Ana səhifə
21 Noyabr 2018

Əsəbiləşib protokola imza atmayan sürücülərə xəbər; özünüzə ziyandır

Protokolu imzalamaqdan imtina edən sürücü mühüm əhəmiyyət daşıyan başqa bir hüququndan da imtina etmiş olur

 

Bəzən sürücülər (və ya piyadalar, sərnişinlər) DYP əməkdaşı tərəfindən məsuliyyətə cəlb olunmaya etiraz olaraq barələrində yazılmış protokolu imzalamaqdan imtina edirlər. Həmin şəxslər düşünürlər ki, belə etməklə öz vəziyyətlərini yaxşılaşdırırlar və imza atmaqdan imtina etməklə təqsirsiz olduqlarını əsaslandırmış olurlar. Bəs əslində bu məsələ necə həll olunmalıdır? Protokola imza atmamaq sürücünün vəziyyətini hər hansı şəkildə yaxşılaşdırırmı?

Bəri başdan qeyd edim ki, DYP əməkdaşının tərtib etdiyi protokolu imzalamaqdan imtina edilməsinin həmin protokolun hüquqi qüvvəsi üçün heç bir əhəmiyyəti yoxdur. Səbəblərini izah edək.

 

İnzibati Xətalar Məcəlləsinin 410.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs (yəni DYP əməkdaşı), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs (yəni sürücü, piyada, sərnişin və s.) tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs (yəni sürücü, piyada, sərnişin və s.) protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ var. Onun bu izahatları və mülahizələri protokola əlavə olunur.

Bu normadan aydın olur ki, protokolu imzalamaq sürücünün (və ya piyadanın, sərnişinin) vəzifəsi yox, hüququdur. O, protokolu imzalamağa borclu deyildir. Heç kəs onu bu sənədi imzalamağa məcbur edə bilməz.

Amma elə həmin normadan aydın olur ki, sürücünün onun barəsində tərtib olunmuş protokola imza atmamasının xüsusi bir əhəmiyyəti də yoxdur. Sadəcə olaraq sürücü imza atmaqdan imtina etdikdə protokolu tərtib edən DYP əməkdaşı sürücünün həmin protokolu imzalamaqdan imtina etməsi barədə qeyd edir. Protokolda sürücünün imzasının, yaxud da belə qeydin olması onun hüquqi qüvvəsinə və sübut əhəmiyyətinə hər hansı təsir etmir.

Protokolu imzalamaqdan imtina edən sürücü əksər hallarda çox mühüm əhəmiyyət daşıyan başqa bir hüququndan da istifadə etməkdən faktiki olaraq imtina etmiş olur. Söhbət İnzibati Xətalar Məcəlləsinin 410.1.7-ci və 410.4-cü maddələrində nəzərdə tutulmuş protokola öz izahat və mülahizələrini əlavə etmək hüququndan gedir.

Təcrübədən məlumdur ki, protokolu imzalamaqdan imtina edən sürücü, ümumiyyətlə, protokolla tanış olmaqdan da imtina edir. Bununla da o, təqsirləndirildiyi inzibati xəta (qayda pozuntusu) barəsində izahatlarını vermək, yəni bu işə dair öz mövqeyini bildirmək hüququndan da imtina edir. Bu hüquqdan imtina isə yanlış yanaşmadır. Birincisi, ona görə yanlışdır ki, sürücü izahatını protokola yazmaqla həmin qayda pozuntusuna dair və ümumiyyətlə məsələnin mahiyyəti ilə əlaqədar öz mövqeyini ifadə edə bilər. Gələcəkdə həmin protokola DYP orqanında baxılarkən və ya həmin protokolla bağlı şikayət məhkəmədə araşdırılarkən bu izahatın mühüm əhəmiyyəti ola bilər. İkincisi, protokolla tanış olaraq onu imzalamaqdan, hətta protokolun ona çatacaq surətini almaqdan imtina edən sürücü bu sənəddə nəyin və necə yazıldığından xəbərsiz qalmış olur. Nəticədə həmin sənədi tərtib edərək tamamlamaq, ora həmin vaxt və ya sonradan hər hansı məlumat əlavə etmək tam olaraq DYP əməkdaşının ixtiyarında qalır.

Protokolla tanış olaraq onu imzalamaqdan və protokolun ona çatacaq surətini almaqdan imtina edən sürücü özü üçün başqa bir problem də yaradır. İnzibati Xətalar Məcəlləsinə 2 may 2014-cü il tarixdə edilmiş prinsipial dəyişikliklər başqa qayda nəzərdə tutsa da, hazırkı təcrübəyə əsasən, sürücü qayda pozuntusu ilə razılaşmadıqda tərtib olunmuş protokola DYP orqanında baxılır və bu zaman ənənəyə uyğun olaraq sürücü də çağırılır. Amma sürücünün həmin protokola baxılmasının yeri və vaxtı barədə məlumatlandırılması məhz tərtib olunmuş protokolda göstərilir. Protokolun surətini almayan sürücü bu barədə məlumatsız olduğundan həmin protokola onun iştirakı olmadan baxılması mümkündür. Nəticədə protokolun surətini almaqdan imtina edən sürücünün xəbəri olmadan onun etiraz etdiyi məsələyə baxılaraq qərar çıxarıla bilər. Bundan sonra həmin sürücü bu qərarın surətini alaraq yalnız yuxarı orqana və ya məhkəməyə şikayət edə bilər.

Beləliklə, sürücülər protokola imza atmaqdan imtina etməklə əslində potensial olaraq özləri üçün problem yaratmış olurlar. Amma həmin protokola öz izahatlarını, o cümlədən qayda pozuntusunun mahiyyəti və şəraiti barədə öz mülahizələrini yazaraq onu imzaladıqda ən azından gələcəkdə protokola baxılarkən nəzərə alına biləcək mövqe ifadə etmiş olurlar. Ona görə də sürücülərə tövsiyə edirəm ki, barələrində tərtib olunan protokolla istənilən halda tanış olsunlar. Əgər etiraz və iradları olarsa, yaxud məsələnin mahiyyəti və ya protokolun özü barədə fikirləri olarsa, bunu öz izahatları kimi protokola daxil etsinlər və onu imzalayaraq bir surətini özlərində saxlasınlar.

Xatırladıram ki, İnzibati Xətalar Məcəlləsinin 410.4-cü maddəsi hətta sürücüyə hüquq verir ki, izahatının böyük olacağı təqdirdə onu ayrıca kağıza yazaraq protokola əlavə etsin. DYP əməkdaşı belə izahatın da yazılmasına şərait yaratmalı və onu protokola əlavə etməlidir.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

Tarix
6 Noyabr 2014 [12:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin