün izini itirməyən Şuutum mənim! Gənc Tünükey! Yenə gecə qarsaq tülküsününizini tapan mənim qaplan Şuutum!».
Bunlardan Bay oğlu Bakay həm Manasın atasının, həm də özünün vəziri kimi çıxış edir. Manas onun haqqında hər zaman deyərdi: Bizlərə tanrı tərəfindən göndərilmiş bir dost! Bundan başqa, Qamkey xatunun atası evindəki qırx qızdan, xan qızının qırx qaravaşından söhbət açılır və onların Manasın igidləri tərəfində yaxalanaraq, onlara arvad olmaları bildirilir.
Qırğız rəvayətlərinin birinə əsasən, qırğızlar Manasın qırx igidi ilə qırx qızın, yəni Qamkey xatunun qaravaşlarının izdivacından törəyiblər. Özbək Xannamə”sində isə qırğızların Çingiz xanın ulu babalarından Buyan xanın qırx kənizindən doğulan qırx qızla bağlanılır: «Buyan xanın dörd nigahlı arvadı və qırx kənizi var idi. Buyanın oğlu yox idi. O, hey oğlan arzulayır, fəqət Tanrı ona həmişə qız qismət edirdi. Beləcə qırx qızı olmuşdu. Bu qadınlardan doğulan qırx qızdan bu gün qırxqız (qırğız) adı ilə tanınan qövm peyda olmuşdur».
Yeri gəlmişkən, qaraqalpaq türkləri içərisində də qırx qızla bağlı süjet və motivlərə rast gəlinməkdədir. Söhbət “Qırx qız” dastanından gedir.  Bu dastannın süjeti ilə Quzey Qafqaz xalqlarının ortaq abidəsi olan və e.ə. l minilliyin ortalarında, iskit-sak mühitində formalaşdığı hesab edilən nart eposu ilə ümumi süjet və motivlərə sahib olması mütəxəssisləri çoxdan heyrətə salmışdır. “Qırx qız” dastanında öz qırx qadın döyüşçüsü ilə, yəni qırx amazonka ilə birlikdə uzaq bir adada yaşayan və xalqını düşmənlərdən qoruyan Gülayım adlı hökmdar qadından bəhs edilir.
Mütəxəssislər Gülayım obrazını nart eposunun kabardin variantındakı Daxanaqo obrazı ilə eyniləşdirirlər:

Nartların dastanlarında belə deyilir,
Alplar içində  alp olan, görəsən, kimdir?
Alplığı ilə alpları kölgədə qoyan,
Əlbət ki, alplar alpı Daxanaqo ərəndir.
At belinə qalxanda şövqündən yer əsir,
Onun qoçaq bir qız olduğunu kim bilir?
Sinəsindəki gümüş qalxan bərq vurur,
Mindiyi atdan süvari qız qürur duyur. 

Bu dastanın P. Akritas və Y. Stefanova tərəfindən təqdim edilən başqa bir variantı olan əfsanədən isə belə məlum olur ki, dağlar başında yaşayan sözügedən gözəl bahadır qadının ordusu bütünlüklə qadınlardan-amazonkalardan təşkil olunmuşdu
 Bəxtiyar Tuncay
(ardı var)

Xəbər xətti