Ana səhifə
21 Noyabr 2018

Xarici ölkələrdə işə düzəlmədə fiziki şəxslərin vasitəçiliyi qadağan edildi

Müzəffər Baxışov: «Təzə dəyişiklik digər qanunvericilik aktlarını Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaqdan ibarətdir»

 

Vüqar Bayramov: «Bu dəyişikliyin edilməsi müsbət haldır və insan alveri ilə mübarizənin gücləndirilməsinə gətirib çıxaracaq»

 

 

Prezident İlham Əliyev “Məşğulluq haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanuna edilən dəyişikliyə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır. Dəyişiklikdən öncə isə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq alan hüquqi və fiziki şəxslər məşğul ola bilərdilər.

Hüquqşünas Müzəffər Baxışov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, “Əmək miqrasiyası haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər vətəndaşların xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər: “Belə bir qanun əvvəlcədən var idi. Buna görə də həmin vətəndaşlar lisenziya almalı idilər. Təzə dəyişiklik digər qanunvericilik aktlarını Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaqdan ibarətdir”.

Hüquqşünas qeyd etdi ki, Azərbaycan vətəndaşlarının xaricdə işədüzəltmə fəaliyyəti ilə fiziki şəxslərin məşğul olması özfəaliyyət üçün şərait yaratmış olur: “Lisenziya almış hüquqi şəxslər vətəndaşları xaricdə işə düzəldirlərsə onları nəzarətdə saxlamaq asandır. Beynəlxalq konvensiyaya görə, insan alveri və məcburi əmək cinayət məsuliyyətinə səbəb olan əməllərdir. Fiziki şəxslər tərəfindən bu fəaliyyət həyata keçirilərkən heç bir rəsmiləşdirilmə aparılmır. İnsanlar xaricdə məcburi əməyə cəlb edilə bilərlər. Bu və digər cinayətlərin qarşısını almaq məqsədilə qanunvericilik yalnız hüquqi şəxslərin məşğul olmasını müəyyən edib. Düşünürəm ki, bu, düzgün bir fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olan hüquqi şəxs müvafiq qaydada dövlət qeydiyyatından keçir və buna görə lisenziya alır. Bununla onun fəaliyyətini nəzəratdə saxlamaq mümkün olur. Amma ayrı-ayrı fiziki şəxslər tərəfindən bu fəaliyyətin həyata keçirilməsi onlar üzərində nəzarət mexanizmini çətinləşdirir və onlar da bundan istifadə edirlər».

 

 

İqtisadçı Vüqar Bayramov deyir ki, qanuna edilən bu dəyişikliyin əsas məqsədi insan alverinə qarşı mübarizənin gücləndirilməsidir: “Qanunda edilən dəyişikliklərin izahına ciddi ehtiyac var. Qanun layihəsi parlamentdə müzakirə edilən zaman bəzi millət vəkilləri dəyişikliklərlə bağlı qanun layihəsinin fəlsəfəsini əks etdirməyən izahlar vermişdilər. Beynəlxaq təcrübəyə, o cümlədən Avropa Birliyi ölkələrinə baxsaq, orada məşğulluq məcəlləsində bu tip qaydalar tədqiq olunur. Problem ondan ibarətdir ki, fiziki şəxslər heç bir qeydiyyatdan keçmədən uşaq, qadın, bütövlükdə insan alveri ilə məşğul olurlar. Bunun fiziki şəxslər tərəfindən və qeydiyyat aparılmadan həyata keçirilməsi imkan vermir ki, məhz həmin insan alverinə qarşı mübarizəni sistemli şəkildə həyata keçirmək mümkün olsun. Bu dəyişikliyin mahiyyəti insanların kütləvi şəkildə aldadılaraq iş adı ilə başqa ölkələrə aparılması, əslində ona təklif edilən iş deyil, başqa işlərlə məşğul olmağa məcbur edilməsi hallarının qarşısını almaqdır. Bu dəyişikliyin edilməsi müsbət haldır və insan alveri ilə mübarizənin gücləndirilməsinə gətirib çıxaracaq”.

 

V.Bayramov deyir ki, bu dəyişiklik qohumlarının dəvəti ilə xaricdə işə düzəlmə ilə bağlı heç bir problem yaratmayacaq: “Buna müdaxilə etmək mümkün deyil. Burada ən çox səsləndirilən fikirlərdən biri azərbaycanlıların Rusiyada yaşayan qohumlarının yanına gedib çalışmasıdır. Bu dəyişiklik bununla bağlı narahatçılıq yaratmır. Hər bir şəxs öz qohumunun vasitəsi ilə xaricdə işə dəvət edilə bilər”.

Ekspert deyir ki, qanuni olaraq xaricdə vətəndaşları işə düzəldən fiziki şəxslər hüquqi şəxs olaraq qeydiyyatdan keçib fəaliyyətlərini davam etdirə bilərlər: «Fiziki şəxslərin məsuliyyəti hüquqi şəxslərlə eyni deyil. Elə fiziki şəxslər olur ki, onlar sırf işə düzəltməklə məşğul olurlar, insan alveri və ya başqa qanunsuz işlərlə əlaqəsi yoxdur. Amma monitorinqlər göstərir ki, fiziki şəxslərin böyük əksəriyyətinin fəaliyyətində insanların aldadılması halları olur. Burada problem təkcə insan alveri deyil. Problem vətəndaşın aldadılması, ondan əlavə ödənişlərin tələb edilməsi, işlə təmin olunmaması, xaricdə küçədə qalması kimi hallar var. Onları aparan şəxs hüquqi şəxs olmadığı üçün məsuliyyətləri məhduddur. Ona görə də bu işin hüquqi şəxslərə həvalə edilməsi daha düzgündür. İnsanların xaricdə işlə təmin edilməsini həyata keçirən fiziki şəxslər hüquqi şəxs kimi qeydiyyatdan keçərək, məcəllədəki tələblərə uyğun fəaliyyətlərini davam etdirə bilərlər. Fiziki şəxs olaraq bu işi həyata keçiriblərsə və fəaliyyətlərində hər hansı qanun pozuntusu yoxdursa, hüquqi şəxs olaraq qeydiyyatdan keçsinlər».

 

 

Aygün Asimqızı

Tarix
6 Noyabr 2014 [14:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin