Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur

15:06 - 23 Avqust 2016 - Müsahibə

Pərvanə Hacıyeva: “Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssilər, qeyri hökumət təşkilatları və ictimai birliklər kömək edir”

“Mərkəzi Qan Bankının Şəki, Gəncə və Lənkəran bölməsi tərəfindən 171 talassemiyalı xəstəyə tibbi xidmət göstərilir”

Son illər ölkənin regionlarında qan xəstəliklərindən müalicənin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Mərkəzi Qan Bankı və onun regionlardakı bölmələri tərəfindən qan və qan komponentlərinə ehtiyacı olan şəxslərə vaxtında yardım göstərilir. Artıq əvvəlki illərdə olduğu kimi qan xəstəliklərindən əziyyət çəkənlər bunun üçün paytaxta gəlmək məcburiyyətində deyil. Respublikamızda qan donorluğunun inkişafı, Mərkəzi Qan Bankı, onun regionlardakı bölmələrinin fəaliyyəti və bu sahədə əhaliyə göstərilən tibbi xidmətlə bağlı suallara Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə xanım Hacıyevaya ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 


- Pərvanə xanım, respublikamızda qan donorluğu ilə bağlı son durum necədir?
- Son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər qeyd olunub. Belə ki, əgər əvvəllər insanların bir çoxu qan verməkdə tərəddüd edirdilərsə, indi artıq bu qorxu intensiv maarifləndirmə nəticəsində aradan qalxıb. Nəzərinizə çatdıraq ki, əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı günbəgünə artmaqdadır. Buna da əsas səbəb Azərbaycan Respublikası Səhiyyə Nazirliyində son illərdə aparılan islahatlardır. Mərkəzi Qan Bankında çalışan tibb personalı fasiləsiz olaraq öz vəzifələrini layiqincə icra edərək qana ehtiyacı olanlara yardım edirlər. 


- Əvvəki illərdə regionlarda qan çatışmamazlığından ehtiyacı olanların çoxunun dünyasını dəyişdiyi ilə bağlı məlumatlar yayılırdı. Hazırda Mərkəzi Qan Bankının ölkənin neçə regionunda nümayəndəliyi var və onlar hansı rayonlara xidmət göstərir?
- Hal-hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında  (MQB) və Səhiyyə Nazirinin 30 noyabr 2010-cu il 102 nömrəli əmrinə əsasən Mərkəzi Qan Bankının Gəncə, Şəki, Quba, Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran şəhərlərində fəaliyyət göstərən 8 bölməsində, Bakı şəhərində isə Respublika Klinik Xəstəxanasının, Elmi Cərrahiyyə Mərkəzinın, Milli Onkologiya Mərkəzinın, Kliniki Tibbi Mərkəzin, 3 nömrəli şəhər klinik xəstəxananın, Mərkəzi Klinik xəstəxananın, Mərkəzi Neftçilər xəstəxanasının, Mərkəzi Gömrük hospitalının, ATU Tədris Cərrahiyyə klinikasının və Naxçıvan Diaqnostika Mərkəzinin Qan Banklarında həyata keçirilir. Mərkəzi Qan Bankının bölmələri və onlara təhkim olunan rayonlar aşağıdakı kimidir: 

Lənkəran bölməsi: Lənkəran, Biləsuvar, Lerik, Masallı, Yardımlı, Astara, Cəlilabad
Şəki bölməsi: Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı, Oğuz
Mingəçevir bölməsi: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağsu
Quba bölməsi: Quba, Qusar, Xızı, Siyəzən, Şabran, Xaçmaz
Şirvan bölməsi: Şirvan, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Saatlı, Sabirabad, İmişli, Cəbrayıl
Bərdə bölməsi: Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Laçın, Xocavənd
Sumqayıt bölməsi: Sumqayıt
Gəncə bölməsi: Gəncə, Göygöl, Tovuz, Naftalan, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax
Mərkəzi Qan Bankı: Bakı, Abşeron, Qobustan, Şamaxı


- Mərkəzi Qan Bankının Şəki bölməsi hansı rayonlarda yaşayan sakinlərə xidmət göstərir? 2015-ci ildə və 2016-cı ilin I yarısında Mərkəzi Qan Bankının Şəki bölməsinin xidmətindən neçə nəfər istifadə edib?- Mərkəzi Qan Bankının  Şəki bölməsi 7 rayonda qana ehtiyacı olan xəstələrə yardım edir (Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı, Oğuz). Bu regional bölmədə 7 mərkəzi rayon xəstəxanası və 2 müalicə diaqnostika mərkəzi fəaliyyət göstərir.  Beləliklə, 9 tibb müəssisəsində qana ehtiyacı olan xəstələrə yardım edilir. 2015-ci il ərzində Şəki bölməsindən tələbnamə  əsasında ehtiyacı olan xəstələrə 1670 vahid eritrosit kütlə və 744 vahid təzə dondurulmuş plazma, 2016-cı ilin ilk 6 ayı ərzində isə 1038 vahid eritrosit kütlə və 520 vahid təzə dondurulmuş plazma buraxılıb. 
Bundan əlavə, talassemiya va hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara da xidmət olunur. 2015-ci il ərzində Mərkəzi Qan Bankının Şəki bölməsində talassemiya va hemofiliya kimi irsi qan xəstəliyindən əziyyət çəkən 864  nəfərə, 2016-cı ilin ilk 6 ayı ərzində isə 395 nəfərə eritrosit kütlə transfuziya olunub. Həmin xəstələrin leykositar filtrlə olan talabatı da Şəki bölməsi tərəfindən tam şəkildə ödənilib.


- Mərkəzi Qan Bankının Şəki bölməsi tərəfindən hazırda neçə talassemiyalı xəstəyə tibbi xidmət göstərilir?
- MQB-nın Şəki bölməsi tərəfindən 80-nə yaxın talassemiyalı xəstəyə tibbi xidmət olunur. Həmin xəstələr hər ay müntəzəm olaraq eritrosit kütlə və leykositar filtrlərlə tam təmin olunurlar.


- Mərkəzi Qan Bankının Lənkəran bölməsi hansı rayonlarda yaşayan sakinlərə xidmət göstərir? 2015-ci ildə və 2016-cı ilin I yarısında Mərkəzi Qan Bankının Lənkəran bölməsinin xidmətindən neçə nəfər istifadə edib?
- MQB-nın Lənkəran bölməsi 7 rayona (Lənkəran, Biləsuvar, Lerik, Masallı, Yardımlı, Astara, Cəlilabad) xidmət edir. 2015-ci il ərzində Lənkəran bölməsindən tələbnamə  əsasında ehtiyacı olan xəstələrə 1623 vahid eritrosit kütlə və 1276 vahid təzə dondurulmuş plazma, 2016-cı ilin ilk 6 ayı ərzində isə 793 vahid eritrosit kütlə və 958 vahid təzə dondurulmuş plazma buraxılıb. 


- Mərkəzi Qan Bankının Lənkəran bölməsi tərəfindən hazırda neçə talassemiyalı xəstəyə tibbi xidmət göstərilir?
- MQB-nın Lənkəran bölməsi tərəfindən 22 nəfər talassemiyalı xəstəyə tibbi xidmət olunur.


- Mərkəzi Qan Bankının Gəncə bölməsi hansı rayonlarda yaşayan sakinlərə xidmət göstərir? 2015-ci ildə və 2016-cı ilin I yarısında Mərkəzi Qan Bankının Gəncə bölməsinin xidmətindən neçə nəfər istifadə edib?
- MQB-nın Gəncə bölməsi Gəncə şəhəri də daxil olmaqla 13 rayona (Gəncə, Göygöl, Tovuz, Naftalan, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Ağstafa, Qazax) xidmət göstərir. 2015-ci il ərzində Lənkəran bölməsindən tələbnamə  əsasında ehtiyacı olan xəstələrə 2270 vahid eritrosit kütlə və 1756 vahid təzə dondurulmuş plazma, 2016-cı ilin ilk 6 ayı ərzində isə 1619 vahid eritrosit kütlə və 1279 vahid təzə dondurulmuş plazma buraxılıb. 


- Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən hazırda neçə talassemiyalı xəstəyə tibbi xidmət göstərilir?
- MQB-nın Gəncə bölməsi tərəfindən 69 nəfər talassemiyalı xəstəyə tibbi xidmət olunur.


- Azərbaycanın hələ də müharibə şəraitində olduğunu nəzərə alsaq qan donorluğu ilə bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı?
-Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi tərəfindən, həm həm qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar tərəfindən hər zaman tədbirlər planı hazırlanır və yerinə yetirilir.
Qan ehiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir. Hazırkı tələbə görə Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı mövcuddur.


- Mərkəzi Qan Bankı və onun regional bölmələrində, ümumilikdə, nə qədər qan ehtiyatı var?
- Qan Bankları strateji müəssisə olduğuna görə və qan ehtiyatının sayı strateji məlumat olduğuna görə qan komponentlərinin sayı açıqlanmır. Qan Bankının və onun bölmələrinin kifayət qədər qan ehtiyatı var.


- Qan donorları üçün hansısa güzəştlər və ya həvəsləndirici tədbirlər varmı?
- Donorluğun genişləndirilməsi üçün onun təbliğatı lazımdır. Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssilər, qeyri hökumət təşkilatları və ictimai birliklər kömək edir. Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur ki, hal hazırda Azərbaycanda donorluğun bu növü tətbiq olunur (məcburi və təmənnalı donorluq yox səviyyəsindədir). Donorların həvəsləndirilməsi üçün qan verən müəssisələrin adına və ya birbaşa donora təşəkkürnamələr təqdim olunur. Məsələn, 2014-cü ilin iyun ayının 14-də Bakıda Ümumdünya Qan Donor gününə həsr olunmuş Azərbaycan Qan Donorlarının I Forumu keçirildi. 2015-ci ilin fevral ayında Gəncə şəhərində “Gənc qan donorlarının birinci regional forumu” baş tutdu. Forumda donorluğu təbliğ edən vidoçarxlar nümayiş olundu və mütəxəssislər tərəfindən çıxışlar edildi. 2015-ci ilin iyunun 6-da də Bakı şəhərində Azərbaycan Gənc qan donorlarının ikinci forumu keçirilmişdir.  Bu işlərin davamlılığı  donorluğun inkişafına öz töhfəsini verəcək.  
Həmçinin qan və qan komponentləri verən donorların imtiyazlar var.


- Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin qanla təminatı üçün mərkəz tərəfindən xüsusi proqram varmı?
- Dövlət rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən donorçuluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minib. 2005-ci il fevral ayının 8-də ölkəmizin Birinci Xanımı Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı layihəsinin başlanmasını elan edib.


- Ölkəmizdə Qan donorluğunun inkişafı üçün hansı tədbirlərin görülməsi zəruridir?
- Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi tərəfindən, həm həm qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar tərəfindən hər zaman tədbirlər planı hazırlanır və yerinə yetirilir.


Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə “ layihəsi çərçivəsində hazırlanıb

Xəbər xətti