İnsan alverində təqsirləndirilən qadının apellyasiya şikayətinə baxılıb

11:11 - 30 Avqust 2016 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Nailə Bağır barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Bağırın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, N.Bağır 2013-cü ildə N.M və B.S (adlar şərtidir) adlı qadınları Türkiyəyə apararaq, onları cinsi istismara qoyub. Zərərçəkmişlər 2016-cı ildə N.Bağırdan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər. Daha sonra N.Bağır saxlanılıb.
O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.
Bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.
Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb, məhkumluğu tam ödənilməyib. 

Xəbər xətti