Azərbaycana gələn ərəb turistlərin sayı açıqlanıb

16:10 - 18 Avqust 2016 - ÖLKƏ İÇİ

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Belə ki, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, turist artımı son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.

Belə ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənib.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb. Həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 

2011-ci ildə etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görüb. Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57.5 % artım baş verib.
Bununla yanaşı, qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin yanvar-iyun aylarında ölkəmizə gələn xarici turistlərin sayı 10 086 nəfər təşkil edir.

Xəbər xətti