Ana səhifə
17 Noyabr 2018

«Neftin ucuzlaşmasından narahatlığa səbəb yoxdur»

Nazim Məmmədov: “Yersiz  xərclərin qarşısı alınmalıdır»

 

 

İlham Şaban: “Axı Neft Fondunun gəlirləri də ildən ilə azalır, yəni tükənməz deyil”

 

 

2015-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən ölkənin makroiqtisadi vəziyyəti, dünyada cərəyan edən proseslər, Azərbaycanın daxil olduğu geosiyasi proseslərin qiymətləndirilməsi və eyni zamanda makroiqtisadi proqnozlar nəzərə alınıb. Maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə, 2015-ci ilin dövlət büdcəsində neftin bir barrelinin baza qiyməti 90 dollardan götürülüb və bu da tam olaraq reallığı əks etdirir: “Neftin qiymətinin azalması müşahidə edilir. Amma bu ilin 9 ayında orta qiymətlər təxminən 109 dollar olub. Növbəti il üçün büdcədə neftin bir barrelinin qiyməti 90 dollardan götürülüb, 2014-cü ilin göstəricisindən 10 dollar aşağıdır. Amma hökumət neftin qiymətinin enməsi fonunda təşvişə düşməməyə və  tələsik qərara verməməyi bəyan edir”.

Nazir deyib ki, dövlət büdcəsinin gəlirləri və xərcləri sığortalanıb.

S.Şərifov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi fonunda bir neçə proqramlar işlənib hazırlanıb: “2015-ci il üçün dövlət büdcəsinin gəlirlərini təminatı və xərclərinin yerinə yetirilməsində böyük risk görünmür. Çünki neftin qiymətinin ucuzlaşması fonunda müxtəlif ssenariləri hazırlanıb”.

Gələn ilin büdcəsi ilə bağlı  “Üç nöqtə”yə açıqlama verən iqtisadçı alim Nazim Məmmədov hesab edir ki, neftin qiymətinin düşməsi iqtisadiyyatı tam diversifikasiya olunmamış ölkələr üçün əlbətdə arzuolunmaz ssenaridir: “Azərbaycan əslində dövlət büdcəsinin, hətta cari xərclərinin təqribən 30 faizini, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) olan transfertlər hesabına qarşılayır. Fikrimcə, hökumət müxtəlif ssenarilər dedikdə investisiya layihələrinin bir hissəsinin gələcəyə saxlanılması, eyni ilə ARDNF-dən proqnozlaşdırılandan daha çox vəsait almağı güman edir”.

Müsahibimiz deyib ki, neftin ucuzlaşmasından narahat olmamaq olar: “Ancaq bir  şərtlə ki, neftin maya dəyəri adekvat olaraq aşağı salınsın, yersiz  xərcləmələrə  gedilməsin, islahatlar aparılsın, monopoliya ləğv edilsin və iqtisadi fəallıq  hesabına büdcə gəlirləri artırılsın”.

N.Məmmədov vurğulayıb ki, təxirə salınması mümkün olan xərclərə Avropaya, Türkiyəyə qaz çatdırılmasına nəzərdə tutulan xərclər, yol infrastrukturuna, elektroenergetikaya yatırılması nəzərdə tutulan, mərkəzləşdirilmiş kommunal-təsərrüfat birliklərinə, nazirliklərə əsaslı vəsait  qoyuluşları və sair aid ola bilər..

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirdi ki, nazir Samir Şərifovun neftin qiymətinə görə, bir neçə ssenarinin hazırlanması ilə bağlı açıqlaması Neft Fondundan budcəyə olan stabil transfertlərlə bağlıdır: “Yəni neftin hansi qiymətdə olmasından asılı olmayaraq Neft Fondundan büdcə gəlirlərinin 50 faizindən çoxu köçürülür. Bunun nəticəsində də il ərzində büdcə təşkilatlarında çalışanların əmək haqları, pensiyaçıların təqaüdlərini 100 faiz ödəmək olur, həmçinin təqribən 5 milyard manata yaxın vəsait qalır ki, onunla da dövlət qarşısında duran əsas vəzifələri problemsiz icra edə bilər. Bu baxımdan nazir düz deyir. Ancaq məsələ burasındadır ki, axı Neft Fondunun gəlirləri də ildən ilə azalır, yəni tükənməz deyil”.

Yeri gəlmişkən qeyd edək ki, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev neftin qiymətinin gələn il bahalaşacağına ümid etdiyini deyib. Onun sözlərinə görə, 2015-ci ilin büdcə zərfində neftin 1 barreli 90 dollardan götürülüb: “Neftin qiymətinin aşağı enməsi fonunda neftin baza qiymətinin 90 dollar göstərilməsi problemli məsələ deyil.

2015-ci ilin birinci yarasından başlayaraq dünyanın bir çox ölkələrində iqtisadi artım başlayacaq. İqtisadi artım isə neftə olan tələbatı artıracaq. Nəticədə isə neftin qiyməti yüksələcək. Ən pis halda neftin bir barrelinin qiyməti 90 dollardan 10-15 dollar aşağı olsa belə, gəlir və xərclərin yerinə yetirilməsində problemlər olmayacaq. Çünki ehtiyat mənbələr kifayət qədərdir. 2015-ci ilin dövlət büdcəsi dövlətin inkişafının təmin olunmasında yeni dövr olacaq və qarşıya qoyulan yeni hədəflərə nail olacağıq”.

 

 

Əfsun

Tarix
6 Noyabr 2014 [19:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin