Türk folkloru: yaxın və uzaq tariximiz

19:16 - 24 Avqust 2016 - KİVDF

Epik növün janrlarından “rəvayətlərdə əsas şərt tarixilikdir, ən çox da bu tarixilik müəyyən gümanlara əsaslanmaqla olmuş hadisələrlə bağlıdır...

Tarixin müxtəlif məqamlarının izlərinə folklorun epik növünə lirik növünə nisbətən daha çox və daha tez-tez rast gəlirik. Bu özünü daha çox rəvayətlərdə göstərir. A. Nəbiyev haqlı olaraq yazır ki, epik növün janrlarından “rəvayətlərdə əsas şərt tarixilikdir, ən çox da bu tarixilik müəyyən gümanlara əsaslanmaqla olmuş hadisələrlə bağlıdır...” alim “rə¬vayətləri 3 qrupa bölür: əxlaqi-ibrətamiz rəvayət¬lər, toponimik rəvayətlər, dini rəvayət¬lər. O, folklorşünaslıqda ilk dəfə olaraq rəvayətlərin təsnifatını verir”. 
Rəvayətləri etimoloji rəvayətlər, izahlı rəvayətlər, real və yarımtarixi şəxsiyyətlərlə bağlı rəvayətlər adı ilə 3 qrupa bölən İ. Abbaslı biıdirir ki, sonuncu rəvayətlər tarixi, yarıməfsanəvi və əfsanəvi şəxslər və onların həyatı barədə məlumatları əks etdirən folklorlaşmış süjetlərdən ibarətdir. “Belə şəxsiyyətlərdən Astiaq, Tomris, Teymurləng, Nadir şah, Hacı Çələbi xan, Makedoniyalı İskəndər, Nuh peyğəmbər, Süleyman peyğəmbər, Oğuz xan haqqında söylənən rəvayətlər bu bölgüyə daxil edilir. İ.Abbaslı belə rəvayətlərin özünü də padşahlar, hökmdarlar, alimlər, sənətçilər, müqəddəslər, övliyalar, el qəhrəmanları və başqalardan bəhs edən kiçik qruplara ayırır.Tədqiqatçının özünün də qeyd etdiyi kimi, bu bölgü təxmini bölgüdür. Bu bölgüyə dini mövzulu rəvayətləri və mifoloji rəvayətləri də əlavə etmək olar”.
Dini mövzulu rəvayətlərə misal kimi Masallıdan toplanan, real həyatda yaşamış olan Mir Həsən ağa ilə bağlı rəvayəti göstərə bilərik. Onlardan birində deyilir: «Bizdə Seyid Sadiq Ağa və Mir Həsən Ağa var idi. Mən Mir Həsən Ağanı 14-15 yaşlarında olanda görmüşəm. Siması nurlu insan olub. Seyiddərə nəzir verirlər, amma ki, o, nəziri hamıya paylayır. Ağa heç vaxt maşından, minikdən istifadə etmiyib. Mən özüm böyüklərdən eşitmişəm bir nəfər maşında gedəndə görür ki, ağa piyada gedir. Deyir ki, gəl otur, deyir, yox. Ağa səndən incimir. Gəlir görür ki, Ağa ondan qabağ bazarın yanındadı».
Başqa bir rəvayətin məzmunu isə belədir: «Allah rəhmət eləsin, bir gün Şeyx Rəhmət Axundnan Mir Həsən Ağa (Şeyx Rəhmət Axund Çaxırlıdan olub. Mir Həsən Ağa Qizilağacli olub) piyada yol gedirmişlər, yayın isti günündə. Axund deyir, mən gedirdim, bir də gördüm Mir Həsən Ağa harda belə-belə daşlar var, (o, əli ilə daşın ölçüsünü göstərir) yolun ortasından daşları götürür, yolun qırağlarına düzür. Dedim: 
– Ağa, gedək. 
Dedi: 
– Yox. Gecə ayaqyalın adam gələr dəyirmana, gedəndə ayağına bu daş ilişər. Ona görə də daşları götürüb qoyuram kənara. Axund deyir, mən savadlı adam, mən alim gördüm, ancaq beləsini görmədim. Ağa belə deyəndə mən də qoşuldum ona, bu daşlardan götürüb kənara qoymağa. Getdim, bir dənə böyük daş vardı, qaldırmağa gücüm çatmadı. 
Deyir: 
– Çuxamı çıxartdım qoydum kənara, daşa güc elədim, nəhayət, götürdüm, daşı apardım qoydum kənara. 
Mir Həsən ağa da o tərəfdə daş yığırdı. 
Dedi: 
– Axund, Axund. 
Dedim: – Bəli. 
Dedi: – And olsun oxuduğuva, o daşda mənim də əlim var. 
Dedim: 
– Əşi, mən götürdüm bu daşı, sənin necə əlin ola bilər? 
Dedi: 
– Yox, mənim fikrim vardı, bu daşı götürəndən sonra onu götürəcəydim. Ona görə də sən onu qaldıra bildin. Yəni bizdə belə müqəddəs insanlar olub».
 “Deyilənə görə, Mirabbas ağanın ulu babaları olan Hacı Mir Əli və Alı qardaşdarı Cənubi Azərbaycanın Qaradağ mahalınnan Zəngibasar mahalının Şorlu kəndinə təzəcə gəliblərmiş. Kənddə tək-tək şeytan fikirri adamlar onnarın seyid olmalarına şübhəynən yanaşırmışlar. Bir dəfə də yaz vaxtı kəndin ağsaqqalları kənd məçidinin həyətində oturub söhbət edirmişlər. Bu zaman göydən bir durna qatarı keçirmiş. Hacı Alının seyiddiyinə şəkk gətirənnərdən biri orada adamnarın arasında imiş. Özünü Hacı Alıya tutub deyir ki, əyər sən doğurdan seyidsənsə, duva elə, o durnalardan biri sənin qucağına düşsün.
Kişi ayağa durub, üzünü qibliyə çevirir, əllərini göyə qaldırarax duva edir. Az keçmədən durna qatarı oturannarın başı üstündə dövrə vurur, durnaların başçısı qatardan ayrılıb aşağı enir və Hacı Alının qucağına düşür. Kişi əlini durnanın başına çəkib deyir: "Ey Allahın gözəl quşu, uç get!“ Quş uçar-uşmaz orada olan adamnar Hacı Alının üstünə cumub, əbasını parça-parça edərəh töhfə kimi paylaşıllar. O vaxdan hamı onnarı əsil ocax seyid kimi qəbul edir”.
Eyni bölgədən toplanan “Ağdədə pirində” adlı rəvayət də bu qəbildəndir:
“Məmməd addı bir nəfər Bakıda təhsil alırmış. Bu adam Bakıda İçərişəhərdə Mir Möhsün ağa yaşıyan evin qonşuluğunda qalırmış. Bir dəfə tətildən Bakıya qayıdanda ona nəzir pul verillər ki, bunu Mir Möhsün ağanın ocağına çatdır. O isə cavannığına salıb pulu xəşdiyir. Az sora bu tələbə ağır xəsdələnir, ayaxları və dili tutulur. Kənddə ata-anası xəbər tutur, tökülüb gəlillər və gedillər Mir Möhsün ağanın yanına kı, Ağa, uşax bir qələtdi eliyib, keş bunun günahınnan. Mir Möhsün ağa deyir ki, onun əlacı məndə deyil, sizdə bir Ağadədə piri var, gedin ora, qoy Ağadədəni ziyarət eləsin.
Valideynnəri uşağı götürüb gətirillər Zəngibasara Ağadədə pirinə. Uşağı salıllar pirə, bir sahat sora uşax durub öz ayağıynan çıxıb gedir, elə oradaca dili də açılır”.
Dövrümüzədək şifahi qaynaqlarda yetişən rəvayətlər, xüsusən də  real və yarımtarixi şəxsiyyətlərlə bağlı rəvayətlər çox da uzaq olmayan zamanlarda baş vermiş gerçək hadisələri əks etdirir. Onlarda bəzən hadisənin baş verdiyi dəqiq tarix də qeyd olunur. Məsələn, Göyçədən toplanmış rəvayətlərin birində deyilir: “Yaxşı yadımdadı. Kəndə birdən-birə xəvər yayıldı kı, qonşumuzun Ceyran adlı qızı axşamüstü yerə qaynar su töküf dəli oluf. Hamı ora axışırdı. İstər-istəməz uşax marağmnan ilə mən də getdim. Adam əlindən baxmağa yer yoxuydu. Böyük olan yerdə uşaxların nə işi varıydı. Bu hadisə 1956-1957-ci illərdə baş vermişdi...”.
M. Cəfərli bildirir ki, “Rəvayətlər daha çox tarixdə baş vermiş və ya baş verməsi güman edilən hadisələr və tarixdə olan və ya olması güman edilən şəxslər haqqında olan informasiyalar əsasında formalaşır”. 
R. Əliyev yazır ki,  “Rəvayətin məzmunu təhkiyəçinin üslubundan da asılıdır. Rəvayət söyləyən bəzən ona əlavələr də edir ki, bu da məzmunun genişlənməsinə xidmət edir. Əfsanə kimi rəvayətlər də müxtəlif ərazilərə yayıla bilir, bu, əhalinin miqrasiyasından asıdır. Yaxın miqrasiyalar zamanı rəvayətin məzmunu o qədər də dəyişikliyə məruz qalmır, miqrasiyanın sahəsi böyüyəndə rəvayət ciddi dəyişikliklərə məruz qalır”. Alimin sözlərinə görə,  “Rəvayətin bir xüsusiyyəti onların tarixi fakta əsaslanmasıdır. Tarixi hadisələr xalqın yaddaşında mövkəm kök saldığından onu uzun zaman unutmur, təhkiyə zamanı müəyyən faktları artırıb və ya azaldıb auditoriyaya çatdırır. Bu proses zaman hüdudundan asılıdır. Əgər zaman müddəti epos düşüncəsində öz funksiyasını itirmişsə, real əsasını qoruyub saxlaya bilməmişsə, söylənilən hadisə tarixi rəvayət tipinə çevrilir”/
Bəxtiyar Tuncay

Xəbər xətti