Ana səhifə
18 Sentyabr 2018

«Reytinqdən əvvəl xalqın mədəniyyəti, tərbiyəsi var»

Qulu Məhərrəmli: «Televiziyaların azadlığı bəsitləşdikcə, onlar daha bəsit mövzulara və primitiv insanlara meyilli olurlar»

 

 

Gövhər Həsənzadə: «İndi bəzi Azərbaycan kanallarını açmağa qorxuruq»

 

 

Son vaxtlar Azərbaycan teleməkanında qeyri-etik normalara və təhqiramiz ifadələrə tez-tez rast gəlinir. Bir növ, efirlərdən küçə söhbətləri eşidirik. Bu isə mili-mənəvi dəyərlərə zərbə, televiziyaların peşəkarlığının aşağı səviyyədə olmasına isə bir işarədir. Əməkdaş jurnalist, teletənqidçi Qulu Məhərrəmli  televiziyalarda təhqiramiz, insanları aşğılayacaq ifadələrin işlənməsinə mənfi yanaşır: «Efir ictimai tribunadır. Orada yalnız ədəbi nitq və nəzakətli danışıq olur və camaat da bundan nəsə öyrənir. Amma çox təəssüf ki, indii bunun fərqinə varmırlar. Teleməkanı özləri üçün mətbəx, küçə, məişət tribunası hesab edirlər. Bunlar yol verilməzdir. Qarşısını almaq üçün efirə yalnız ağlı başında olan nəzakətli, davranışlı, mədəni, oxumuş, sözünü, danışığını, yerini bilən, mədəniyyəti olan insanlar dəvət olunmalıdır».

Teletənqidçi qeyd etdi ki, bütün dünyada axmaq, tərbiyyəsiz, küçə adamları və  bəsit müğənnilər var: “Amma onların heç biri ölkənin aparıcı və əsas qəhrəmanı deyil. O adamların öz yeri var və öz çevrələrində hansı leksikonla istəsələr danışa bilərlər. Azərbaycanda belələrini niyə televiziyalara çağırırlar? Təbii ki, birinci növbədə televiziyaların azadlıqları bəsitləşdikcə, onlar daha bəsit mövzulara və primitiv insanlara meyilli olurlar. Nəticədə də ortaya bu cür adamlar çıxır. Bu cür verilişlər də təbii ki, insanları qıcıqlandırır və tamaşaçıların sayı azalır, tamaşaçı auditoriyasının seyrəlməsinə gətirib çıxarır. Məncə televiziya işçiləri də bunu dərk edirlər. Görünür ki, əlacsız vəziyyətdə qaldıqlarına görə bu yollara əl atırlar. Buna da yalnız təəssüflənmək olar».

 

                  Bəstəkar Gövhər Həsənzadə

 

 

Bəstəkar Gövhər Həsənzadə də efirdə şəxsi həyatın müzakirəsinə, təhqiramiz ifadələrin işlədilməsinə qarşı çıxdı: “Efirdə mövzunu elə qoysunlar ki, bir az şəxsi həyata toxunmasınlar. Şəxsi həyatı müzakirəyə çıxarmaq lazım deyil. Bütün ifaçıların tamaşaçı auditoriyası, sevənləri var. O sevənlərin hissiyyatına toxunuruq. Belə şey olmaz. Görürsünüz ki, bu insan emosiyalara qapanır, həmin dəqiqə efiri saxlamaq lazımdı. Onlar bir-birini təhqir edirsə, bunu niyə efirə verirlər axı? Əgər bu vaxt bir-ikisinin sözünü kəsib, bir müddət o adamın efirə çıxmasına məhdudiyyət qoysalar, başqaları da bilər ki, efirin qızıl qanunları var. Efir kimlərinsə maraqında deyil, böyük tamaşaçı auditoriyası deməkdir. Efirdə etik qaydalara riayət olunmaldır. Reytinqə qalsa, o qədər informasiya çıxararıq ki. Reytinqdən əvvəl xalqın mədəniyyəti, tərbiyəsi var. Bu gün nəyi deyirsən, deyirlər ki, reytinqdir. Bu, belə olmamalıdır. Bu gün adam efirə qorxa-qorxa baxır ki, bu dəqiqə nəsə olacaq, utanıb kanalı dəyişəcəksən. Ömür boyu Azərbaycan kanallarına açıb, rahat mətbəxdə işimizi görürdük ki, burada Rusiya kanalları kimi  biabırçı bir şey olmayacaq, uşaq rahat baxa bilər. İndi bəzi Azərbaycan kanallarını açmağa qorxuruq”.

Gövhər Həsənzadə onu da dedi ki, efirdə nə olursa-olsun, təhqiramiz sözlərə yol vermək lazım deyil: “Düzdür, efirdə hansı birimizi qıcıqlandırsalar cavab verərik. Amma təhqirə yol vermək, etik qaydalardan kənara çıxmaq lazım deyil. Televiziya kanallarında heç bir xanımımızın, sənətkarımızın şəxsi həyatının müzakirəsini görmək istəməzdim. Bu mövzulara yer vermək əvəzinə yaradıcılıqlarına, mahnılara yer ayırsınlar. Televiziyalarda əvvəlki kimi konsert proqramları, kliplərin onluqlarını təqdim etsinlər. Bu gün mahnıdan, yaradıcılıqdan danışan yoxdur. Hamı bir-birinin şəxsi həyatından danışır. Biz efiri sənətlə doldursaq, müğəninin şəxsi mövzularına vaxt qalmaz. Sənət göstərmək lazımdır. Mən son iki  ildə 20 yeni mahnı yazmışam. Birini eşitmisiniz? Yox. Hamı deyir ki, Gövhər niyə mahnı yazmırsan? Mən yazıram. Sadəcə efirdə mahnıya yer yoxdur”.

 

 

Rəqsanə

Tarix
6 Noyabr 2014 [23:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin