Ana səhifə
26 Sentyabr 2018

“Guya ki, elmi maliyyələşdiririk...”

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 2015- ci ilin dövlət büdcəsi zərfinə münasibət bildirərkən dövlətin neft siyasətinə, elm, təhsil və səhiyyənin vəziyyətinə toxunub.

 

 

Ucnoqta.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, maliyyə naziri Samir Şərifova təşəkkür edərək deyib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin dəyişməsi ilə bağlı bir sıra ssenariləri təhlil edir və buna ciddi ehtiyac var. “Çünki son məlumatlara görə, dünya bazarında neftin qiyməti bizim müəyyənləşdirdiyimiz qiymətdən aşağıdır. Çox güman ki, müvafiq siyasi tələblərə və dünyada gedən proseslərə görə bu qiymətlər daha da aşağı düşəcək. Ayın 28-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) görüşü olacaq. Həmin görüşdə güman ki, bır sıra ölkələr neftin qiymətinə təsir göstərəcək qərarlar qəbul edəcəklər. Biz də ölkənin maliyyə vəziyyətinə təsir edə biləcək bu cür stress-testlərə hazır olmalıyıq” – deyə millət vəkili bildirib. O, vurğulayıb ki, ötən 10 il ərzində Azərbaycan neftçilərinin əməyi nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf edib. İndi isə neftlə bağlı bir neçə istiqamətə yenidən baxmaq zərurəti yaranıb.

 

DİP sədrinin fikrincə, ölkədə müvafiq islahatlar aparılmasa, Azərbaycan xalqının səhiyyə, elm və təhsil sahəsindəki problemləri həll olunmayacaq: “Ölkəmizin təhsil sistemini inkişaf etdirməliyik. Məktəbəqədər təhsildən başlayaraq orta, peşə və ali təhsilin inkişafına nail olmalıyıq. Bunun üçün müvafiq qanunlar qəbul edilməlidir. Baxın, bir neçə türk məktəbi bağlandı. Hətta millət vəkilləri belə təşvişə düşdülər ki, ölkədə onlara alternativ olacaq keyfiyyətli məktəblər yoxdur. Deməli, islahat aparılmalıdır ki, biz universitetlər üçün yüksək səviyyədə tələbələr hazırlayaq”.

 

A. Mollazadə peşə təhsili sahəsindəki problemlərə xüsusilə diqqət çəkib: “Turizm sahəsində inkişaf gedir. Möhtəşəm otellər tikilib, yeni xidmət sahələri açılıb. Amma bu sahələrdə işləyəcək mütəxəssis yoxdur.  Bu mütəxəssisləri hazırlayan peşə məktəblərimiz də azdır. Azərbaycan şagirdlərinin yalnız 25 faizi universitetlərə gedir. Bəs qalanları necə olur? Çox istərdim ki, biz peşə təhsili üzrə müvafiq maliyyə ayıraq və bilək ki, bu ünvanlı maliyyədir.”

 

Millət vəkili büdcədən elmə ayrılan vəsaitin çox olduğunu vurğulayıb: “Əvvəlcə “Elm haqqında” qanunu qəbul etməliyik. Dünyanın hansı müasir ölkəsində Elmlər Akademiyası var? Hətta, Rusiya Sovet erasından qurtarmaq istəyir. Guya ki, elmi maliyyələşdiririk. Ayrılan bu qədər vəsaitin müqabilində elmin inkişafını görürükmü. Düşünürəm ki, elmə ayrılan vəsaitlərin əsas hissəsini elmin universitetlərdə inkişafına yönəltmək lazımdır?!”

 

A.Mollazadə səhiyyə sistemindəki bərbad vəziyyətə də diqqət çəkərkən deyib: “Biz bu gün Azərbaycan vətəndaşlarını hətta Gürcüstan xəstəxanalarına göndəririk. İranla sərhəddə İran səhiyyəsinə müraciət etmək məcburiyyətində qalan insanlar növbəyə dayanıb. Biz büdcədən dərman almaq üçün müəyyən vəsait ayırmışıq. Bu vəsaitlə alınan dərmanlarla xəstəni müalicə etmək olmaz. Özümüzü aldatmayaq. Camaat öz cibindən dərmanları almağa məcbur olur. Nə qədər ki, ölkədə tibbi sığorta sistemi tətbiq olunmayıb, büdcədən səhiyyəyə ayrılan vəsaitlərin xalqa heç bir xeyri olmayacaq”

 

DİP sədri Maliyyə Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsini və maliyyə nəzarətinin  artırılmasını da təklif edib. “10 il ərzində Azərbaycan parlamenti investisiya yönümlü büdcəni təsdiq edirdi. Bu çox gözəl idi. Bir neçə yaxşı struktur layihələr həyata keçirildi. Maliyyə Nazirliyi nəzarət edə bilirmi ki, 10 il bundan qabaq iqtisadiyyatımızı şaxələndirmək üçün qoyduğumuz sərmayənin gəliri büdcəyə daxil olur, ya yox? Bu yetərincədirmi?"- deyə A.Mollazadə fikrini tamamlayıb.

Tarix
7 Noyabr 2014 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin